Press "Enter" to skip to content

“Törənin izində” – bu, bir zaman səyahətidir: keçmişdən günümüzə!

Eltən Törəçi ilə "Törənin izində" millət vəkili Hikmət Babaoğludur

Türk törəsi zamanlar yormuş bəşəri dəyərlər sistemidir!

Elçin ƏKRƏMOĞLU

BAYRAQDAR MEDİA – Axşam saatları idi. Gözüm televizorun ekranında, əlimdə pult, kanallar arasında var-gəl edirəm. Bir şey axtarıram, amma özüm də bilmirəm nə… Hər yerdə eyni mənzərə: seriallar, şoular, xəbərlər… Ruhuma toxunan, mənə nəsə öyrədən, məni valeh edən nəsə axtarıram. Sonra bir görüntü qəfil diqqətimi çəkdi. Bir otaq… Yox, bu, sadəcə, bir otaq deyildi… Bu, qədim bir türk çadırıdır. Divarlar qədim xalçalarla bəzədilib, ortada bir süfrə. Süfrə ətrafında isə bardaş qurub oturmuş iki nəfər. O an başa düşdüm ki, bu, adi bir veriliş deyil. Əlimdəki pultu kənara qoyub ekrana kilidləndim. Ekranda “Törənin izində” yazısı peyda oldu. Və mən o an axtardığımı tapdığımı hiss etdim. Verilişə diqqətlə baxdıqca məni daha çox cəlb edən aparıcı və qonağın bardaş qurub oturmaları oldu. Ətraflarında stullar, müasir divanlar yox idi. Bir-birinin gözlərinin içinə baxıb, sözləri, düşüncələri, fikirləri paylaşırdılar. Bu an ağlıma bir fikir gəldi: bəli, həqiqətən də bardaş quraraq danışmaq, dinləmək qafqazlı olmağın anlamı, türklüyün əlamətidir!

Bu mənzərə mənə rəhmətlik nənəmin evini xatırlatdı. Yay tətillərində kəndə gedərdik. Nənəm gecələr bizə nağıllar danışardı. Biz də eynilə beləcə oturardıq. Dizlərimizi büküb nənəmin danışdığı nağılları sakitcə dinləyərdik. O zaman bunun nə anlama gəldiyini bilmirdim. Amma indi başa düşürəm, anlayıram ki, bu, bir törə idi. Yaşa dolduqca anladım: bardaş qurub oturmaq sadəcə rahatlanmaq deyil. Bu, sanki dünyaya eyni nöqtədən baxmaqdır. Nə qədər fəlsəfi səslənsə də bu belədir. Və belə olanda danışılan sözü-söhbəti qulaqla deyil, ruhla eşidirsən. İzlədiyim “Törənin izində” verilişi də məhz bunu edirdi: qədim bir çadırın içində unutduğumuz törəmizi bizə yenidən yaşadırdı.

Bəs görəsən niyə çadır? Yaradıcı heyəti bu qədim məkana, yəni çadıra dönməyə nə vadar edib? Verilişi izlədikcə anlayırdım ki, çadır sadəcə bir sığınacaq yeri deyil. O həm də düşüncənin doğulduğu, qərarların qəbul edildiyi, bir millətin kimliyinin formalaşdığı yerdir. Əcdadlarımız belə çadıra “toy çadırı” da deyiblər. “Toy çadırı” bizim bu gün anladığımız “toy-düyün çadırı” deyil. O zamanların toy çadırı mühüm qərarların, dövlət əhəmiyyətli hökmlərin çıxarıldığı çadır idi. Elə ilk dövlətlər də çadırlarda qurulmayıbmı?! Qurulacaq dövlətin müzakirələri elə çadırlarda aparılmayıbmı?!

Və indi bu verilişdə sanki zaman geri dönmüşdü. Bu seçimin təsadüfi olmadığı gün kimi aydın idi. Çadır sadəcə bir proqramın dekorasiyası olmaqla bitmir. Bu, “gəlin, qafqazlı olaraq oturaq və qafqazlı kimi düşünək!” mesajıdır.

Verilişin qonaqları da təsadüfi adamlar deyildi. Hər biri öz sahəsində tanınmış alimlər, tarixçilər, professorlar, sənətçilər… Hər biri ulu türk dünyasının keçmişindən, bu günündən və gələcəyindən danışır. Ancaq anlayıram ki, burada əsas olan sadəcə qonaqların bilikli və öz sahəsinin peşəkarı olması deyil. Məncə, burada əsas məqsəd bizi birləşdirən əsil mayanı ortaya çıxarmaqdır. O maya ki, eynən nağılları eşitdiyimizdə, dastanları oxuduğumuzda, qələbələri şadyanalıq etdiyimizdə bizdə dərin bir qürur və fəxr hissi oyadır. Bax, həmin maya mənə bu an o duyğuları yaşadırdı. Köksümdəki o qafqazlı ruhunu riqqətə gətirən isə “Törənin izində” verilişi idi: qədim bir türk çadırının içində söhbətə dalmaq.

Eltən Törəçi ilə "Törənin izində" Şəmistan Əlizamanlıdır
Eltən Törəçi ilə “Törənin izində” Şəmistan Əlizamanlıdır

Aparıcının verdiyi sualları və qonaqların verdikləri cavabları dinlədikcə anlayırsan ki, “Törənin izində” sadəcə bir veriliş deyil, Bu Sənsən, bir az da dərin düşünəndə duyursan ki, bu bizik! Bu çadırda baş verənləri duyğusuz izləmək mümkün deyil. Burada səni özünə çəkən, özünə bağlayan bir tel var. Çünki bu, sadəcə mavi ekran qarşısında izlədiyin bir proqram deyil – bu, sənin dünənini, bu gününü, kimliyini əks etdirən bir aynadır. Bu, sənin adət-ənənən, törən, düşüncən, yaşam biçimin, kökündür. Və mən başa düşürəm ki, bu yolçuluq artıq başlayıb. Sən də sadəcə izləyici deyilsən – sən bu yolun bir yolçusu, bir nəfərisən! Ancaq bir sual məni çox düşündürür: görəsən sən, mən, biz bu yolun harasındayıq?

Veriliş bitdi və özümə bir stəkan çay süzüb otağıma çəkildim. Veriliş məni o qədər təsirləndirmişdi ki, onun təəssüratından çıxa bilmirdim. Gözümə yuxu getmirdi. Öz-özümə qərar verdim ki, necə olur-olsun, “Törənin izində” komandasını axtarıb tapacaq, veriliş haqda daha ətraflı bilgilər əldə edəcəyəm… Bunun üçün də kompyuterin arxasına keçdim. Youtube kanalına daxil olub “ARB” kanalının səhifəsini tapdım. Verilişin adını yazıb axtarış düyməsini basdım. Sən demə türk dünyasının ortaq dəyərləri və tarixi mirası ilə dolu olan bu veriliş bu günədək Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğızıstanda çəkilib. Yaxın zamanda isə Qazaxıstan və Macarıstanda da çəkilişləri planlaşdırılır. Verilişin qonaqlarını gördükcə “Törənin izində”nin məni niyə bu qədər cəlb etdiyini daha gözəl anladım. Verilişin müxtəlif bölümlərində kimlər yox idi? Yeditepe Universiteti Tarix fakültəsinin rəhbəri, Türk Tarix Qurumu Elmi Şurasının üzvü Prof. Ahmet Taşağıl, “Doğada tək başına Dağ evi”, “Doğada çocukla”, “Doğadaki insan” televiziya verilişlərinin müəllif və aparıcısı, habelə “Sarıqamış hərəkatı” sənədli filminin müəllifi Serdar Kılıç, diplomat, Türkiyənin Sloveniya və Hindistandakı keçmiş səfəri, Türk Konseyinin (indiki Türk Dövlətləri Təşkilatı) ilk baş katibi olmuş Halil Akıncı, fəlsəfə elmləri doktoru, Prof. Yaşar Çoruhlu, Türkiyənin tanınmış sənət adamı, Xan Sənət şirkətinin rəhbəri Orhan Kocaoğlu, jurnalist, televiziyaçı, türk tarixi haqqında onlarla sənədli filmin müəllifi Ahmet Yeşiltepe, siyasi elmlər doktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Azərbaycanın tanınmış hərbi diktoru, vətənpərvərlik mahnılarının təkrarsız ifaçısı Şəmistan Əlizamanlı, Türk Dünyası Uluslararası Ararşdırmalar Akademiyasının fəxri professoru, türk dünyasının tanınan şairi Rüstəm Behrudi, filologiya elmləri doktoru, Prof. Füzuli Bayat, 10-larla elmi kitabın müəllifi, jurnalist Araz Qurbanov və başqaları. Anladım ki, bu verilişin məqsədi mədəniyyət, elm, tarix və iqtisadiyyat kimi sahələrdə mövcud olan fərqli baxışları bir araya gətirməkdir. Yaradıcı birliyin çalışdığı türk birliyinin, Turanın önəmini vurğulayaraq həm cismani, həm də duyğusal zənginlikləri təqdim etməkdir. Məncə uşaqlarını türk ruhu ilə böyütmək istəyən valideynlər üçün bu veriliş çox vacibdir.

…Səhərin nə vaxt açıldığını hiss belə etmədim. Saat artıq 8-ə qalırdı. Veriliş haqda məqalə yazmaq üçün səbirsizlənirdim. Odur ki, tez-tələsik çantamı da götürüb bir baş işə yollandım. Yol boyu məni ancaq bir fikir düşündürürdü. “Törənin izində” ilə bu dəyərli yolçuluğa qoşulmaq və türk dünyasının ənginliklərini kəşf etmək. Möhtəşəm!

Əziz oxucum! “Törənin izində” teleməkanımızda yayımlanan bir çox verilişlərdən fərqli olaraq ailəvi izləyə biləcəyiniz dəyərli bir verilişdir. Bu işdə biz izləyicilərin də boynuna böyük yük düşür. İnsanları üz-üzə qoyan dedi-qodu, kimsəni təhqir edib alçaldan, şou xatirinə min hoqqadan çıxan verilişləri bəyənib şərh yazırıq. Sonra da onlar məşhurlaşıb başımıza bəla olurlar. Gəlin, bu cür vətənpərvərlik ruhunu yüksəldən, tariximizi, kimliyimizi araşdıran verilişləri bəyənək, altına fikir və rəylərimizi yazaq, verilişləri dostlarımızla, yaxınlarımızla paylaşaq ki, bizim də bu ağır yükü çiyinlərinə götürmüş “Törənin izində” komandasına bir qafqazlı, bir azərbaycanlı, bir türk olaraq az da olsa faydamız toxunsun. Axı bu gün, ağrılı da olsa deməliyik ki, verilişlərin tanınması Youtube adlanan internet platformasından və digər sosial şəbəkələrdən asılıdır. Əgər bir verilişin baxış sayı azdırsa, ona nə baxan olur, nə də verilişin daha uzunömürlü olması üçün maddi dayaq duracaq sponsor. Odur ki, sizdən bir azərbaycanlı oğlu olaraq bu ricanı etməyi özümə borc bildim. Hamımız özümüzün və övladlarımızın gələcəyi üçün, qurulacaq Turan Birliyi üçün bu qədər əziyyət çəkən bu komandanın yanında olaq. Necə deyərlər, əlimizi daşın altına qoymaqdan çəkinməyək.

Hər kəsə dönə-dönə tövsiyə edirəm ki, “Törənin izində” ilə keçmişdən gələcəyə uzanan bu yolçuluğa qoşulsun və türk ulusunun möhtəşəmliyini duysun, törəmizin məzmun və ideyalarını dərk etsin! Əmin olun, duyduqca, dərk etdikcə insan təsəvvüründə zəngin bir ənginlik formalaşır. Və bu ənginlik insanda xüsusi bir onur, zövqlə duya biləcəyi bir hürriyyət hissi yaradır! Onda fəhm edirsən ki, bəli, türk yurdsuz, dövlətsiz yaşaya bilməz. Ki, keçmiş qurulmuş türk dövlətləri, türk çadırları ilə zəngindir! Günümüzdə bu nidanı çox eşidirik, çox oxuyuruq: “Tanrı türkə yar olsun!” “Törənin izində”ni izlədikcə duyacağın həmin hürriyyət səni əmin edir ki, Tanrı hər zaman türkə yardır!

Alaş!

Bu sözü də ilk dəfə həmin “Törənin izində” verilişində eşitmişdim, elə bu verilişdən də öyrənmişdim ki, “alaş” əski türkcədə “amin” demək imiş!

Əsən qalın, dəyərli OXUCULAR!

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.