Press "Enter" to skip to content

BDU-nun 7 tələbəsinə adlı təqaüd verilib

BDU-nun 7 tələbəsinə adlı təqaüd verilib

BAYRAQDAR MEDİA – Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİRK) tərəfindən təhsildə və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 100 tələbəyə adlı təqaüd təqdim edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “onların arasında BDU-nun 7 tələbəsi – Nuran Yaqublu, Şüküran Aslanov, Nuray Nağıyeva, Orxan Əsgərli, Nəzrin Ağayeva, Aydan Cəfərzadə, Röya Əşrəfova da var. Təqdimat mərasimində çıxış edən AHİK-in və ATİAHİRK-nın rəhbərləri, ölkənin bir sıra nüfuzlu ali təhsil müəssisələrinin rektorları, Tələbə Həmkarlar İttifaqı komitələrinin sədrləri iştirak ediblər. Əvvəlcə Vətənin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət himni səsləndirilib. AHİK sədri Sahib Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən gənclər siyasətindən danışıb, gənclərin vətənpərvərlik ruhunda böyüməsi, potensialının reallaşdırılması, yüksək ixtisaslı kadr kimi formalaşması istiqamətində görülən işləri qeyd edib. Heydər Əliyev Fondunun Azərbaycan gəncliyinin inkişafında xidmətlərini vurğulayan Konfederasiya sədri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə elm, təhsil, mədəniyyət, səhiyyə, idman sahələrində uğurlu layihələrin həyata keçirildiyini də diqqətə çatdırıb”.

Daha sonra xəbərdə, “qeyd edilib ki, Konfederasiya dövlətin gənclər siyasətinə fəal dəstək verir, onların sosial müdafiəsinin gücləndirilməsi, əmək hüquqlarının qorunması və potensialının inkişaf etdirilməsi üçün müxtəlif tədbirlər və layihələr həyata keçirir. Belə layihələrdən olan “Adlı təqaüd” layihəsi tələbə gənclərin elm və təhsilə marağının artmasına, potensialının inkişafına əhəmiyyətli töhfə verir. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektor vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev Azərbaycanda insan kapitalının inkişaf etdirilməsinin prioritet məsələlərdən biri olduğunu qeyd edib, elmi tərəqqinin, yüksək texnologiyanın inkişaf etdiyi hazırkı dövrün çağırışlarının qarşıya yeni hədəflər qoyduğunu, bu cür layihələrin gənclərə stimul verdiyini diqqətə çatdırıb” deyə bildirilir.

Xəbərdə həmçinin deyilir ki, “Azərbaycanın regionda iqtisadi və siyasi cəhətdən güclü ölkəyə çevrildiyini vurğulayan BDU rektoru Elçin Babayev rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyətindən danışıb, tələbə gənclərin potensialının üzə çıxarılmasında “Adlı təqaüd” kimi layihələrin əhəmiyyətini qeyd edib, AHİK-lə əlaqələrin genişləndirilməsi istiqamətində təkliflərini səsləndirib”.

Qeyd edək ki, ATİAHİRK-nın “Adlı təqaüd” layihəsi 1995-ci ildən həyata keçirilir, ölkənin müxtəlif ali məktəblərində əla və yaxşı qiymətlərlə təhsil alan, eyni zamanda tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən tələbələrin təhsildəki inkişafına dəstək məqsədi daşıyır. İndiyədək 3 min 079 nəfər tələbə bu adlı təqaüdə layiq görülüb.

Təqaüd alan tələbələr çıxışlarında göstərilən etimadın onları daha yaxşı oxumağa həvəsləndirdiyini, elmə, təhsilə maraqlarını daha da artırdığını vurğulayıblar.

Tədbirin sonunda “Adlı təqaüd”ə layiq görülən tələbələrə hədiyyələr təqdim olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.