Press "Enter" to skip to content

“Əkinçi”dən “Akıncı”ya qədər qət edilən şərəfli yol

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər” mövzusunda dəyirmi masa

Yaxud qardaş ölkələrin mediası da “bir millət – iki dövlət” fəlsəfəsinə uyğun olaraq birgə addımlar atır

BAYRAQDAR MEDİA – Bu, danılmaz bir həqiqətdir ki, Azərbaycanla Türkiyə arasında əməkdaşlıq bütün sahələrdə uğurla davam edir. “Bir millət – iki dövlət” fəlsəfəsinə əsaslanan bu əməkdaşlıqdan media sahəsinə də pay düşüb. Daha dəqiq desək, bu sırada media sahəsində əməkdaşlıq xüsusi önəm kəsb edir. Çünki iki qardaş ölkənin media sahəsindəki əməkdaşlığı həm dövlətlər səviyyəsində əldə edilən uğurların dünyada təbliği, həm də müasir dövrün başlıca bəlalarından biri olan dezinformasiyaya qarşı mübarizədə vahid mövqedən çıxış edilməsi baxımından önəmlidir. Xüsusilə ikinci məqamla bağlı ortaq addımların müsbət nəticəsini biz 2020-ci ildə, 44 günlük Vətən müharibəsində gördük.

Zəfərdən güc alan Anlaşma Memorandumu

Bu müharibədə əldə edilən zəfər isə həm də türk dünyasında, o cümlədən türk dünyasının aparıcı ölkələri olan Azərbaycanla Türkiyə arasında yeni layihələrin və əməkdaşlıqların əsasını qoydu.

Tədbir zamanı
Tədbir zamanı

Məhz bu kontekstdə qeyd edə bilərik ki, müasir dövrdə iki qardaş ölkənin mediası arasında əməkdaşlıq 2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumu ilə tənzimlənir.

Məlumat üçün qeyd edək ki, Türkiyə Cumhurbaşkanlığı İletişim başkanı Fahrettin Altun və Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən bu sənədin imzalanması ilə Türkiyə-Azərbaycan Ortaq Media Platforması yaradılıb.

Bəs, artıq beşinci ilinə qədəm qoyan bu Memorandum tərəflərə hansı imkanlar yaradıb? Qarşıda duran hədəflər nədir?

Məhz bu suallara cavab tapmaq üçün fevralın 19-da Bakıda “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər” mövzusunda dəyirmi masa keçirildi.

Zahid Oruc çıxış edərkən
Zahid Oruc çıxış edərkən

Sosial Tədqiqatlar Mərkəzinin (STM), Türkiyə Cümhurbaşqanlığı İletişim Başqanlığının Bakıdakı Mətbuat Müşavirliyinin və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbiri giriş sözü ilə açan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc dəyirmi masanın mühüm bir məsələyə həsr edildiyini dedi.

Zahir Oruc: Belə bir dövrdə Azərbaycan və Türkiyə mediasının bir araya gəlməsi mühüm hadisədir

İki qardaş ölkə arasında media sahəsində əməkdaşlıqdan bəhs edən videotəqdimatdan sonra çıxışını davam edən Z.Oruc Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələrinə diqqət çəkdi: “Qlobal dəyişikliklər və yeni dünya təhlükəsizliyi arxitekturasının axtarıldığı bir dövrdə Azərbaycan və Türkiyə mediasının bir araya gəlməsi mühüm hadisədir”.

Tədbirdən xatirə
Tədbirdən xatirə

Qeyd edildi ki, qürurlu tarixə malik Azərbaycan-Türkiyə sarsılmaz birliyi mürəkkəb formasiya və quruluşlardan keçərək son 5 ildə yeni zirvələrə yüksəlib: “Bunun başlıca səbəbi isə hər iki ölkənin liderləri arasındakı sarsılmaz qardaşlıq münasibətləridir. Düşünürəm ki, növbəti illər ərzində bu münasibətlər özünün ən yüksək zirvəsinə çatacaq”.

Əhməd İsmayılov: Bu əməkdaşlıq gələcək illərdə yeni layihələr və təşəbbüslərlə daha da zənginləşəcək

Sonra çıxış edən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın güclü siyasi iradəsi nəticəsində iki ölkə arasında daha da möhkəmlənən qardaşlıq münasibətləri və regionumuzun inkişafına ciddi töhfə verən intensiv əlaqələr media sahəsi də daxil olmaqla, bütün sahələrə öz dinamik təsirlərini göstərir.

Əhməd İsmayılov çıxış edərkən
Əhməd İsmayılov çıxış edərkən

Ə.İsmayılov, həmçinin “Bizim ortaq dəyərlərimiz və bir-birini tamamlayan məqsədlərimiz əlaqələrimizi gücləndirməklə yanaşı, cəmiyyətlərimizi informasiya ilə təmin etmək kimi vacib funksiyanı yerinə yetirən yerli medianın fəaliyyətində də canlanma yaradıb, ölkələrimizin media nümayəndələrinin, subyektlərinin, həmçinin sahə ilə əlaqədar aidiyyəti qurumların daha sıx və peşəkar münasibətlərinin qurulmasına böyük təkan verib. Eyni zamanda, Azərbaycan və Türkiyə arasındakı strateji münasibətlərin inkişaf dinamikasına uyğun olaraq istər milli media subyektlərimiz, istərsə də aidiyyəti qurumlar xalqlarımızın mənəvi dəyərlərinin təbliği, dövlət maraqlarımızın müdafiəsi, o cümlədən informasiya mühitimizi dezinformasiyalardan qorumaq məqsədilə medianın etik prinsipləri əsasında daha peşəkar fəaliyyət göstərmək üçün əzmlə çalışır” dedi.

Ə.İsmayılov əmin olduğunu bildirdi ki, Anlaşma Memorandumunun 5 illik yubileyini qeyd edərkən, əməkdaşlıq gələcək illərdə yeni layihələr və təşəbbüslərlə daha da zənginləşəcək.

Fahrettin Altun: Birgə Media Platforması iki ölkənin kommunikasiya və media sahəsində əməkdaşlığı üçün hərtərəfli yol xəritəsidir

Sonra Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir Türkiyə Cumhurbaşkanlığı İletişim başkanı Fahrettin Altunun toplantıya göndərdiyi məktubu oxudu.

Məktubda qeyd edilir ki, iki ölkənin dövlət başçılarının nəzarəti ilə imzalanan Türkiyə ilə Azərbaycan arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu nəticəsində yaradılan Ortaq Media Platforması iki ölkənin kommunikasiya və media sahəsində əməkdaşlığı üçün hərtərəfli yol xəritəsidir.

Tədbir zamanı
Tədbir zamanı

F.Altun məktubunda, həmçinin bildirib: “Ortaq Media Platformasının əvvəlki illərdəki iclaslarında “ictimai diplomatiya”, “beynəlxalq media”, “strateji kommunikasiya”, “təhsil”, “qanunvericilik və tənzimləmə”, “rəqəmsallaşma və beynəlmiləlləşdirmə” komitələrinin yaradılması ilə bağlı qərarlar alındığını xatırladaraq, komitələrin inventar və layihə araşdırmalarının tamamlandığını bildirib. Qısa müddətdə komitələrimizin formalaşması ilə ölkələrimizin qarşılıqlı tanıtımı üçün layihələrimizi həyata keçirəcəyik. Davam edən prosesdə institusionallaşmış birgə ictimai diplomatiya mexanizmimiz işimizin keyfiyyətini artıracaq. Xüsusilə dezinformasiyaya qarşı mübarizədə əlimizi gücləndirəcək. Bu kontekstdə dünya ictimaiyyətinin düzgün məlumatlandırılması böyük əhəmiyyət kəsb edir”.

Prof. Dr. Birol Akgün: Gələcək illərdə ölkələrimizin media subyektləri və nümayəndələri arasında qardaşlıq əlaqələrinin daha da genişlənəcəyinə inanıram

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, Prof. Dr. Birol Akgün dedi ki, Azərbaycanla Türkiyə arasında olan sıx əməkdaşlıqda hər iki ölkənin dövlət başçılarının güclü liderliyi və bənzəri olmayan qardaşlığı mühüm rol oynayır: “Dünyada Azərbaycan və Türkiyə kimi sıx əlaqədə olan başqa dövlətlər yoxdur”.

Səfir Birol Akgün çıxış edərkən
Səfir Birol Akgün çıxış edərkən

“Gələcək illərdə ölkələrimizin media subyektləri və nümayəndələri arasında qardaşlıq əlaqələrinin daha da genişlənəcəyinə inanıram” deyən səfir bildirdi ki, Türkiyə-Azərbaycan birliyi hazırki dünya sisteminin dəyişməsi və yenidən formalaşması prosesi baxımından böyük əhəmiyyət kəsb edir.

Dünya sisteminin köklü şəkildə dəyişdiyini, qlobal sistemdə yeni güc mərkəzlərinin inkişaf etdiyini bildirən B.Akgün, türk dünyasının qeyri-müəyyənlik mühitində birlikdə hərəkət etməli olduğuna diqqət çəkdi.

Səfir Türkiyə ilə Azərbaycan arasında hər sahədə müttəfiqliyin daha da gücləndirilməsi lazım olduğunu da vurğuladı: “Liderlərimiz arasındakı həmrəylik gələcəyə böyük ümid və dünya sülhü üçün böyük potensial vəd edir. Bizim münasibətimiz müstəsna münasibətdir və hesablamalara əsaslanmır”.

Tədbirdə təkliflər də səsləndirilib
Tədbirdə təkliflər də səsləndirilib

Prof. Dr. Birol Akgün 2-ci Qarabağ müharibəsində türk xalqının Azərbaycana və 6 fevral 2023-cü il zəlzələlərində Azərbaycan xalqının Türkiyəyə verdiyi dəstəyi xatırladaraq, “Türkiyə bundan sonra da bütün imkanları ilə azərbaycanlı qardaşlarımızın yanında olacaq. Türkiyə-Azərbaycan birliyini heç bir güc sarsıda bilməyəcək. Qarabağ müharibəsində media həmrəyliyi olmasaydı, dünyayanın bizi bu qədər asanlıqla anlaya bilməsinə nail olmazdıq. Biz haqlı işi güclü şəkildə müdafiə etməyi bacarmalıyıq. Ona görə də medianın həmrəyliyi və medianın xəbərləri düzgün çatdırması son dərəcə vacibdir” dedi.

Mirşahin Ağayev: Türkiyə və Azərbaycan mediasının üzərinə mühüm öhdəlik düşür

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimov təmsil olunduğu QSC ilə TRT arasında əməkdaşlıqdan geniş bəhs etdi.

Rafiq Həşimov çıxış edərkən
Rafiq Həşimov çıxış edərkən

O, birlikdə həyata keçirilən layihələrin önəmini vurğulamaqla yanaşı, reallaşması nəzərdə tutuan işlərdən də danışdı.

REAL Təhlil və İnformasiya Mərkəzinin baş direktoru Mirşahin Ağayev isə “Türkiyə-Azərvaycan media platfomrasının türk dövlətlərindəki rolu və əhəmiyyəti” mövzusunda çıxış etdi.

Mirşahin Ağayev çıxış edərkən
Mirşahin Ağayev çıxış edərkən

Çıxışda Türkiyə-Azərbaycan media platformasının əldə etdiyi uğurlardan geniş bəhs edildi.

Mirşahin Ağayevin “Belə vaxtda Azərbaycan və Türkiyə mediası birgə çalışmalıdır. Türkiyə və Azərbaycan mediasının üzərinə mühüm öhdəlik düşür. 1992-ci ildə biz Türkiyədən iki helikopter ala bilməmişdik. Bu gün eyni “Bayraktar”da uçuruq. Biz “Əkinçi”nin təmsilçiləriyik. Burda eyni zamanda biz “Akıncı”nın təmsilçiləriyik” sözləri isə alqışlarla qarşılandı.

Rəşad Məcid: Batı mediasının dezinformasiyalarına qarşı çevik reaksiya verməliyik

Tədbirdə “Dezinformasiyaya qarşı birgə mübarizənin mövcud durumu, təşkilatlanma və yeni layihələr” mövzusunda çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid dedi ki, Batı mediasının dezinformasiyalarına qarşı çevik reaksiya verməliyik.

Rəşad Məcid çıxış edərkən
Rəşad Məcid çıxış edərkən

O, dezinformasiyaya qarşı mübarizədə Azərbaycan və Türkiyə media mənsublarının əməkdaşlığının rolundan danışdı: “Eyni zamanda, mən Medianın İnkişafı Agentliyinin rolunu da xüsusi qeyd etməliyəm. Bu cür hallarda Agentlik çox çevik, operativ reaksiyalar verir”.

Tolga Özgenç: Ötən beş ildə əldə edilən uğurlarla yanaşı görülməli olan işlər də var

“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı isə “Türkiyə-Azərbaycan media platformasının uğurla tətbiqi və inkişafı üçün görüləcək tədbirlədən bəhs etdi.

Aynur Camalqızı çıxış edərkən
Aynur Camalqızı çıxış edərkən

 

Türkiyənin “Anadolu” Agentliyinin Asiya və Qafqaz bölgəsi üzrə təmsilçisi Tolga Özgenç “ötən beş ildə əldə edilən uğurlarla yanaşı görülməli olan işlər də var” dedi.

Tolga Özgenç çıxış edəkrən
Tolga Özgenç çıxış edəkrən

O, bu cür tədbirlərin davamlı olaraq keçirilməsinin əhəmiyyətini qeyd etdi.

Murat Akkoç: “TRT Avaz” dünyada türklüyün səsinin eşidilməsi üçün mühüm işlər görür

TRT-nin Bakı təmsilçisi Murat Akkoç isə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC ilə TRT arasında ortaq reallaşdırılan layhələrin bütün sahələri əhatə etdiyini dedi. M.Akkoç “TRT Avaz”ın dünyada türklüyün səsinin eşidilməsi üçün görülən işlər barədə də iştirakçıları məlumatlandırdı.

Murat Akkoç çıxış edərkən
Murat Akkoç çıxış edərkən

Tədbirdə həmçinin Milli Məclisin deputatları Sevil Mikayılova və Vüqar Rəhimzadə, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyəti sədrinin müavini Tahirə Allahyarova, o cümlədən bir sıra media rəhbərləri çıxış etdi.

Vüqar Rəhimzadə çıxış edərkən
Vüqar Rəhimzadə çıxış edərkən

Hesabat xarakterli çıxışlarda son 5 ildə media platformasında görülən işlər, iki ölkə arasında media sahəsində həyata keçirilən birgə fəaliyyətin nəticələri dəyərləndirildi.

Cihangir İşbilir: Bizim görülməli çox işimiz, birgə gedilməli olan uzun yolumuz var

Dəyirmi masa panel iclasları ilə davam etdi.

Cihangir İşbilir çıxış edərkən
Cihangir İşbilir çıxış edərkən

Panel iclasında çıxış edən Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir bu vəzifədə fəaliyyətinin 300 gününün arxada qaldığını, bu müddətdə iki qardaş ölkənin əlaqələrinin daha da güclənməsi üçün çalışdığını dedi: “Mən burada fəaliyyətə başladığım ilk gündən azərbaycanlı dostlarımızla məsləhətləşmələr etdim, görüşlər keçirildi, təkliflər eşidildi. Bu tədbir də həmin görüş və təkliflərin nəticəsi olaraq ortaya çıxdı. Lakin dayanmaq fikrində deyilik, əksinə hər başlanan yeni gündə ötən günə nisbətən daha çox uğur qazanmaq üçün çalışmaqda iddialıyıq. Bizim görülməli çox işimiz, birgə gediləməli olan uzun yolumuz var. Elə isə durmaq yox, yola davam deyirik”.

Dəyirmi masanın sonunda xatirə fotosu
Dəyirmi masanın sonunda xatirə fotosu

Daha sonra yeni dövr üçün təkliflər irəli sürüldü.

Mission News Theme by Compete Themes.