Qabiliyyət imtahanlarında ifa olunacaq əsərlərin siyahıları hazırlanıb
BAYRAQDAR MEDİA – Musiqi sənəti istiqamətinə aid xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə işçi qrupların iclasları başa çatıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, “2024-cü ilin oktyabr ayından başlanan bu iclaslarda müxtəlif ixtisaslar üzrə qabiliyyət imtahanlarının proqramları müzakirə edilib və bu proqramlar çərçivəsində qabiliyyət imtahanlarında ifa olunacaq əsərlərin siyahıları hazırlanıb. Əsərlərin siyahısı müvafiq sahə üzrə ekspertlər və ali təhsil müəssisələrinin mütəxəssisləri ilə razılaşdırılıb”.
Məlumata görə, bu siyahılar qabiliyyət imtahanlarına hazırlaşan abituriyentlər və tədris aparan müəllimlər üçün kömək məqsədilə hazırlanıb: “Nəzərə almaq lazımdır ki, bu əsərlər tövsiyə xarakteri daşıyır və abituriyentlər ixtisas proqramı əsasında hazırlanan bu siyahılara daxil olan əsərlərin çətinlik səviyyəsinə uyğun başqa əsərlər də seçərək təqdim edə bilərlər. Bu siyahılarda olmayan əsər seçən abituriyentlər qabiliyyet@dim.gov.azelektron poçt ünvanına müraciət etməlidirlər. Abituriyentin proqrama uyğun təqdim etdiyi əsər bu siyahıya əlavə ediləcək. İxtisaslar üzrə imtahanda ifa edilməsi tövsiyə olunan əsərlərin siyahısı ilə bu linkə keçid edərək tanış ola bilərsiniz”.
Xəbərdə deyilir ki, qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçərkən abituriyentlər “ixtisas” fənni üzrə qabiliyyət imtahanında ifa edəcəkləri əsərləri müvafiq siyahılardan seçəcəklər: “Abituriyentlər əsərləri seçdikdən sonra qeydiyyatlarını təsdiqləyə biləcəklər. Bu haqda ətraflı məlumat qeydiyyat günlərində veriləcək. Qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyat buraxılış (V ixtisas qrupu üzrə qəbul) imtahanlarının nəticələri elan olunduqdan sonra aparılacaq. Xatırladaq ki, “ixtisas” imtahanında ifa edilən əsərlərin seçimi ötən illərdə proqram formasına abituriyent tərəfindən yazılaraq imtahan zamanı qiymətləndirmə aparan komissiyaya təqdim edilirdi. Təsdiq edilmiş əsərlərin imtahan zamanı dəyişdirilməsinə yol verilmir. “Musiqi müəllimliyi” ixtisası üzrə proqrama uyğun əsərlərin seçimi əvvəlki illərdə olduğu kimi həyata keçiriləcək”.
İlk şərhi yaza bilərsiniz