BAYRAQDAR MEDİA – Bu gündən Azərbaycan xalqı milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı ilə əlaqədar çərşənbə axşamlarını qeyd etməyə başlayır. Bu münasibətlə keçirilən mərasimlərdə, o cümlədən tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması isə arzuolunmaz və acı nəticələrə yol aça bilər.
Bu haqda xəbər BAYRADAR MEDİA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “qeyd olunanlarla bağlı FHN əhaliyə müraciət edərək onları Novruz bayramı ilə əlaqədar mərasimlərin təşkili və keçirilməsi zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırıb. Vurğulanıb ki, bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı, tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal üzərindən atılarkən ehtiyatlı olmalı, tonqal tam sönənədək nəzarətdə saxlanılmalı, süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur. Eləcə də pirotexniki vasitələrdən istifadənin qadağan olduğu bildirilib”.
Unutmayın: Qaydalara biganəlik insan həyatına təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!
İlk şərhi yaza bilərsiniz