Şaxtalı günlərdə su xətlərində qəzaların digər günlərə nisbətən daha çox baş vermə halları müşahidə olunur
BAYRAQDAR MEDİA – “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti qış aylarında su təchizatı sistemində yarana biləcək problemlərin aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirir. Mövsümlə əlaqədar intensiv yağıntılar zamanı şəbəkələr vəsitəsilə həm yağış sularının, həm də tullantı sularının maneəsiz şəkildə daşınması üçün kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir. Eyni zamanda, kanalizasiya nasos stansiyaları təftiş olunur, orada mövcud olan digər mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir”.
Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.
Qış aylarında sayğaclar və magistral paylayıcı şəbəkələrdə donvurmalar da müşahidə edilə bilir
Bildirilib ki, “bundan başqa qış aylarında sayğaclar və magistral paylayıcı şəbəkələrdə donvurmalar da müşahidə edilə bilir. Vətəndaşlar tərəfindən primitiv qaydada çəkilmiş su xətlərinin əksəriyyətində izolyasiya məsələləri nəzərə alınmayıb. Tövsiyəmiz odur ki, həmin xətlər ya izolyasiya olunmalı, ya da torpaq altına keçirilməlidir. Örtüksüz olduğuna görə Nəsimi rayonu, Rəsul Rza küçəsindəki evin sayğacını şaxta vurub, nəticədə həm suyun sərfiyyatını ölçən cihaz, həm də su xətti yararsız hala düşüb. Nəzarət Ölçü Cihazları İdarəsinin əməkdaşları Xidmətin Operativ Qərargahı tərəfindən məlumatlandırılıb, Qərargaha isə məlumat fasiləsiz xidmət göstərən “955” Çağrı mərkəzindən daxil olub. Qərargahın mütəxəssisləri Coğrafi İnformasiya Sistemləri vasitəsilə ünvanı müəyyənləşdirəndən sonra sayğacın yenisi ilə əvəz olunması işlərinə başlanılıb. Şaxtalı günlərdə müxtəlif rayonların ərazisində bu kimi hallar qeydə alınıb, müvafiq idarəyə məlumat daxil olan kimi tənzimlənmə prosesinə başlanılıb”.
Səbail Sukanal İdarəsinin əməkdaşları şaxtalı hava ilə bağlı gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər
Məlumatda deyilir ki, şaxtalı günlərdə su xətlərində qəzaların digər günlərə nisbətən daha çox baş vermə halları müşahidə olunur.
Səbail Sukanal İdarəsinin əməkdaşları şaxtalı hava ilə bağlı gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Səbail rayon Su Kanal İdarəsinin rəis müavini Azad Murquzov bildirib ki, “955” Çağrı mərkəzinə və Səbail rayon Sukanal İdarəsinin zəng mərkəzinə donvurma ilə bağlı 92 sayğac partlaması faktı ilə əlaqədar müraciət daxil olub: “Bundan əlavə sayğac xətlərinin giriş və çıxışın üzdə qalan hissələrində 81 ədəd axıntılarla bağlı müraciət daxil olub ki, bu da tərəfimizdən operativ şəkildə aradan qaldırılır”.
Müəyyən sayğaclar var ki, onlar çöl hissədə quraşdırılıb
O əlavə edib ki, müəyyən sayğaclar var ki, onlar çöl hissədə quraşdırılıb: “Mühafizə tədbiri kimi sayğacı ağac yonqarları və yaxud da hər hansı bir yun qalın örtükdən istifadə etməklə qorunmasında vətəndaşların bizə dəstək olmalarını xahiş edərdim”.
Məlumatda daha sonra deyilir: “Həmçinin istehlakçıların diqqətinə çatdırırıq ki, fərdi yaşayış evlərində və fərdi həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısının alınması üçün zəruri və qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Şaxtanın daha çox olduğu gecə saatlarında sayğac içərisində suyun qalmaması üçün sayğacın giriş vintili bağlanmalı, çıxış vintili açıq saxlanılmalı və sayğac qutusunun qapağı bağlı qalmalıdır. Donvurmadan mühafizə tədbirləri kimi sayğacların üzərinin isti materiallardan olan örtük və quru ağac yonqarları ilə əhatə olunması tövsiyə edilir”.
İlk şərhi yaza bilərsiniz