BAYRAQDAR MEDİA Xaçmazdakı Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin üzvü, şair, pedaqoq Gözəl Azayevanın şeirlərini təqdim edir.
Bəsdir əydin dilini sən!
Bəsdir əydin dilini sən!
Qılınc kimi kəsənim var!
Zərrəsinə zərər olsa,
Dözməz olub qartal kimi süzənim var.
Nəğmələrim onda gizli,
Mahnılarım ondan süzür,
Eşidəndə ahənginə
şeirləri düzəsim var.
Ana dilim!
Hər kəlməsi bir incidir.
Doğma dilim!
Dosta yoldaş, sirdaş olub,
Düşmənləri avazıyla incidir.
Əyilməzdir mənim dilim,
Keçilməzdir keçdiyi yol.
Dözüb ağır təzyiqlərə
Dəyanətdə birincidir!
Əvəz etməz bir kəlməsin
Başqa dildə deyilən söz.
Keşiyində məhv etməyə
…dayanıbdır
Milyonlarla dirənən göz.
Onda mənim tarixim var!
Onda mənim keçmişim var,
kimliyim var,
mənliyim var!
Onda mənim gəncliyim var,
dincliyim var.
Ana dilim!
Biz burdayıq!
Edəcəyik onları kül, onları köz!
Doğma dilim!
Biz burdayıq,
Bir az da döz!
Mən həyatı susan zaman öyrəndim…
Mən həyatı susan zaman öyrəndim…
Hələ nələr qazanmadan,
Göz qırpmadan
Damlasından alov süzən
göz yaşımın axmasından,
Dönüb baxsan lal dəryayam,
Dar köksümdə fırtınayam,
Hay-harayam…
Hər susmağım qılınc kimi
ürəyimi
kəsən zaman öyrəndim.
Mən həyatı küsən zaman öyrəndim…
Hər gülüşün arxasından qəm-qüssəmi,
Qəhqəhəmin gizlətdiyi hıçqırtımı
sezən zaman öyrəndim.
Mən həyatdan bezən zaman öyrəndim,
Getmək olmur
gəlmiş yolu.
Kölgə salmır
İstisinə yollarında nəfəs deyə bitirdiyim
nə ağacı, nə də kolu.
Ağacı da, kolları da yollarımı
kəsən zaman öyrəndim.
Xəzan vaxtı yarpaq-yarpaq
əsən zaman öyrəndim.
Mən həyatı necələrlə öyrəndim…
Mən həyatı gecələrdə öyrəndim,
Qovuşmaqçün sabahlara gündüzümü hədər edib
yatan zaman öyrəndim.
Gözlərimin bəbəkləri qürub kimi, qaraları günəş təki
batan zaman öyrəndim.
Demə mənə, nə yaşadın,
nə bilirsən niyəsini,
desəm, yaman öyrəndim…
Mən həyatı nəfəsimi
kəsən zaman öyrəndim…
…yaxınımda uzaq olan birindən
Mən yazıram
yaxınımda uzaq olan birindən,
Yazıram
gizli-gizli xəyalından, eşqindən.
O qədər yaxındır ki, tuturam əllərindən,
Baxıram gözlərinə,
öpürəm nəfəsindən.
Yumuram gözlərimi,
təkcə onu görüm mən,
Təkcə onu eşidim,
təkcə ona deyim mən:
Haradaydın, ay insafsız, mən həyatdan küsməmiş,
Ürəyimi bağlamamış, ümidimi kəsməmiş?!
Gülümsəyib üzümə,
eləcə baxıb durma.
Kömək et, çarəsizəm,
cavab ver sualıma.
Yaxın dur,
uzaqlaşma…
Gör nə deyirəm sənə,
Şeirim olmusan mənim,
Hekayəmsən ən şirin.
Görəndə üzünü də,
Yazmaq keçir könlümdən.
İlham alıram sənin
hər sözündən,
kəlməndən.
Yazıram vərəq-vərəq,
Yaş süzülür gözümdən.
Düzülür səhərədək
Xəbərsizcə özümdən.
Cəsarət et, bəri gəl,
həvəs ver hisslərimə.
Tut qələmli əlimdən,
kitab yazdım sevgimə.
Kimsə duymasın ancaq,
Ülvidir məhəbbətim,
Ülvidir sözlərim də.
Bir az daha yaxınlaş,
ay uzaqda duranım,
Tut titrək əllərimdən,
Çək telimi üzümdən,
Pıçılda qulağıma,
Səbəbsən kitabıma,
Adını da özün de.
Söndürün bu günəşi…
Söndürün
bu günəşi,
Şəfəqləri incidir…
Döndürün
dünyanı da,
Gündüzləri incidir…
Dindirin
bu canımı,
Görən neyçün istəmir
Günəşin hərarətin.
Niyə razı gəlməyir
Qəmzəsiylə təbiətin?!
Yəqin
buz kimi ürəklərdən,
Sopsoyuq diləklərdən
Od yığılıb
canıma…
Dağılıb
ürəyimdən
damarıma, qanıma…
İndi artıq istəmir istisini
günlərin,
Çəkib çoxdan köksünə tüstüsünü
kül olan ümidlərin…
Bacarmır
indi daha od-alovla, Günəşlə,
Haçandır,
o tərk edib oynamağı atəşlə…
Arzulayır soyuğun yağışın, şaxtanın da,
Dondurur qoruduğu yaxşını, saxtanı da.
Bu Günəşi söndürün,
Canım yatmaq istəyir…
Döndürün
zamanı da,
Doğrunu, yamanı da…
Düzləri, yalanı da,
Dərdimə yananı da
Qəlbim atmaq istəyir…
Bu Günəşi söndürün,
Dərdim yatmaq istəyir…
İlk şərhi yaza bilərsiniz