Press "Enter" to skip to content

Öz ailəmizi, Türk Dövlətləri Təşkilatını daha da gücləndirməliyik

Hulusi Kiliç

Hulusi Kılıç: Cənab Prezident İlham Əliyevin bir fikrinə əsaslanaraq, demək istəyirəm ki, formalaşmaqda olan yeni dünya nizamında Türk Dövlətləri Təşkilatının qlobal bir güc olaraq öz mövqeyini ortaya qoyması üçün daha çox çalışmalıyıq

BAYRAQDAR MEDİA – “XXI əsr türk əsri olacaq. Bu, sadəcə söz xətrinə deyilmiş söz deyil, gələcəyə hesablanmış və reallığa əsaslanan bir təkzibolunmaz aksiomadır”.

Bunu BAYRAQDAR MEDİA-ya dəyərləndirməsində Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

Açıqlamasında Prezident İlham Əliyevin 2024-cü il fevralın 14-də Milli Məclisdəki andiçmə mərasimində çıxışı zamanı “bizim ailəmiz türk dünyasıdır və bizim başqa ailəmiz yoxdur” fikrini xatırladan H.Kılıç daha sonra aşağıdakıları dilə gətirib: “Hesab edirəm ki, bu, olduqca dərin mənaya, fəlsəfi əsaslara və reallığa əsaslanan, eyni zamanda türk dünyası üçün gələcəyin konturlarını müəyyən edən, yol xəritəsi əhəmiyyətli bir fikirdir. Bəli, bizim ailəmiz türk dünyasıdır, başqa yerdə ailə axtarmağa dəyməz. Deməli, biz öz birliyimizi, öz ailəmizi, Türk Dövlətləri Təşkilatını (TDT) daha da gücləndirməliyik. Yenə də cənab Prezident İlham Əliyevin bir fikrinə əsaslanaraq, demək istəyirəm ki, formalaşmaqda olan yeni dünya nizamında Türk Dövlətləri Təşkilatının qlobal bir güc olaraq öz mövqeyini ortaya qoyması üçün daha çox çalışmalıyıq”.

Müsahibimiz vurğulayıb ki, TDT-nin formalaşmasında Türkiyə-Azərbaycan qardaşlığı xüsusilə öz rolunu oynayıb: “Xalqlarımızın dərin birliyinə əsaslanan bu qardaşlıq müasir dövrdə özünü real addımlarda daha açıq şəkildə ortaya qoyur. Necə ki, sovetlər dağılandan həmən sonra başlanan proses 2009-cu ilin oktyabrında Naxçıvan sazişinin imzalanması ilə ilkin təşkilatlanma mərhələsini tamamladı, Azərbaycanın 2020-ci il 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərdən sonra da türk dünyasının birliyi TDT formasında yeni mərhələyə qədəm qoydu. Bu mərhələdə isə qarşımızda yeni hədəflər var. O hədəflərə çatmaq üçün hər birimiz gecə-gündüz çalışmalı, necə deyərlər, hamımız əlimizi daşın altına qoymalıyıq”.

H.Kılıç əlavə edib ki, TDT-nin qlobal arenada güc mərkəzi kimi ortaya çıxmasında 2025-ci ildə keçiriləcək sammitlər də öz rolunu oynaya bilər: “2025-ci ildə TDT-nin iki sammiti keçiriləcək. Bakıda rəsmi, Budapeştdə isə qeyri-rəsmi sammit. Hesab edirəm ki, bu sammitlərdə mühüm və tarixi qərarlar qəbul edilə bilər. Həmçinin, indiyə kimi müşahidəçi statusunda təmsil olunan bəzi ölkələr, məsələn Türkmənistan nəhayət ki, tamhüquqlu üzv olar. Üzvlüklə bağlı bir məqamı da deyim ki, bəzi ölkələr də TDT-yə can atır. Bu alqışlanmalıdır. Ancaq TDT-nin həm də milli köklərə əsaslanan dövlətlərin birliyi olduğunu nəzərə alaraq digər ölkələrin bura müşahidəçi üzv ola biləcəyini deyə bilərik”.

H.Kılıç sonda bir vacib məqama da yenidən toxunub: “Mən bunu dəfələrlə demişəm. Lakin düşünürəm ki, xatırlatmağa ehtiyac var. TDT, türk dünyası heç kimə, heç biri qurum və ölkəyə təhlükə yaratmır və bundan sonra da yaratmayacaq. Bizim amalımız sülhə, əminamanlığa, qardaşlığa xidmət etməkdir. Ona görə də TDT-ni, türk dünyasının atdığı addımları qorxulu bir məqam kimi təqdim edənlər bunlara son qoysunlar. Türkdən dünyaya və insanlığa heç zaman zərər gəlməz”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.