BAYRAQDAR MEDİA – “ASAN Könüllüləri” Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) ilə tanış olublar.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə qeyd edilir ki, “könüllülər ilə görüşən MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov gəncləri bu elm məbədində salamlayaraq Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətinin inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu vurğulayıb, həmçinin zəhmətkeş və yüksək intellektə malik gənc nəslin formalaşmasında kitabxanaların əhəmiyyətli rol oynadığını qeyd edib”.
Sonra xəbərdə “MEK Qadınlar Şurasının təşkilatçılığı davam edən görüş zamanı Şuranın sədri, Qarabağ müharibəsi qəhrəmanları fondunun rəhbəri Röksanə Səfərzadə və Şuranın sədr müavini, Biblioqrafiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyevanın müşayiəti ilə könüllülər Sərgi salonunda Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və siyasi fəaliyyətlərini əks etdirən nəşrlərdən ibarət guşələr və ilboyu davam edən digər sərgilərlə tanış olub, nəşrlər haqqında ətraflı məlumat alıblar” deyə qeyd edilir.
Daha sonra “ASAN Könüllüləri” Akademiklər kitabxanası, Nadir kitablar fondu və Akademiklər zalında olublar, həmçinin AMEA-nın 15 təsisçisinin büstlərinə baxıblar.
Ziyarətçilər Qarabağ müharibəsi qəhrəmanları fondunda şəhidlərimizə aid saxlanılan materiallar – sənədlər, fotoşəkillər, onların haqqındakı kitablar və özlərinin yazdıqları əsərlər barədə ətraflı məlumat əldə ediblər.
İlk şərhi yaza bilərsiniz