Məcid Cavadi: Biz uzun illərdir deyirik ki, İranda Azərbaycan türklərinə, ümumiyyətlə digər türklərə qarşı da bir mədəni və dil assimilyasiya həyata keçirilir
BAYRAQDAR MEDİA – “Biz uzun illərdir ki, fars-molla rejiminin hansı mahiyyətdə olduğu barədə dünyaya hayqırırıq. Təəssüflər olsun ki, beynəlxalq aləm hələ bu məsələyə tam şəkildə reaksiya vermir. Lakin düşünürəm ki, İran parlamentindəki son biabırçı səsvermədən sonra dünya birliyi nəhayət, İranda qeyri-fars millətlərin hüquqları barədə düşünməyə başlayacaq”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi deyib.
Xatırladaq ki, fevralın 26-da İran parlamentinin plenar iclasında etnik qruplar üçün məktəblərdə ana dili və ədəbiyyatının tədrisi planı 130 əleyhinə, 104 lehinə və 5 bitərəf rəylə təsdiq olunmayıb.
M.Cavadi qeyd edib ki, bu nəticə İranın fars-molla rejiminin bundan sonra da qeyri-fars xalqların hüquqlarına hörmətlə yanaşmayacağı kimi dəyərləndirilməlidir. Onun sözlərinə görə, rejimin fars dilindən başqa dildə danışanlara qəzəbi o qədər əndazəsini aşır ki, hətta Prezident Məsud Pezeşkiana belə türk dilində şeir dediyi üçün xəbərdarlıq edilir: “Bildiyiniz kimi, İran Prezidenti Məsud Pezeşkian 16 fevralda Tehranda keçirilən Təbriz Mədəniyyət həftəsinin bağlanış mərasimində çıxışı zamanı mərhum Şəhriyarın türk dilində şeirini oxuyarkən iradla üzləşib. Tədbir zamanı zalda olan iştirakçılar Məsud Pezeşkianın türk dilində danışmasını istəyiblər. O isə cavab olaraq türk dilində deyib: “İcazə verin, eybi yoxdur, iki misra Şəhriyardan oxuyum, amma burada nazir və vəkilin yanında türk dilində danışmaq olmaz”. Daha sonra o, “Heydər Babaya Salam” şeirindən bu misraları səsləndirib. Ancaq o, şeiri oxuyarkən yanına bir nəfər yaxınlaşaraq tribununa bir qeyd qoyub. Pezeşkian qeydi oxuduqdan sonra gülümsəyərək fars dilində deyib: “Yaxşı, eybi yoxdur, iki misra türkcə şeir oxumaq problem yaratmaz.” Əslində, İran prezidentianın türk dilində bir parça şeir deməsinə qarşı rejim tərəfindən göstərilən reaksiya heç də təəccüblü deyil. Hesab edirəm ki, bu mövcud fars-molla rejiminin mahiyyətini növbəti dəfə açıq şəkildə ortaya qoydu”.
M.Cavadi bildirib ki, indi növbə Batının müvafiq qurumlarının, insan haqları təşkilatlarınındır: “Uzun illərdir Güney Azərbaycan milli azadlıq hərəkatının üzvləri, mühacir güneylilər tərəfindən deyilənlər tam mənada öz təsdiqini tapdı. Biz uzun illərdir deyirik ki, İranda Azərbaycan türklərinə, ümumiyyətlə digər türklərə qarşı da bir mədəni və dil assimilyasiya həyata keçirilir. Fars-molla rejiminin təmsilçiləri türk dilində nəinki danışmağa, nəinki məktəblərdə dərs keçməyə, hətta iki bəndlik şeir deməyə də dözmürlər”.
Müsahibimiz bir maraqlı məqama da toxunub: “Məsud Pezeşkian bu rejimin şinelindən çıxıb. Lakin bu fakt belə fars-molla rejimini öz faşist çahiyyətindən çəkindirə bilmir. Yəni Məsud Pezeşkianın içində öz doğma dilinə, ana dilinə olan bir sevgidən irəli gələrək şeir deməsi rejimi özündən çıxarır. Bütün bunlar isə daha bir reallığı ortaya qoyur. İranda sistem elə qurulub ki, prezidentin kim olmasından, prezidentin nə istəməsindən asılı olmayaraq, fars-molla rejimi nə istəyirsə o tədbiq olunmalıdır. Bu kontekstdə də əzilən xalqların hüquqları deyilən bir anlayış rejimin tərəfindən qətiyyən qəbul edilmir. Qəbul edilmədiyi üçün də hətta ölkənin prezidentinə belə türk dilində iki bəndi şeir dediyinə görə xəbərdarlıq edilir”.
İlk şərhi yaza bilərsiniz