Press "Enter" to skip to content

Moskoviyaya qarşı danışmaq üçün basabas salıblar…

Azər HƏSRƏT

BAYRAQDAR MEDİA – Siyasi şərhçi, Əməkdar jurnalist Azər Həsrət sosial media hesabında Rusiyaya münasibətlə bağlı maraqlı paylaşım edib. O, bir neçə il öncə bu münasibətə görə üzərinə gələnlərin indi TV kanallarında Rusiya əleyhinə danışmaq üçün basabas saldığını bildirib.

Azər Həsrət yazır:

Qardaş Türkiyədə belə bir deyim var: Keser döner, sap döner, gün gelir, hesap döner. Həyatımda dəfələrlə bunun şahidi oldum. İndi də olmaqdayam.

İzləyicilərin yadında olar, 2019-cu ilin aprelində rusdillilərlə bağlı bir paylaşım etmişdim. Ölkədə yer yerindən oynamışdı az qala. Moskva qafalı, Moskoviya bağlantılı nə qədər adam vardısa, hamısı ayağa qalxıb üstümə yürümüşdü. Ki, “sən rusdilliləri təhqir edirsən” deyə…

Onların arasında jurnalist həmkarlarım da vardı. İctimai fəallar, tanınmış şəxslər və sözün həqiqi mənasında yerin dibində olub Moskoviyaya köpəklik edənlər isə itinə tök idi…

Hələ palaz-palaz yazılar yazıb məni, yumşaq desək, “haqsız” çıxarmaqla Moskoviyanın gözünə girənləri demirəm!

O vaxtlar dövlətin ideoloji işlərinə baxanlar da Moskoviyanın əzizləri idi, ona görə də bu tərəfdən elə bir dəstək – müdafiə də görmədim…

Durum belə olunca bir balaca geri çəkilib zamanın yetişməsini gözləməyə qərar vermişdim onda…

Yenə də yaddaşlı izləyicilərimiz xatırlayar, Rəhman Hacı məni İTV-də canlı debata dəvət etmişdi. Orada çox maraqlı bir müzakirə və mübahisəmiz oldu. Həmin müzakirə zamanı “əgər kimsə mənim sözlərimə görə özünü təhqir olunmuş sayırsa, onlardan üzr istəyirəm” deyib bir balaca aranı sakitləşdirməyi hədəfləmişdim. Hədəfimə də çatmışdım. Düzdür, Moskoviya köpəkləri bunu başqa cür yozub – kontekstdən çıxarıb şəxsimi hədəfə almağa davam etmişdilər. Amma ehtiraslar soyumuş və bu dəfə xətanı sovuşdurmağı bacarmışdım. Yəni daha əlverişli vaxtın yetişməsini gözləməyə qərar vermişdim. Həm də düşünürdüm ki, dövlətin az qala zirvəsi Moskoviyaya bağlıdırsa, üstümə gələ və mənə ciddi problem yarada bilərlər…

İndi, Türkiyəli qardaşlarımız demişkən, “gün gəlib, hesab dönüb”. Gördüklərim məni o qədər sevindirir ki. Rus dili, Moskoviyaya münasibət məsələlərini burada ayrıca qeyd etməyə heç gərək də yoxdur. Hər kəs hər şeyi görür. Hətta dövlətin 1 nömrəli kanalı – AzTV belə Moskoviyaya az qala hər gün yerini göstərir!

Ən maraqlısı və ibrətamizi isə odur ki, 2019-cu ilin aprelində üzərimə bütöv bir ordu ilə gələn həmin Moskoviya uzantıları indi AzTV-də urusları yıxıb-sürümək üçün növbəyə durublar! Elə basabas salıblar ki, mən yaddan çıxmışam, danışmağa imkan da vermirlər!

Düzdür, bəzi TV kanallarımız bu hadisələr işığında mənə gen-bol efir imkanı tanıyırlar və çıxışlarım da çox effektiv olur. Amma AzTV başda olmaqla bir neçə kanal hələ də üzümə qapalıdır. Ki, lap elə AzTV-də indi Moskoviyanın əleyhinə olan müzakirələri aparanlardan biri də 2019-cu ildə urusun xətrinə dəydiyim üçün palaz boyda yazı ilə məni yıxıb-sürüyənlərdən biridir. Adam indi Moskoviyanı eninə-uzununa yıxıb sürüyür…

Əlavə şərhə gərək varmı? Məncə yox. Sadəcə deyirəm: mən bir şey danışanda, bilin ki, hətta bunun əleyhdarları belə gələcəkdə mənim kimi danışacaq. Boşuna danışmıram, boşdan da danışmıram. Ona görə heç olmasa bundan sonra özünüzü gülünc günə qoymayın…

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.