BAYRAQDAR MEDİA -Türkiyə Cumhurbaşkanı Başdanışmanı Yalçın Topçu Kosova Demokratik Türk Partiyasının (KDTP) sədr müavini və Mamuşa bələdiyyə başqanı Abdülhadi Krasniç, həmçinin Kosova Demokratik Türk Partiyasının baş katibi Varol Bekteşi ofisində qəbul edib.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, görüşdə Y.Topçu “Millətimizin evinə, yəni Türkiyədəki evinizə xoş gəlmisiniz. Türkiyə, onun dövləti və milləti Kosovadakı türklərin, albanların və goranların əbədi olaraq birlik, sülh və firavanlıq içində yaşamasına tərəfdardır. Türkiyə, həmçinin indiyə qədər olduğu kimi bundan sonra Kosova xalqının və sizin yanında olmağa davam edəcək” deyib.
Abdülhadi Krasniç isə bildirib: “KDTP olaraq Türkiyədən və Cumhurbaşqanı Recep Tayyip Erdoğandan istəyimiz odur ki, bizə ikili vətəndaşlıq verərək Kosova türklərinin təhlükəsizliyinə Türkiyə tərəfindən zəmanət verilsin”.
Kosova Demokratik Türk Partiyasının baş katibi Varol Bekteş isə çıxışında Ankaraya Ədalət və İnkişaf Partiyasının (AK Partiya) qurultayına qonaq kimi gəldiklərini bildirib. O, “KDTP olaraq Cumhurbaşqanımız Recep Tayyip Erdoğana müraciətimiz Kosovadan Türkiyəyə gələn türk əsilli xəstələrdən alınan rüsumun ləğv edilməsidir” deyib.