BAYRAQDAR MEDİA – Müdafiə nazirinin müavini Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu Dabi şəhərində keçirilən 17-ci IDEX Beynəlxalq Müdafiə Sərgisi və Konfransı ilə 8-ci NAVDEX Dəniz Müdafiəsi Sərgisi və Konfransında iştirak edir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə bildirilir ki, “dünyada müdafiə sənayesi sahəsindəki ən böyük sərgilərdən biri olan, 65 ölkədən 1 min 560 şirkətin öz məhsullarını nümayiş etdirdiyi IDEX sərgisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) də stendlə təmsil olunur. Baş direktor MSN-in tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin, eləcə də digər ölkələrə məxsus şirkətlərin stendlərində nümayiş olunan müasir silah və texnika nümunələri ilə tanış olub”.
Sonra xəbərdə, “sərgi çərçivəsində A.Qurbanov Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün, Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak, Qazaxıstan müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov, İtaliya müdafiə naziri Quido Krosetto, Türkiyə milli müdafiə nazirinin müavini Musa Heybet, eləcə də dünyanın bir neçə aparıcı şirkətlərinin rəhbər heyətləri ilə görüşüb” deyə qeyd edilir.
Keçirilən görüşlər zamanı hərbi, hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, həmçinin maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
İlk şərhi yaza bilərsiniz