“AzerGold” və Milli Xalça Muzeyi Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirib
BAYRAQDAR MEDİA – “AzerGold” QSC və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya “AzerGold” QSC-dən məlumat verilib.

Bildirilib ki, “Milli Xalça Muzeyində təşkil edilən tədbirdə “AzerGold” QSC və onun törəmə şirkətləri – “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC, eləcə də muzeyin rəhbərliyi və kollektivi iştirak edib”.
Təcavüzkar Ermənistan dövləti Azərbaycan xalqının mədəni irsinə və tarixinə qarşı da terror siyasəti yürüdüb
Məlumata görə, anım mərasimində çıxış edən Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova Xocalı soyqırımının XX əsrin ən qanlı cinayətlərindən biri kimi bəşər tarixinə düşdüyünü, bu faciənin xalqımızın yaddaşında dərin izlər buraxdığını diqqətə çatdırıb: “Təcavüzkar Ermənistan dövlətinin təkcə Azərbaycan xalqına deyil, mədəni irsimizə və tariximizə qarşı terror siyasəti yürütdüyünü xatırladan direktor işğalçılıq siyasəti yürüdən ermənilərin torpaqlarımızla yanaşı, milli mədəniyyət nümunələrimizi, eləcə də Qarabağ xalçalarını mənimsəməyə, özününküləşdirməyə cəhd göstərdiklərini, lakin bütün bu əməllərə Azərbaycan dövləti və xalqı tərəfindən layiqli cavabların verildiyini qeyd edib”.

Tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov isə Prezident İlham Əliyevin liderliyi, qalib Azərbaycan Ordusunun gücü ilə işğaldan azad edilmiş digər şəhər və rayonlar kimi Xocalının da öz həqiqi sahiblərinə qaytarıldığını deyib.
Xocalı sakinləri mərhələli şəkildə öz doğma yurd-yuvalarına qayıdır
İdarə Heyətinin sədri, faciə qurbanlarının qisasının döyüş meydanında qətiyyətlə alındığını, Xocalı canilərinin bu gün ədalət qarşısında cavab verdiklərini bildirib: “Ötən ildən başlayaraq Xocalı sakinlərinin mərhələli şəkildə öz doğma yurd-yuvalarına köç etdiyini diqqətə çatdıran Zakir İbrahimov bununla artıq Xocalı soyqırımının ildönümlərinin xalqımız tərəfindən nikbin ovqatda qeyd edildiyini vurğulayıb. Tədbirdə, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən Xocalıda yaşanan soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində görülmüş işlər xüsusi qeyd edilib. Azərbaycan dövləti tərəfindən həyata keçirilən məqsədyönlü fəaliyyət nəticəsində dünya birliyi tərəfindən Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarların qəbul edildiyi diqqətə çatdırılıb”.
Çıxışlardan sonra Xocalı faciəsinə həsr olunmuş bədii-sənədli film nümayiş olunub. Daha sonra əməkdar rəssam Aydın Rəcəbovun eskizi əsasında Xocalı sakinləri tərəfindən toxunmuş “Ana fəryadı” xalçasına baxış keçirilib
İlk şərhi yaza bilərsiniz