BAYRAQDAR MEDİA – Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 24 turizm sənayesi nümayəndəsi və “Azərbaycan Hava Yolları” (AZAL) QSC ilə birlikdə Hindistanın paytaxtı Nyu-Delhi şəhərində keçirilən “SATTE 2025”də iştirak edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Agentlikdən məlumat verilib.
Bildirilib ki, “50 ölkə, 28 dövlət turizm bürosu və 2000-dən çox iştirakçının qatıldığı sərgidə Azərbaycanın milli mətbəx nümunələri, dağ-xizək mərkəzləri, şərabçılıq turizmi, sağlamlıq turizmi, ekoturizm imkanları, qış turizmi və digər mövcud turizm məhsulları haqqında ətraflı məlumat təqdim olunub. Sərgi ziyarətçiləri üçün stenddə Azərbaycan qastronomiyasını tanıtmaq məqsədilə milli şirniyyatlar, eləcə də Azərbaycan çayı təqdim olunub, ziyarətçilərə ölkəmizin mətbəx ənənələrini daha yaxından tanımaq imkanı yaradılıb. Azərbaycan stendini ölkəmizin Hindistandakı səfiri Elçin Hüseynli ziyarət edib”.
Məlumatda qeyd edilib ki, Güney Asiyanın aparıcı turizm sərgisi “SATTE” Azərbaycan turizminin Hindistan bazarında mövqeyini möhkəmləndirmək, sənaye liderləri ilə əlaqələr yaratmaq və yeni əməkdaşlıq imkanlarını inkişaf etdirmək üçün mühüm platformadır: “2025-ci ilin yanvar ayında Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 17 073 nəfər təşkil edib ki, bu da 2024-cü ilin yanvar ayı ilə müqayisədə 68% artımdır. Ümumilikdə 2024-cü il ərzində Cənubi Asiya regionundan Azərbaycana səfər sayı 335 727 təşkil edib. Bu isə öz növbəsində 2023-cü illə müqayisədə 85%-dən çox artımdır”.
İlk şərhi yaza bilərsiniz