BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) növbəti könüllülük proqramına başlanılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə qeyd edilir ki, “könüllülərlə görüşdə çıxış edən MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov Azərbaycanda könüllülük fəaliyyətinin geniş şəkildə dəstəkləndiyini və dövlət tərəfindən bu sahəyə xüsusi önəm verildiyini vurğulayıb. Direktor əvvəlki könüllülük proqramının kitabxana işinə olan marağı artırdığını bildirərək bu dəfə müraciətlərin sayında əhəmiyyətli artım müşahidə olunduğunu vurğulayıb. H.Hüseynovun sözlərinə görə, 300-dən çox müraciət arasından aparılan seçim nəticəsində 20 gənc könüllü kimi fəaliyyətə başlamaq imkanı əldə edib. Direktor könüllülərin üç ay müddətində kitabxananın fəaliyyətinə töhfə verəcəyinə inandığını bildirərək onlara uğurlar arzulayıb”.
Daha sonra xəbərdə, “MEK-də könüllülərə məsul şəxs, elmi katib Şəbnəm Rüstəmova da çıxış edərək könüllülərin kitabxana işinə yaxından kömək edəcəklərini və bu sahədə bilik, təcrübə qazanacaqlarını vurğulayıb. O, könüllülük proqramı çərçivəsində gənclərin kitabxana idarəçiliyi, informasiya texnologiyaları və elmi tədqiqat sahəsində praktiki bacarıqlar əldə edərək gələcək karyeralarına dəyərli töhfə verəcəklərini bildirib. Elmi katib qeyd edib ki, fəaliyyətlərinin sonunda kitabxana tərəfindən könüllülərin hər birinə xasiyyətnamə və bir illik oxucu kartı veriləcək” deyə bildirilir.
Tədbirin sonunda könüllülər fəaliyyət müddətində yerinə yetirəcəkləri işlərlə yaxından tanış olublar.
İlk şərhi yaza bilərsiniz