Press "Enter" to skip to content

Xaçmazda Xalq şairinin xatirəsi anıldı

Məclis sonrası xatirə şəkli

BAYRAQDAR MEDİA – Xaçmazda artıq 65 ildir fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin 16 fevralda təşkil edilən toplantısı mərhum Xalq şairi Zəlimxan Yaqubun xatirəsinə həsr edilmişdi.

Xaçmaz MKS-də Məclisin sədri Fərzalı Ziyanurun başçılığı ilə keçirilən tədbirdə “Ulduzlar”ın üzvləri ilə yanaşı rayonun təcrübəli dövlət adamı, ictimai xadim və Zəlimxan Yaqubun ailə dostu Abdulla Didarov da iştirak edirdi.

“Ulduzlar” ənənəvi dinləmə və müzakirələrə başlamazdan öncə Abdulla Didarov Azərbaycanın və türk dünyasının sevimli şairi, böyük Turançı və sözün həqiqi mənasında xalq adamı olmuş Zəlimxan Yaqubla bağlı xatirələrini bölüşdü. O, eyni zamanda şairin zəngin ədəbi irsindən danışdı, onun şeirlərindən parçalar səsləndirdi.

Abdulla Didarov eyni zamanda Zəlimxan Yaqubla şəxsi təmasları, onun şirin zarafatları, hətta xəstə yatağında olduğu zaman belə qıvraqlığını qorumağa çalışması haqqında xoş xatirələrini paylaşdı.

Daha sonra Məclis üzvləri öz yeni əsərlərini təqdim etdilər.

Təcrübəli şair, yazar, fəlsəfə doktoru və çoxsaylı kitabların müəllifi Gülümbala Nəsirli həm Zəlimxan Yaqubla bağlı xatirələrini, həm də yeni əsərlərini təqdim etdi.

Bundan sonra Məclisin xanım üzvləri – Mehparə Sadıqova, Rübabə Mustafayeva, Pakizə Zalova və Gözəl Azayeva şeirlərini oxudular, iştirakçıların fikir və mülahizələrini dinləyib suallara cavab verdilər.

Şair-rəssam Qərib Aşkari və qəzəlxan Mövlan Şahidin çıxışları da xüsusi şövqlə dinlənildi, şeirləri böyük marağa səbəb oldu.

Məclisin üzvlərindən olan istedadlı şairlər Cümşud Aydəmir, Səxavət Ənvəroğlu, Firudin Həvəskar, İbrahim Ağçaylı da şeirlərini səsləndirməklə bərabər böyük şair Zəlimxan Yaqub haqqında xoş sözlər söylədilər.

Zəlimxan Yaqubla bağlı Abdulla Didarovun təqdimatının böyük təsir yaratdığı Məclisdə fəal üzvlərdən olan filoloq-müəllim Tahir Musayev hər zamankı kimi maraqlı təhlillərini təqdim etdi.

Məclisdə, həmçinin “Ulduzlar”ın 65 illik yubileyinin keçirilməsi ilə bağlı ilkin fikir mübadiləsi aparıldı, ötən bir ay ərzində görülən işlərdən danışıldı.

Əlavə edək ki, toplantıda BAYRAQDAR MEDİA-nın baş redaktoru, Əməkdar jurnalist Azər Həsrət də iştirak və çıxış etdi. O, Zəlimxan Yaqubla bağlı xatirə və fikirlərini bölüşməklə yanaşı səslənən şeirlərə də münasibət bildirdi.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.