BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasına 2025/2026-cı tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Akademiyada “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Təhsil müddəti 4 ildir. Təhsil dövlət sifarişi əsasında əyani şöbədə həyata keçirilir. Tədris Azərbaycan dilində aparılır”.
Sonra xəbərdə, “Akademiyada müasir avadanlıqlarla təchiz edilmiş təlim qurğuları, ixtisaslaşdırılmış auditoriyalar, laboratoriyalar, xüsusi fənn kabinələri kursantların istifadəsindədir. Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar. Akademiyanın məzunları seçdikləri ixtisasa uyğun “bakalavr” ali peşə-ixtisas dərəcəsi, hərbi və ya xüsusi rütbələr verilməklə FHN-in qurumlarında müvafiq vəzifələrə təyin edilirlər” deyə bildirilir.
Xəbərdə eləcə də vurğulanır ki, “Akademiyaya qəbula namizədlər boyu 170 sm-dən az olmayan, tam orta təhsilli və ya tam orta məktəbin buraxılış sinfində oxuyan, 17 yaşı 15 sentyabr 2025-ci ilədək tamam olan, yaxud müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmış və 23 yaşı 15 sentyabr 2025-ci ilədək tamam olmayan Azərbaycan vətəndaşları sırasından seçilir. Qəbul imtahanı test üsulu ilə birinci mərhələdə buraxılış imtahanları fənləri üzrə, ikinci mərhələdə isə I ixtisas qrupunun fənləri üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir. Sənədlər mart ayının 3-dən aprel ayının 15-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək FHN-in Akademiyasında (ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi-8) qəbul edilir”.
Eyni zamanda, Akademiyada “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə əlavə təhsilin “Təkrar ali təhsili” növü üzrə sənəd qəbulu həyata keçiriləcək. Müraciətlər portal.edu.az elektron platforması üzərindən qəbul ediləcək.
İlk şərhi yaza bilərsiniz