AK Partinın öz Qurultayında aldığı yeni qərar keçilmiş yolu, gəlinmiş sonucu və gələcəyə açılan qapıları ifadə edir
BAYRAQDAR MEDİA – Türkiyənin hakim partiyasının son Qurultayında qəbul etdiyi strateji bir qərar – Türk Dövlətləri ilə Əlaqələr Başqanlığının və türk dövlətləri ilə əlaqələrdən məsul genel başqan yardımçısı postunun yaradılması – sədəfə bənzər bir strukturun içində gizlənmiş incini gün işığına çıxarmaq anlamını verir. Bu təşəbbüs, Türkiyənin təkcə iç deyil, eyni zamanda qlobal siyasi arxitekturasına verdiyi yeni müttəfiqlik ismarıcını da ifadə edir.
Bəs qardaş ölkənin hakim partiyasının bu qərarını şərtləndirən əsas amillər nədir, nə ilə bağlıdır?
İlk sırada, türk dünyasının geosiyasi oyanışı amilini vurğulamaq istərdim. Bu oyanış Türkiyə-türk dünyası, türk dünyası-Türkiyə qarşılıqlı, tamamlayıcı, müsbət təsirləri ilə özünü qabarıq göstərir. Son illər dünya siyasi səhnəsində milli dəyərlərə söykənilən birlik müdafiəsi güclənib. Türkiyənin bu kontekstdə türk dünyası ilə iqtisadi, mədəni və siyasi bağlarını gücləndirməsi təbii bir prosesin təzahürü, təcallasıdır. İkincisi, strateji vəhdətin zərurətini vurğulamaqda yarar vardır.
Türk Dövlətləri Təşkilatının (TDT) qürurverici təşəbbüsləri, şübhəsiz ki, koordinasiyanı və sistemli yanaşmanı zəruri qılır. Mütəxəssislər sırasında ixtisaslaşmış siyasi xadimin bu postda təmsil olunması təşkilatın effektivliyini daha da artıra bilər. Yəni TDT ölkələri ortaq türk qurumları üçün mütəxəssisləri yalnız dövlət qurumlarında deyil, ictimai-siyasi təşkilatlarda da aramalıdır; belə bir arayışın müsbət sonuclanması üçün əlbəttə, yetişdirmə mühitləri olmalıdır. AK Parti, MHP, CHP, BBP, İYİ, TDAV, Türk Ocaqları, Ülkü Ocaqları, TDGİB, Avrasiya YB, EkoAvrasiya və b. önəmli qurum-quruluşlar türk dünyasına necə bir könül verdiklərini yetişdirdikləri kadlar və uğur qazanmış layihələri ilə nümayiş etdirə bilər. Elə deyilmi? AK Partinın uzunmüddətli, səmərəli iqtidarı, MHP ilə Cümhur İttifaqları, heç şübhəsiz, gəlinmiş sonucları, mövcud durumu və perspektivi aydın göstərir. Bu fonda, AK Partinın öz Qurultayında aldığı yeni qərar keçilmiş yolu, gəlinmiş sonucu və gələcəyə aşıkan qapıları ifadə edir.
Üçüncüsü, XXI yüzildə şəkillənən (daha təzə şəkillər alacaq) yeni bölgəsəl konfiqurasiyaya vurğu etməliyik. Dünya geosiyasətində dəngələr dəyişir. Avrasiya məkanında yeni ittifaqların formalaşması, Türkiyənin bu bölgədə artan təsiri ilə uzlaşır (uzlaşmayanlar üzərində də iş getməlidir). AK Partidə türk dünyası ilə bağları daha da gücləndirməyə xidmət edəcək Genel başqan müavini postunun yaradılması, bu yeni konfiqurasiyanı nəzərə alaraq, təsir dairəsini təşkilatlanmış şəkildə yönəltməyə imkan yarada bilər.
Daha bir məsələ, qlobal güc tarazlıqlarında yeni ağırlıq mərkəzinin yaranması imkanları ilə bağlıdır.
Türk dünyasında birliyin gücləndirilməsi, təbii, bəzi qlobal aktorları rahatsız edəcək, əlbəttə. Lakin bu birlik yalnız şifahi bir ideya deyil, iqtisadi, texnoloji və hətta hərbi təməl üzərində qurulursa, bunun perspektivli bir addım olacağı görünür.
Türkiyənin bu siyasi təşəbbüsü, necə deyərlər, qlobal dövlət modeli axtarışlarının da bir bölümü sayıla bilər. XXI yüzil güclü icra mexanizminə malik dövlət quruculuğunun dönəmidir. Türkiyənin iqtidar partiyasının yeni postla bütün türk dünyasını ortaq hərəkət etməyə sövq etmə niyyəti, öz partiya tarixlərindən və ölkə tarixindən alınan bir dərsdir.
-Dərsin ən yığcam ifadəsi belədir: biz bir yerdə olanda daha güclü oluruq! Güclülərin “ədalətli” olduğu dönəm qapanmalı, ədalətlilərin güclü olduğu dönəm nəhayət, yenidən başlamalıdır!
İlk şərhi yaza bilərsiniz