BAYRAQDAR MEDİA – Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ilə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanası arasında görüş keçirilib.
Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.
Kitabxananın direktoru Ümidə Teşaboyeva məlumat olaraq bildirib ki, Özbəkistanda 12 min kitabxana var və bunlardan 2 yüzü kütləvi kitabxanadır. Milli Kitabxana mərkəzləşmiş 14 fərqli vilayət kitabxanası ilə sıx əməkdaşlıq edir. O, Milli Kitabxananın Azərbaycan Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlığının iki ölkə xalqları arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə mühüm töhfə verdiyini də qeyd edib. Mərkəzin layihəsi ilə Milli Kitabxanada fəaliyyət göstərən Azərbaycan guşəsi özbək oxucularına qardaş ölkə, onun mədəniyyəti, incəsənəti, tarixi ilə daha da yaxından tanış olmaq imkanı yaradır.
Mərkəzin direktoru Akif Marifli Azərbaycan xalqının qədim zamanlardan yüksək kitabxana işi və kitab oxuma mədəniyyətinə malik olduğunu, qələmə xüsusi ehtiramla yanaşdığını, onu qiymətli sərvət kimi qoruduğunu qeyd edib. O, bu gün də Azərbaycanda əlyazma nümunələrinin toplanması, saxlanması, öyrənilməsi və təbliğinə böyük önəm verildiyini, hər il beynəlxalq kitab sərgilərinin keçirildiyini, burada mütaliə mədəniyyətinin təbliğ olunduğunu, yazıçı və oxucuların görüşləri üçün platformanın yaradıldığını bildirib.
Görüşdə daha sıx əməkdaşlıq, tədbirlərin, təqdimat və layihələrin həyata keçirilməsi, sözügedən kitabxana ilə Azərbaycan kitabxanaları arasında əlaqələrin yaradılması, kitabxana fondunun zənginləşdirilməsi və digər fəaliyyətlərin gələcəkdə həyata keçirilməsi müzakirə edilib.
Sonda Mərkəz tərəfindən Milli Kitabxanaya Azərbaycan mədəniyyəti, dili, tarixi, ədəbiyyatı və s. mövzulara aid 500-dən çox kitab hədiyyə edilib.
İlk şərhi yaza bilərsiniz