BAYRAQDAR MEDİA – Fransa əsarətindəki müstəmləkələrdən Azərbaycana gələn media nümayəndələri Mətbuat Şurasında olublar.
Xəbər BAYRAQDAR MEDİA-ya Mətbuat Şurasından daxil olub.
Bildirilib ki, görüşdə çıxış edən MŞ sədri Rəşad Məcid, “Azərbaycan da beynəlxalq media, o cümlədən Fransa mediası tərəfindən əsassız ittihamlara məruz qalır. Bu cür ədalətsizliyə qarşı mübarizə Azərbaycan media təmsilçiləri ilə Fransa əsarətindəki müstəmləkələrin jurnalistlərini birləşdirən ortaq maraqdır”, deyə qeyd edib. O, sonra rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumat verib.
Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli qonaqlara Azərbaycanda medianın durumu barədə məlumat verib, mövcud istiqamətdəki statistikanı açıqlayıb.
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov “Fransa əsarətindəki müstəmləkələrdən olan media təmsilçilərinin Azərbaycana səfərlərinin kommunikasiya üzrə təcrübə mübadiləsi məqsədi daşıdığını” bildirib və iştirakçıları qonaq jurnalistlərin səfər qrafiki ilə tanış edib.
Müzakirələr zamanı Rəşad Məcid, həmçinin, MŞ İdarə Heyətinin üzvləri Azər Həsrət, Hacıbəy Heydərli və Şuranın icraçı katibi Əvəz Rüstəmov xarici media təmsilçilərinin Şuranın fəaliyyəti, eləcə də Azərbaycan jurnalistikası ilə bağlı suallarını cavablandırıblar.
Xəbərdə deyilir ki, “görüş zamanı müstəmləkəçilik siyasətinin yaratdığı sosial, siyasi və mədəni fəsadlar geniş müzakirə edilib. Xüsusilə, müstəmləkə rejimlərinin medianın inkişafına zərbələr vurduğu və təzyiqlərin davam etdiyi bildirilib. Bu çərçivədə kolonial siyasətin informasiya axınını manipulyasiya etməsi, senzura tətbiqi və yerli mədəniyyətlərin informasiya məkanından sıxışdırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Fransa müstəmləkələri altında fəaliyyət göstərən jurnalistlərin qarşılaşdıqları real çətinliklər ön plana çəkilib”.
Məlumata görə, “həmçinin, tərəflər arasında beynəlxalq mediada yerli xalqların səsinin eşidilməsi, informasiya axınında ədalətli təmsilçilik və dezinformasiyaya qarşı birgə mübarizə yolları ətrafında diskussiyalar gedib, Azərbaycanın media qurumları ilə əməkdaşlıq imkanları dəyərləndirilib. Gələcəkdə birgə layihələrin həyata keçirilməsi, müştərək konfransların, seminarların və təlimlərin təşkilinə maraq ifadə olunub. Eyni zamanda, müstəmləkə təcrübələrinə dair tədqiqatların aparılması barədə planlar irəli sürülüb. Belə təmaslar beynəlxalq media əməkdaşlığının gücləndirilməsi və müstəmləkə siyasətinin informasiya sahəsində yaratdığı maneələrin aradan qaldırılması istiqamətində mühüm addım kimi qiymətləndirilib”.
İlk şərhi yaza bilərsiniz