Press "Enter" to skip to content

Alim ana dili ilə bağlı fikirlərini bölüşüb

Faiq Ələkbərli

Faiq Ələkbərli: “Türk dili təkcə layla, ninni dili deyil, qəhrəmanlıq, sevgi və insanlıq dilidir”

BAYRAQDAR MEDİA – 21 Fevral Beynəlxalq Ana Dili Günüdür.

Ana dili ilə bağlı fikirlərini BAYRAQDAR MEDİA-ya bölüşən fəlsəfə üzrə fəlsəfə doktoru, türkoloq, alim Faiq Ələkbərli vurğulayııb ki, hər bir xalq üçün ana dili çox önəmlidir: “Ana dili demək bir millətin varlığı deməkdir. Bir milləti yox etmək üçün ilk növbədə məhz onun dilindən başlayırlar. Bizim dilimiz – Azərbaycan türkcəsi min illər boyu bizim əsas varlığımız, mənəviyyatımız, gücümüz olub. Biz o dil vasitəsilə bu günlərə gəlib çıxmışıq və əbədiyyən də davam edəcəyik. Doğrudur, bu gün 60 milyona yaxın Azərbaycan türklərinin böyük bir hissəsi öz ana dilində məktəbə getməkdən məhrumdur. Ancaq onlar məhz bu dil vasitəsilə özlərini qoruyurlar və inşallah ana dili, türk dili, Azərbaycan türkcəsinin əsasında da öz milli varlıqlarını ifadə edəcəklər. Ona görə də Beynəlxalq Ana Dili Gününü müəyyənləşdirənlər hər hansısa anlamda, ümumiyyətlə, bəlkə heç bizləri nəzərdə tutmayıblar. Çünki onların başqa maraqları var. Ancaq biz bilirik ki, bizim üçün milli dil ana dili nə deməkdir”.

F.Ələkbərlinin sözlərinə görə, türk dövlətlərində ancaq türk dili deyil, Azərbaycan türkcəsi deyil, eyni zamanda, digər milli azlıqların, etnosların dillərinə həmişə sayğı və hörmətlə yanaşılıb: “Buna görə də bu gün istər Azərbaycanın Güneyində, istər Quzeyində olsun hətta 10 nəfərdən ibarət öz ləhcəsində, öz dilində danışanlar var. Bu, bizim böyüklüyümüzdür. Ancaq bizim böyüklüyümüzü heyf ki, bir çoxları dəyərləndirə bilməyiblər. Xüsusən də Sovet Rusiyası bizim dilimizə qarşı böyük bir repressiya etdi. Hazırda İran İslam rejimi Güney Azərbaycanda, Xorasanda, Türkmənsahrada, Qaşqaydakı soydaşlarımızın dilinə qarşı repressiya etməyə davam edirlər. Ancaq heçnə bacarmayacaqlar. Çünki türk dili, Azərbaycan türkcəsi təkcə layla, ninni dili deyil, qəhrəmanlıq, sevgi və insanlıq dilidir. Ona görə də biz dilimizi bütün mənalarda qoruyub, yaşadıb və əbədiyyən bu dil ilə davam edəcəyik. Əlbəttə, hər kəsin dili özü üçün doğmadır. Ancaq bir cəmiyyət o zaman assimilyasiya olunur ki, o, öz dilinə ikinci dil kimi baxır. Mənə elə gəlir ki, artıq 50-60 milyonluq Azərbaycan xalqı öz dillinə məhz əvvəlki dövrlərdə olduğu kimi birinci və vazkeçilməz dil kimi yanaşır. Bu isə o deməkdir ki, bizim birliyimiz, bütövlüyümüz çox yaxındır. Daha da güclü bütöv bir Azərbaycanla biz dünyada öz varlığımızı ortaya qoyacağıq”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.