Press "Enter" to skip to content

Rəfael Ağayev: Karateni öldürən insanlar qırağa dursun…

Rəfael Ağayev və Sevil Akifqızı

Karate üzrə 5 qat dünya və 12 qat Avropa çempionu, “qara brilyant” ləqəbli Rəfael Ağayevin BAYRAQDAR MEDİA-ya özəl müsahibəsini təqdim edirik.

-Rəfael bəy, 2015-ci ildə Avropa Oyunlarının təşkilatçılığı zamanı Azərbaycanın beynəlxalq idman arenasında qazandığı etimadı və inamı necə dəyərləndirirsiniz?

-Sözsüz ki, ilk Avropa Oyunları Azərbaycanda keçirildi. Bu oyunlara 30 idman növü daxil idi. Azərbaycana bildirildikdə ki, özünüz istədiyiniz idman növünü Avropa Oyunlarına daxil edə bilərsiniz, Prezidentimiz birmənalı olaraq karate idman növünü də nəzərdə tutdu və onu Avropa Oyunlarına daxil etdi. Sözsüz ki, bizim idmançılara inam böyük idi və bu, çox yüksək qiymətləndirildi. Dünyanın hər tərəfindən turistlər və idmançılar Azərbaycana gələrək ölkəmizin geniş imkanlara malik bir yer olduğunu, idmana göstərilən qayğı və diqqəti gördülər. Məncə, bütün ölkələr buradan razı getdi.

Saydıqlarım bir igidin ömrüdür…

-Dünyanın müxtəlif yerlərində keçirilən yarışlarda qazandığınız qələbələr arasında sizin üçün ən dəyərli olanı hansıdır?

-Ümumiyyətlə mənim üçün qazanılan qələbə alın təri və çəkilən əziyyətdir. Hər bir əziyyətdə bir bəhrə var. Elə əziyyət olur ki, bəhrəni görə bilmirsən və məyus olursan. 9 yaşımdan arenalarda çıxış edirəm. Sumqayıt çempionatından başlayıb beynəlxalq turnirlərdə iştirak etmişəm və yığma komandaya təklif almışam. Avropa, dünya çempionatlarında, olimpiadada iştirak etmişəm və ikinci yeri tutmuşam. 5 dəfə dünya, 11 dəfə Avropa, 2 dəfə isə İslam oyunlarının qalibi olmuşam. Komanda üzrə isə 3 dəfə qalib olmuşam. Avropa oyunlarının 1 dəfə qalibi, 1 dəfə isə ikincisi olmuşam. Dünya oyunlarının da qalibi olmuşam. Turnirlərin və dünyanın ən yaxşı idmançısı adına layiq görülmüşəm. Düşünürəm ki, saydıqlarım az deyil – bu, bir igidin ömrüdür. Qazanılan medal mənim üçün həmişə sevinc göz yaşı olub. Həyatda bir idmançının karyerasında enmə və qalxma vaxtları olur. Mən məşq edirəm, çəki salıram, əzilirəm və daim üzərimdə işləyirəm. Medal olmayanda üzülürəm. Amma böyük professional idmançı aşağı enməsə, yuxarının qədrini bilməz.

Müsahiblə ənənəvi xatirə şəkli
Müsahiblə ənənəvi xatirə şəkli

-Bir az da futboldan danışaq. Bilirəm ki, futbolu sevirsiniz. Karate və futbol arasında hansı fərqləri və oxşarlıqları müşahidə etmisiniz?

-Oxşarlıq bir o qədər də yoxdur. Futbolu peşəkar oynamamışam. Mənim atam 25 il futbolçu olub. Hazırda futbola böyük marağım var. Həm oynayıram, həm də baxıram. Sadəcə olaraq karatedə tatamini görmək lazımdır. Bunu hər idmançı görə bilmir. Çünki tatamidə idmançı ancaq rəqib kimi görünür. İdmançı rəqibini, rəqibinin məşqçisini, kənarda olan hakimləri və mərkəzi hakimləri, öz tatamisini nəzarətdə saxlamalıdır. Bu, futbolda da var. Oyunçular meydanı əvvəldən görüb ötürməni hara edəcəklərini beyində canlandıraraq həyata keçirir. Fiziki baxımdan oxşarlıq var: sürət, güc, partlayış qüvvəsi. Amma sözsüz ki, futbol komanda şəklində oynanılır, karate isə tək mübarizədir. Çünki 11 nəfərlə oynayarkən həmin gün formada olmayıb, ağrıyıb özünü yaxşı hiss etməyəndə məşqçi səni əvəz edə bilər. Amma karate, güləş, taekvondo, cüdo, qılıncoynatma və şahmatda özün tək çıxıb mübarizə aparırsan. Burada istədiyin kimi olmasa, məğlub olursan. Səni əvəz etmək mümkün olmur. Əsas fərq bundadır.

Bu dərəcədə sevildiyimi 40 yaşımda hiss etdim…

-Sizi tənqid edənlər və ya sevməyənlər haqqında fikirləriniz də maraqlı olardı…

-Sözsüz ki, bizi də sevməyən insanlar var. Mən onlara nə qarğış, nə də alqış edirəm. Onları Allaha həvalə edirəm. Bu, qarğış deyil. Çünki bir insana desələr ki, səni Allaha tapşırıram, bu, mənim üçün yetərlidir. Kim kimi sevmirsə, Allah onların yollarını açıq etsin. Allah onların ürəklərinə iman və elə bir sevgi salsın ki, öz ailələrini və Allahlarını sevsinlər, məni sevməsələr də olar. Son hadisələrdən sonra Azərbaycan xalqının, dövlətinin və hətta Prezidentimizin məni nə qədər sevdiyini gördüm. İdmanla məşğul olanda, dünya və Avropa çempionu olanda da sevilirdim, amma bu dərəcədə sevilməyimi 40 yaşımda hiss etdim. Sözsüz ki, məni istəməyən insanlar, yolumu bağlayanlar da var. Harada və necə bağlayırlarsa, yol açan Allahdır. Xalqın gözü tərəzidir. Kimin düz olması qısa müddətdə üzə çıxacaq.

-Azərbaycan Karate Federasiyasının vitse-prezidenti vəzifəsindən istefa vermisiniz. Bu istefa idman karyeranıza necə təsir edəcək?

-Mən artıq istefa vermişəm və bununla bağlı işlər görülür. Şükürlər olsun, hər şey yaxşı gedir. Səbir edirəm, hər şeyin zamanı var. Düşünürəm ki, hər şey gözəl olacaq. Mən vətəndaşlarımıza və idmançılarımıza hər bir sahədə dəstək olmağa hazıram. Maddi cəhətdən nəsə güdmürəm. Sözsüz ki, hamı 5 manat tapır. Pis-yaxşı dolanır. Mənim istəyim, arzum odur ki, karateni öldürən insanlar qırağa dursun və bu işi bacaranlara yol verilsin.

Kimsə mənim əleyhimə deyil…

-Mətbuata verdiyiniz açıqlamalar gündəmdən düşmür. Açıqlamalarınızın insanlar arasında müzakirələrə səbəb olduğunu yəqin ki, fərq edirsiniz. Bu barədə nə düşünürsünüz?

-Son zamanlar söz-söhbət çoxdur, gündəmdəyik. Bacardığım qədər şərhləri oxuyuram. Milyonlarla şərhdən üç şərh tapa bilməmişəm ki, kimsə mənim əleyhimə və ya məni sevməyərək sözlər desin. Çünki əgər milyon nəfər mənə pis deyirsə, deməli mən pisəm. Əgər milyon içində iki-üç nəfər mənə pis deyirsə, o deməkdir ki, insanlar məni tanımadan və ya kənardan yekəxana gördüklərindən və ola bilsin hansısa bir insan paxıllığından bu çirkin şeyləri ortaya çıxarır. Həyatda səhvsiz insan yoxdur. Mən də cavan olmuşam, mənim də nöqsanlarım, səhvlərim var. Mənim adım əzələmdə deyil, başımdadır. Addım atarkən beş dəfə düşünürəm. Çünki o yaşdayam ki, səhv etməməliyəm, amma səhvsiz insan yoxdur. Böyük addımlarla irəli gedirəm, necə deyərlər, arzular var. Əvvəllər tataminin içində idim, indi tataminin kənarındayam. Sözsüz ki, nə edirik, çalışırıqsa, bizim istəyimiz Azərbaycan idmanının qabağa getməsidir və mən hələ də Azərbaycandayam, təkliflər olsa da heç yerə getməmişəm. Çünki düşünürəm ki, öz ölkəmdə az bir zamanda hər şey yaxşı olacaq. Mən buna inanıram, çünki xalq məni sevir.

-Peşəkar idmançıların təqaüdə çıxandan sonra da idmanda fəal qalması və onların təcrübələrindən istifadə etmək üçün hansı konkret addımlar atılmalıdır ki, həm gənc idmançılara dəstək verilsin, həm də bu dəyərli təcrübə itirilməsin?

-Sadəcə olaraq bir-birimizə paxıllığımız olmasa, bir-birimizə sevgi ilə yanaşsaq və hər kəs öz işi ilə məşğul olsa, gözəl olar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.