Press "Enter" to skip to content

Təcrübəli kəşfiyyatçı 2-ci Qarabağ Savaşı haqqında danışır

Rey KƏRİMOĞLU
Şəbnəm TOFİQQIZI
Şəbnəm TOFİQQIZI

BAYRAQDAR MEDİA-nın media tərəfdaşı olaraq dəstəklədiyi “Qarabağ həqiqətləri işğaldan Zəfərə qədər” adlı layihə çərçivəsində yazılarımız davam edir. Layihənin rəhbəri, yazıçı-araşdırmaçı-ssenarist Şəbnəm Tofiqqızının növbəti həmsöhbəti Qarabağ qazisi, kəşfiyyatçı, jurnalist Rey Kərimoğludur.

…İstər birinci, istərsə də ikinci Qarabağ müharibəsi müstəqil və müasir Azərbaycan tarixinin böyük bir hissəsini əhatə edir. Hər dəfə qazilərimizlə, döyüş iştirakçıları ilə söhbət edəndə bu tarix gözümüz önündə canlanır. Bu gün hadisə şahidlərinin dilindən eşitdiyimiz tarixi sabah kitablarda oxuyacağıq. Qarabağ müharibəsinin tarixi həqiqətləri barədə nə qədər yazsaq bu tarixi o qədər dərindən bilmiş olacağıq…

Rey Kərimoğlu 1988-ci ildən – Qarabağ savaşı başladığı dönəmdən hadisələrin həm iştirakçısı, həm də şahidi olduğu üçün onunla söhbətimizə birinci Qarabağ savaşından başladıq.

“Öncə bir məsələni qeyd etmək istəyirəm ki, biz bütün tarix boyu Qarabağ məsələsini diqqət mərkəzində tutmalıyıq. Bütün yazılarımızda, çıxışlarımızda deməliyik ki, Qarabağ problemi necə başlayıb. Bu problemin əsasında Ermənistanın, erməni havadarlarının, erməni diasporunun Azərbaycan torpaqları hesabına Ermənistan ərazisini böyütmək məqsədi dayanır. Ermənilər Azərbaycan torpaqları hesabına yox yerdən bir Ermənistan dövlətini yaratdılar, sonradan isə sovet dövründə yenə də bizim torpaqlar hesabına öz ərazilərini genişləndirdilər. Qarabağ problemi də onların iştahasından yaranan bir problem oldu. 1988-ci ildə Qarabağ münaqişəsi başlayanda Azərbaycan bu proseslərə hazır deyildi. Ermənistan isə hazır idi. Onlar “Krunk” təşkilatı, həmçinin xaricdə yaşayan erməni diasporunun köməyi ilə bu münaqişəyə proqramlı şəkildə hazırlaşaraq öz silahlı dəstələrini yaratdılar. O vaxtlar Azərbaycanlıların əli silahsız idi, bu münaqişənin həllinə həm silahlı, həm də siyasi baxımdan hazır deyildik. Ona görə də ermənilər üstünlük əldə edib SSRİ rəhbərliyinin də köməyi ilə bu prosesi davam edirdilər”, – deyə Rey Kərimoğlu sözünə başlayır.

O vaxt xalq özünü belə müdafiə edirdi…

Qarabağ qazisi daha sonra deyir: “1991-ci ildə ovaxtkı adıyla Dağlıq Qarabağda və ətraf kəndlərdə Azərbaycan əhalisinin yerli milis dəstələri (Ağdamda Qatır Məmməd, Qubadlıda Əlyar Əliyevin rəhbərliyi ilə, Qaranquş dəstəsi və s.) yaradıldı. 1991-ci ilin sentyabrında Rusiya öz silahlarını ermənilərə verərək onlara əlavə dəstək oldu və ermənilər ordu quruculuğunu tamamladılar“.

“Elə həmin ildə kəndlərin müdafiəsi üçün bizdə də ordu quruculuğu prosesi başladı. Azərbaycanın ilk batalyonlarından birini Azərbaycanın Milli qəhrəmanı Şirin Mirzəyev Ağdam ərazisində yaratdı. Paralel olaraq Şuşada, Laçında, Qubadlıda, Zəngilanda və başqa yerlərdə batalyonlar təşkil edildi. Bu batalyonlar torpaqlarımızın müdafiəsi uğrunda gücləri çatdığı qədər mübarizə apardılar. Amma həmin dövrdə müstəqilliyə yeni qədəm qoyub hazırlıqsız yaxalandığımız üçün ölkədə xaotik vəziyyət yaranmışdı. Hakimiyyətdə ciddi boşluqlar yarandığını görən düşmən torpaqlarımızın böyük bir hissəsini işğal etdi. Nəticə isə çox ağır oldu. Torpaq itkisi ilə bərabər həmin illərdə bizim 15 minə yaxın əsgər və döyüşçümüz şəhid oldu, 4 minə yaxın itkinimiz oldu. Bütün bunlar ermənilərə Rusiyanın ciddi dəstəyi nəticəsində baş verdi. Hətta belə bir fakt da var ki, Rusiyaya aid əsgərlər Ağdərə istiqamətində bizim əsgərlərə əsir düşmüşdülər. Bu o deməkdir ki, Rusiya Ermənistana bütün varlığı ilə kömək edib.“ Rey Kərimoğlu o illəri xatırlayaraq belə deyir.

Xilaskar – Ulu Öndər Heydər Əliyev

Təcrübəli kəşfiyyatçı sözünə davam edərək deyir: “Bir tərəfdən Ermənistanın hücumları, bir tərəfdən də daxili özbaşınalıqlar, hərc-mərclik 1993-cü ildə zirvəyə yüksəldi. Həmin il iyunun 4-də Rusiyanın adamı, polkovnik Surət Hüseynovun başçılığı ilə hərbi qiyam baş verdi və Prezident Əbülfəz Elçibəy hakimiyyətdən getməli oldu. İşin yaxşı tərəfi odur ki, Əbülfəz Elçibəy hakimiyyətdən getməzdən öncə o vaxt Naxçıvanda olan təcrübəli siyasət adamı Heydər Əliyevi Bakıya dəvət etdi. Sonrakı mərhələdə Heydər Əliyev əvvəlcə Ali Sovetin (ovaxtkı parlament) sədri, ardından da ölkənin Prezidenti seçildi. O, hakimiyyətə gələn kimi xalqa müraciət etdi. Ardından da yeni batalyonlar yaradıldı. Xalqda ruh yüksəkliyi yarandı və Füzulinin 23 kəndi düşməndən azad olundu. Murov dağı istiqamətində də uğurla başlasa da sonu məğlubiyyətlə bitən bir əməliyyat oldu. Tərtərin, Ağdamın müdafiəsi uğrunda qanlı döyüşlər getdi. İndiyə qədər bu barədə adətən üstüörtülü yazılıb. Qeyd edim ki, Tərtərin müdafiəsi uğrunda Ağdərədən qoşunlar çağırılanda Ağdamın 43 kəndi uğrunda da qanlı döyüşlər gedirdi. Düz 1994-cü ilin may ayına qədər döyüşlər davam etdi və müvəqqəti atəşkəs elan olundu”.

Haşiyə: Qeyd edək ki, söhbət 1994-cü ilin mayında qardaş Qırğızıstanın paytaxtı Bişkekdə imzalanan atəşkəs protokolundan gedir. Azərbaycan Ermənistan və Rusiyanın ortaq hərbi gücü qarşısında zəif durumda olduğu üçün bu protokolu imzalamalı olmuşdu. Əks təqdirdə müharibə davam edəcək və Ermənistan daha da irəliləyə biləcəkdi. Azərbaycana isə nəfəs dərmək, toparlanmaq, özünə gəlmək üçün vaxt lazım idi. O dövrdə özəlliklə də siyasi müxalifət bu protokolun imzalanmasını xəyanət kimi dəyərləndirirdi. Lakin zaman göstərdi ki, Ulu Öndər Heydər Əliyev daha uzaqgörən siyasi liderdir və Azərbaycanın illər sonra məhz öz gücünə torpaqlarını azad etməsi bunu təsdiqlədi.

Rey Kərimoğlu deyir ki, “1994-cü ilin atəşkəs protokolundan sonra Heydər Əliyevin rəhbərliyi ilə yeni ordu quruculuğu başladı, nizami birliklər yaradıldı, Azərbaycan Ordusunun modernləşməsi və bütün sahələr üzrə qoşun növlərinin yaradılması mümkün oldu. 2003-cü ildə İlham Əliyev Prezident seçildi. Az sonra isə Heydər Əliyev dünyasını dəyişdi. Bu çətin mərhələdə İlham Əliyev planlı və yüksək şəkildə ordu quruculuğunu davam etdirdi. Azərbaycan Ordusunun bütün strukturları nizamlandı, yeniləndi. Sonrakı illərdə də bütün qoşun növləri, bütövlükdə Azərbaycan silahlı qüvvələri yeni bir mərhələyə keçdi, güclü bir ordu yaradıldı. Ordu daxilində xüsusi təyinatlıların yaradılmasını da ayrıca qeyd etmək istərdim. Hər istiqamət üzrə ayrı hərbi hissələrin qurulması isə işin keyfiyyətini daha da artırdı.. 2016-cı ilin məşhur Aprel döyüşlərindən sonra ordu quruculuğu yeni bir şövqlə davam etdirildi və ordumuz ən müasir silahlarla təmin olundu”.

44 günlük savaş başladı, biz qalib gəldik…

“Bilirsiniz, 2020-ci ilin 27 sentyabrında Ermənistan Ordusu yenidən hücuma keçdi və Azərbaycan Ordusu da buna cavab verməli oldu. Həmin gün həm də onunla əlamətdar oldu ki, işğalçı Ermənistanın silahlı və qanlı təxribatlarından cana doymuş Azərbaycan öz torpaqlarını azad etmə hərəkatını başlatdı. Sonrası da bütün dünyaya bəllidir. Ali Baş Komandan İlham Əliyevin başçılığı altında rəşadətli Azərbaycan Ordusu hər gün bir neçə yaşayış məntəqəsini işğaldan azad edərək inamla irəliləməyə başladı. Bu, həm də xalqın dəstəyi və istəyi ilə baş verirdi”, deyir Rey Kərimoğlu.

Təcrübəli döyüşçü olan Rey Kərimoğlu da 2-ci Qarabağ müharibəsinə öz töhfəsini verməkdən geri qalmayıb: “1-ci Qarabağ döyüşləri zamanı mən Şirin Mirzəyevin batalyonunda olmuşam. 2020-ci ilin 44 günlük müharibəsində isə bir qrup döyüşçü ilə Müdafiə Nazirliyinin xətti ilə hərbi hissələrdə əsgərlərə döyüş hazırlığı və psixoloji dəstək vermək üçün ön cəbhədə idik. Biz bacarığımızı, təcrübəmizi onlara aşılayırdıq. 44 günlük savaşda xalq və ordu birliyi həm mənəvi, həm də psixoloji baxımdan öz gücü ilə düşməni yendi. O savaşda ən gözəl nüanslardan başlıcası bu idi ki, 1990-cı illərdə ölkədə siyasi sabitlik, yetərli səviyyədə ordu quruculuğu olmadığı halda, 2-ci Qarabağ savaşında tam əksinə idi. İndi Ali Baş Komandanın siyasəti nəticəsində bütün xalq bir oldu, elə buna görə də bizim bir çox düşmənimiz neytrallaşdı, hər tərəfə nəzarət gücləndirildi. Bu zaman bütün xalq ordunun yanında oldu, vahid komandanlıq çəkici – dəmir yumruğu bir hədəfə vurdu və böyük qələbə mümkün oldu”.

“Birinci və ikinci Qarabağ müharibələri arasında müqayisə aparsaq, bütün anlamlarda ciddi fərq göz önündədir. Xalqın döyüş ruhu, döyüş əzəməti, döyüş istəyi əvvəl də vardı. Amma digər məsələlər – ordunun maddi-texniki təminatı, strukturu, komplektləşdirilməsi müqayisə olunmaz dərəcədə yüksəlmişdi ötən illər ərzində”, deyir Rey Kərimoğlu.

Bu söhbətimiz həqiqətən tarixi bir söhbət oldu. Birinci və ikinci Qarabağ müharibəsinin canlı şahidi və iştirakçısı ilə danışdıq. Çox maraqlı və önəmli faktları xatırlatdı Rey Kərimoğlu. Biz də yazdıq. Bəli, Qarabağ həqiqətlərini yazaq, dünyaya təkrar-təkrar çatdıraq…

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.