BAYRAQDAR MEDİA – Azərbaycanda səfərdə olan Pakistanın Hərbi Dəniz Qüvvələri (HDQ) Akademiyası rəisinin müavini kontr-admiral Ehsan Ahmed Xanın rəhbərlik etdiyi nümayəndə heyəti və Akademiyanın “Hərbi Dəniz Qüvvələri Qərargah kursu”nun dinləyiciləri Milli Müdafiə Universitetində (MMU) olublar.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə deyilir ki, “şəhidlər xiyabanını ziyarətlə başlayan səfər çərçivəsində qonaqlar Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların məzarlarını ziyarət edib, gül dəstələri qoyaraq xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdiriblər. MMU-ya gələn qonaqları qarşılayan MMU rektorunun elm üzrə müavini – Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov onları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib”.
Sonra xəbərdə, “Azərbaycan və Pakistan arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin orduların birgə fəaliyyətində geniş əks olunduğunu xüsusi vurğulayan A.Həsənov, səfər müddətində nəzərdə tutulan tədbirlərin iştirakçılar üçün faydalı və maraqlı olacağına ümidvar olduğunu qeyd edib. Nümayəndə heyətinə MMU-nun yaranma tarixi, təhsil sistemi və qarşıda duran məqsəd və vəzifələri haqqında brifinq təqdim olunub. Görüş əsnasında hərbi təhsil sahəsində qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb və qonaqları maraqlandıran suallar cavablandırılıb. Protokola uyğun olaraq, kontr-admiral Ehsan Ahmed Xan “Şərəf kitabı”nı imzalayıb” deyə qeyd olunub.
Xəbərdə həmçinin bildirilir ki, “daha sonra nümayəndə heyəti Azərbaycan Hərb Tarixi Muzeyini ziyarət edib. Burada qonaqlar Azərbaycanın qədim hərb tarixi, döyüş ənənələri və qədim dövrlərin hərbi eksponatları ilə tanış olublar. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında başlanan ordu quruculuğunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışılıb və bunun nəticəsi olaraq Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı Böyük Qələbəyə həsr olunmuş stend və eksponatlar qonaqlara təqdim olunub. Şəhidlərin şərəfinə hazırlanmış stenddə nümayiş etdirilən fotolar, hərbi geyimlər, şəxsi əşyalar, təltif olunduqları medal və ordenlərlə tanış olan Pakistan nümayəndə heyətinin sualları muzeyin əməkdaşları tərəfindən cavablandırılıb”.