Press "Enter" to skip to content

Qırğızıstan da Qarabağ savaşında Azərbaycanın yanında olub

Kayrat Osmonaliyev Azərbaycanda səfir olarkən
Şəbnəm TOFİQQIZI
Şəbnəm TOFİQQIZI

BAYRAQDAR MEDİA – Yazıçı-araşdırmaçı-ssenarist Şəbnəm Tofiqqızı “Qarabağ həqiqətləri işğaldan Zəfərə qədər” layihəsi çərçivəsində bu dəfə qardaş Qırğızıstanın Azərbaycandakı keçmiş səfiri, Əməkdar hüquqşünas, tarix elmləri doktoru, Prof. Kayrat Osmonaliyevin mövqeyini təqdim edir. Sözügedən layihənin media tərəfdaşı BAYRAQDAR MEDİA-dır.

İrəli qaçaraq vurğulayaq ki, 2021-2024-cü illərdə Azərbaycanda ölkəsini təmsil etmiş Kayrat Osmonaliyev daha öncə də həm Qarabağ məsələsi, həm də türk dünyası ilə bağlı çalışmaları ilə gündəmdə olub.

Həmsöhbətimiz sözünə başlarkən qeyd olunan dövrdə Qırğızıstanda siyasi fəallığın yüksək olduğuna da diqqət çəkir: “2020-ci ilin payızı Qırğızıstanda siyasi fəallıqla müşayiət olunmuşdu. Çünki ölkədə parlament seçkiləri keçirilirdi. Nəticədə oktyabrın əvvəlində siyasi hakimiyyət dəyişdi. Həm hökumət başçısı, həm də hökumət yeniləndi. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda başladılmış 2-ci Qarabağ savaşı da məhz həmin il sentyabrın sonunda başlamış, 44 gün davam edərək qələbə ilə başa çatmışdı. Yəni hər iki ölkədə gündəm yetərincə gərgin idi”.

Qarabağ həqiqətləri işğaldan Zəfərə qədər

Qırğızıstanda daxili gündəm çox məşğul idi…

Səfir qeyd edir ki, Qarabağ savaşı günlərində qardaş Qırğızıstanda daxili gündəm Azərbaycanın Qarabağ savaşına bir qədər fərqli yanaşmaya səbəb olub: “Təbiidir ki, həmin dövrdə Qırğızıstanın daxili siyasi gündəmi daha önə çıxaraq xarici gündəmi bir balaca üstələmişdi. Belə bir durumda Qırğızıstan hakimiyyətinin başı özünə qarışmışdı, ölkədən kənarda baş verənlərə elə də diqqət ayırmaq imkanı yox idi. Çünki ölkə içində baş verənlər yetərincə kəskin bir mərhələyə daxil olmuşdu”.

Ölkədəki daxili siyasi gərginliyə baxmayaraq Qırğızıstan ictimai rəyi qardaş Azərbaycanın haqq savaşını da yetərincə diqqətdə saxlamağı bacarıb.

“Bununla belə ictimai rəydə və ekspertlər səviyyəsində qardaş Azərbaycanın azadlıq savaşı, heç şübhəsiz, diqqət mərkəzində idi. Hər şeydən öncə Qırğızıstandakı çoxsaylı Azərbaycan diasporu tarixi vətənə öz dəstəyini açıq ifadə edirdi. Qeyd edim ki, bizim ölkəmizdə 20 minədək Azərbaycanlı yaşayır. Sadə qırğız xalqı da Qarabağ məsələsini yaxşı başa düşürdü və bu savaşda qardaş Azərbaycan xalqına rəğbətlə yanaşırdı”, – deyə Kayrat Osmonaliyev bildirir.

Azərbaycanın Dostları Klubu

Keçmiş səfir onu da xatırladır ki, 2-ci Qarabağ Savaşından öncə – 2019-cu ildə onun da təşəbbüsü ilə qardaş ölkədə Azərbaycanla bağlı maraqlı təşəbbüsə imza atılıb: “Hələ 2019-cu ildə Qırğızıstanda Azərbaycanın Dostları Klubu qurulmuşdu. Əvvəlcə bu Kluba ölkənin keçmiş xarici işlər naziri Askar Çingiz oğlu Aytmatov başçılıq edirdi. Sonra – 2020-ci ildə isə onu bu vəzifədə mən əvəz etdim. Biz azadlıq savaşı ilə bağlı hadisələri yaxından izləyirdik. Azərbaycanın Qırğızıstandakı səfirliyi ilə də çox yaxın münasibətlər qurmuşduq. Dəyirmi masa müzakirələri keçirir, qardaş Azərbaycan xalqına dəstək bəyanatları verirdik. Elə indi də bizim o fəaliyyətlərimiz haqqında xəbərlər internet resurslarında qalmaqdadır”.

Kayrat Osmonaliyev 2019-cu ildə həm də Azərbaycana gəlib, burada Qarabağ münaqişəsi ilə bağlı araşdırmalar aparıb, Azərbaycanın haqq davasını təsbit edən dəlillər toplayıb.

Savaşdan öncə də Azərbaycanı haqq səsinə səs verib

Səfir deyir ki, “yeri gəlmişkən, hələ 2-ci Qarabağ Savaşından öncə – 2019-cu ildə Bakıya səfər imkanım olmuşdu. Bakıdakı ADA Universiteti məni dəvət etmişdi. Burada Qarabağ münaqişəsinin hüquqi və siyasi yönlərini araşdırmışdım. Öz araşdırmamda kimin işğalçı və təcavüzkar olduğunu müəyyən etmişdim. Eyni zamanda zərər çəkən tərəfi də ayrıca təsnifatlandırmışdım. Müstəqil Dövlətlər Birliyi çərçivəsində uzun müddət davam edən bu münaqişə haqqında elmi araşdırma aparmışdım. Sonda da onu əsaslandırmışdım ki, Azərbaycanın təcavüzü dəf edib özünün torpaqlarını işğaldan azad etməyə tam hüququ çatır”.

“İndi o savaşdan keçən müddət artıq 5-ci ilinə daxil olub. Bu zaman kəsimi təkrar təsdiq edir ki, Azərbaycan öz torpaqlarını heç bir kənar qüvvənin təsiri olmadan işğaldan azad edib. BMT-nin 1990-cı illərdə qəbul etdiyi 4 qətnamənin icrasını Azərbaycan öz gücünə həll edib. Aydındır ki, Azərbaycanın bu savaşa qatılması məcburiyyətdən irəli gəlirdi. Yəni bu ədalətli və alternativsiz savaş bütün beynəlxalq norma və tələblərə – hüquqa cavab verirdi.” Bu sözlər də Prof. Kayrat Osmonaliyevə aiddir.

Təcrübəli diplomat, hüquqşünas olan Kayrat Osmonaliyev məsələyə bir də beynəlxalq ictimaiyyətin gözüylə baxmağın tərəfdarıdır: “Dünya ictimaiyyəti də böyük hesabla azadlıq savaşının nəticələrini qəbul etməli oldu”.

Türk dövlətləri Azərbaycanın yanında idi

O, türk dövlətlərinin məsələyə yanaşmasını isə ayrıca vurğulayır: “Türk dünyasının bütün ölkələri bu məsələdə birmənalı şəkildə Azərbaycanın yanında idi”.

“Azərbaycanın qələbəsini mümkün edən əsas amil xalqın və ordunun yüksək vətənpərvərlik ruhu idi. O savaş günlərində həm xalq, həm də ordu yüksək peşəkarlıq və cəsarət nümayiş etdirmişdi. Bu da Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, strateji uzaqgörənliyi sayəsində mümkün olmuşdu”, deyir Prof. Kayrat Osmonaliyev.

Səfir Azərbaycan üçün həyati əhəmiyyət daşıyan bir mərhələdə ölkəmizdə olmasını da özünün şansı hesab edir: “Şansım gətirdi ki, Azərbaycanda Qırğızıstanın səfiri kimi Qarabağ savaşının 2023-cü ilə təsadüf edən yekun mərhələsinə şahidlik edə bildim. Mən Qarabağ savaşının iştirakçılarına ölkədə necə hörmətlə yanaşıldığını da gözümlə görmüşəm. Dövlət və onun başçısı şəhidlərin ruhuna hörmətlə yanaşır, onların ailə üzvlərinə xüsusi diqqət və qayğı göstərir. Belə bir yanaşma isə hörmət və ehtirama səbəb olmaya bilməz”.

Sadır Caparovun uğurlu təyinatı

Əlavə edək ki, Prof. Kayrat Osmonaliyev Azərbaycanda səfir işlədiyi dövrdə özünün yüksək fəallığı ilə seçilirdi. O, ölkənin bütün kəsimlərindən olan şəxslərlə, özəlliklə də media ilə olduqca fəal şəkildə işləyirdi. Uzun müddət Azərbaycanda Qırğızıstan səfirliyinin fəaliyyətsiz qalmasının ardından Kayrat Osmonaliyev kimi fəal bir şəxsin bu vəzifəyə təyin edilməsi ölkə Prezidenti Sadır Caparovun ən uğurlu tapıntılarından biri kimi dəyərləndirilə bilər. Elə indinin özündə də Kayrat Osmonaliyev Azərbaycan ictimai rəyində qalmağa – fəallığa davam edir. O, qardaş Qırğızıstanın Azərbaycanda tanıdılması, ikitərəfli münasibətlərin inkişafına əlavə töhfə verməklə xalqlarımızı daha da yaxınlaşdırır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.