Yaxud Zəngəzura, TURANa, Qızıl Almaya aparan yolumuz qutlu olsun!
BAYRAQDAR MEDİA – Bu gün o gündür! 52 il əvvəl dünyaya gəldiyim gün. Bilmirəm, həmin gün hava qarlı-çovğunlu, yoxsa azacıq günəşli olub? Bir onu bilirəm ki, həmin tarixdə anadan olanların bəxtinə bir üzü gülmək, bir üzü ağlamaq düşüb. Söhbət fevralın 26-da anadan olanlardan gedir.
Bu gün o gündür!
Elə ona görə də bir daha təkrar edirəm – bu gün o gündür! 33 il əvvəl Xocalıda erməni adlı qaniçən, vəhşi, yırtıcı millətin Azərbaycan xalqına qarşı görünməmiş vəhşilik törətdiyi gün! O gün törədilən vəhşiliyin, tökülən günahsız qanın babalı həm də Quzeyli-Güneyli qonşularımızın boynundadır!
Xocalı dedim, doğum tarixi dedim, məsələnin bir tərəfinə də toxunum. 33 il öncə 1992-ci il fevralın 25-də axşamdan başlayaraq başımda bərk ağrılar yarandı. Bu ağrılar fevralın 26-sı bütün günü məni tərk etmədi. Nə hikmətdirsə, ötən ilə qədər hər il fevralın 25-dən 26-na keçən gecə o ağrılar məndə baş qaldırdı. Deyirəm, bəlkə də günahsız, məsum xocalıların ağrısı, fəryadı idi ruhən məni də narahat edən.
Dostlar yaxşı bilirlər ki, Xocalı işğalda olduğu illərdə doğum günümü təmtəraqla qeyd etməmişəm. Ancaq ötən il, özü də fevral ayında azad Xocalıda olmaq xoşbəxtliyi qazandım. QHT rəhbəri kimi Xocalı, Şuşa və Xankəndidə prezident seçkilərini izlədim.
Bu il fevralın 4-də isə Xocalıdan daha bir gözəl xəbər aldıq – azad Xocalıda, Ballıca kəndində ilk körpə dünyaya gəlib.
Mənim taleyimə 1973-cü il fevralın 26-da anadan olmaq düşüb
Həm bu xəbərin sevincini, həm də artıq Xocalıya yerli sakinlərin geri döndüyünü, orada həyatın yenidən qaynadığını nəzərə alaraq bir köşə də yazdım. Həmin köşədə sonda “Mənim taleyimə 1973-cü il fevralın 26-da anadan olmaq düşüb. Dostlar və qohumlar yaxşı bilir ki, Xocalı işğalda olduğu illərdə heç zaman ad günümü xüsusi təmtaraqla keçirməmişəm. Amma Xocalı artıq işğaldan azad edilib, üstəlik Xocalıda artıq ilk körpə dünyaya gəlib. Necə deyərlər, uzun illər axıtdığımız kədər göz yaşlarımız artıq sevinc göz yaşlarımızla əvəzlənir. Elə bu sevinc fonunda da düşünürəm ki, Tanrı qismət etsə, bu dəfə ad günümü azad Xocalıda keçirim…” deyə qeyd də etdim.
Düzdür, yaxın-uzaq dostlar, müvafiq qurumlardakı yoldaşlar mənim bu istəyimə elə bir isti münasibət bildirmədilər, hər hansı reaksiya vermədilər. Amma eybi yox, təsəllim odur ki, Xocalı artıq azaddır və yazıda da qeyd etdiyim kimi, Dədə Qorqud misalı, hələ varıq, olacağıq, qalacağıq, artacağıq!
Dədə Qorquddan söz düşmüşkən, bu doğum günü köşəmdə Ulu Ozanımızın yaşadığı dövrdən bu günə qədər aparılan türklük uğrunda, Turan uğrunda, Qızıl Alma uğrunda savaşdan da qısa da olsa bəhs etmək istəyirəm. Təəssüflər olsun ki, bizdən öncəkilərin nəsibinə yazılanlar bizim də nəsibimizə yazılıb. Sovetlərin son illərində, o cümlədən 1992-ci ilə qədər tuş gəldiyimiz tənə, sağdan-soldan hücum bu gün də başqa bir formada, başqa bir ssenaridə davam edir!
Adam bilmir gülsün, yoxsa ağlasın…
Bu dəfə bizə – türklük sevdalılarına savaş açanlar isə cəmiyyətin elə bir kəsimidir ki, adam bilmir gülsün, yoxsa ağlasın. Niyə belə yazıram? Məsələ budur ki, bu hücumlar məhz məlum təyyarə cinayətindən sonra başlayıb. Sanki hansısa qüvvə “psevdorusçu”lara “cəmiyyətin diqqətini təyyarə cinayətindən uzaqlaşdırmaq üçün “dil fırtınası” yaratmaq” tapşırığı verib. Ən ağlamalı durum odur ki, səmimiyyətinə şübhə etmədiyimiz, dövlətinə, xalqına bağlı bəzi dostlarımız bu günlər özləri də bilmədən soyuq diyarlarda hazırlanan tezisləin reallaşmasına yardım etmiş olurlar. O qardaşlarımızdan, bacılarımızdan bu ad günümə hədiyyə etdiyim köşə yazımdan istifadə edib, bir daha yaxşı-yaxşı düşünməyi xahiş edirəm. İndi bizim özümüzün özümüzlə savaşmağımızın zamanı deyil. Hələ irəlidə gediləcək müqəddəs yolumuz çoxdur. Hələ Zəngəzur davamız, Turan davamız, Qızıl Alma davamız tamamlanmayıb!
TURANın dəmir çarıq geymiş dərvişləriyik!
O ki, qaldı “psevdorusçu”lar və Rusiya naminə az qala Azərbaycan dövlətinə qarşı çıxanlara, onlara Əliheydər Qarayevlərin, Həmid və Ayna Sultanovların aqibətini xatırlatmaq istərdim. Azərbaycanın müstəqilliyini bolşeviklərə qurban verən həmin kəsləri elə bolşevik hakimiyyəti məhv etdi.
Bizə gəlincə, onsuz da əzəldən türklük yolunun, türk dünyasının, TURANın dəmir çarıq geymiş dərvişləriyik! Bu gün də həm bəzi dostların, həm də düşmənlərin yolumuza düzdükləri daş-kəsəklər ucbatından o dəmir çarıq ayağımızı qanatsa belə yolumuzu davam edirik və edəcəyik. Çünki bizlər “Bizim türk dünyasından başqa ailəmiz yoxdur” deyən cənab Prezident İlham Əliyevin, AK Partinin nizamnaməsində dəyişiklik edərək türk dövlətləri ilə əlaqələrdən məsul başqanlıq yaradan sayın Cümhurbaşqanı Recep Tayyip Erdoğanın liderlik qətiyyətindən, həmçinin Türk Dövlətləri Təşkilatının daha da güclənməsi üçün onların yanında olan dəyərli Qasım Jomart-Toqayevin, Şavkat Mirziyoyevin, Sadır Caparovun, Ersin Tatarın mübarizliyindən, Türkmənistandakı qardaşlarımızın mehribanlığından, Viktor Orbanın öz kökünə bağlılıq səmimiyyətindən güc alırıq.
Odur ki, Zəngəzura, TURANa, Qızıl Almaya aparan yolumuz qutlu olsun!
Necə deyərlər, yolumuzu xoşbəxt sonluqla başa vurana kimi varıq, olacağıq, qalacağıq, artacağıq!
İlk şərhi yaza bilərsiniz