Yuxarı Şirvan kanalının yenidən qurulması ilə bağlı işçi qurupunun növbəti videokonfransı keçirilib
BAYRAQDAR MEDİA – “Prezident İlham Əliyevin xüsusi diqqəti nəticəsində son illərdə aqrar sektorun dayanıqlı inkişafı, regionlarda innovativ texnologiyaların tətbiqi ilə iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının yaradılması üçün müasir tələblərə cavab verən su anbarları və yeni suvarma kanalları tikilib, eləcə də bir çox mövcud su təsərrüfatı obyektləri yenidən qurularaq istismara verilib”.
Bu barədə fevralın 18-də keçirilən Şirvan suvarma kanalının tikintisi ilə bağlı yaradılmış işçi qrupun üçüncü iclasında bildirilib.
Plan üzrə nəzərdə tutulan işlər davam edir
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, iclasda Şirvan suvarma kanalının tikintisi çərçivəsində görülmüş və plan üzrə nəzərdə tutulan işlər, Şirvan suvarma kanalının tikinti altına düşən torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı torpaqayırma prosesində cari vəziyyət, yaranan maneələr və çətinliklər dinlənilib.

Bildirilib ki, “hazırda tikinti qrafikinə uyğun olaraq Şirvan suvarma kanalının ümumilikdə 40 km-ə yaxın ayrı-ayrı hissəsində qazma, bəzi hissələrində beton üzlüyə alınma işləri aparılıb, eləcə də kanal üzərində müxtəlif təyinatlı hidrotexniki qurğuların tikintisinə başlanılıb. Bununla yanaşı, hazırda 6 rayon üzrə torpaqayırma işləri yekunlaşıb, qalan 2 rayonda isə davam etdirilir. Qrafikə əsasən, tikinti işlərinin 2027-ci ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub”.
Müvafiq tapşırıqlar verilib
Sonda İşçi qrupunda təmsil olunan dövlət qurumlarının nümayəndələri və dəvət olunan mütəxəssislər tərəfindən bu və gündəlikdəki digər məsələlər ətrafında müzakirələr aparılıb. Həmçinin işlərin daha sürətlə yerinə yetirilməsi istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Məlumatda o da xatırladılır ki, görülən işlərin davamı olaraq, 8 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti “Şirvan suvarma kanalının yenidən qurulması haqqında” Sərəncam imzalayıb: “65 ilə yaxın müddətdə istismar olunan Şirvan suvarma kanalının yenidənqurmadan sonra başlanğıcda sərfini saniyədə 78 kubmetrdən 180 kubmetrə, uzunluğununu 122.3 km-dən 204,3 km-ə qədər artırmaqla Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, İsmayıllı, Ağsu, Kürdəmir, Şamaxı və Hacıqabul rayonlarının ümumilikdə 228 min hektar torpaq sahəsinin (onun 116 min hektarı yeni suvarılacaq torpaqlar) suvarma suyu, yaşayış məntəqələrinin isə içməli və məişət suları ilə təminatına, eləcə də Hacıqabul gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına nail olunacaq”.
Kanalın 4 fərqli hissələrində eyni zamanda işlərə başlanılıb
Qeyd edilib ki, sərəncamın icrasının vaxtında təmin olunması məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən keçirilən müvafiq satınalma prosedurlarına uyğun olaraq tikinti işlərinə 3 ayrı-ayrı şirkət cəlb etməklə kanalın 4 fərqli hissələrində eyni zamanda işlərə başlanılıb: “Tikinti işlərinin əlaqələndirilmiş şəkildə aparılması məqsədilə Agentliyin əmri ilə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanovun rəhbərliyi ilə İqtisadiyyat, Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, eləcə də Şirvan suvarma kanalının xidmət sahəsində olan rayonların icra hakimiyyətlərinin nümayəndələrindən ibarət İşçi qrup yaradılıb”.