BAYRAQDAR MEDİA – Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (AMQF) və CDC Klinik Uşaq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı maarifləndirici görüş keçirilib.
Bu barədə AMQF-nin məlumatında qeyd edilib.
Bildirilib ki, “görüşdə AMQF-nin səhiyyə yönümlü QHT-ları iştirak edib. Onlar bu sahədə fəaliyyət göstərən təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi və mövcud problemlərin müzakirəsi məqsədilə bir araya gəlib. Tədbirin açılışında AMQF-nin Nəzarət-Təftiş Komissiyasının rəhbəri Fariz Əkbərov və CDC Klinik Uşaq İnkişaf Mərkəzinin direktoru Ümidə Kəngərli çıxış edərək, xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlamlığı və cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlər haqqında məlumat veriblər. Onlar bu kimi görüşlərin əhəmiyyətini vurğulayaraq, səhiyyə yönümlü QHT-ların birgə fəaliyyətinin vacibliyini qeyd ediblər”.
Məlumata görə, daha sonra tədbirdə iştirak edən mütəxəssislər xüsusi qayğıya ehtiyacı olan uşaqların üzləşdiyi problemlər, onların sağlamlıq və inkişafı ilə bağlı vacib məqamlar haqqında təqdimatlar ediblər: “Xüsusilə autizm mövzusuna diqqət yetirilərək, mövzu ətrafında geniş müzakirələr aparılıb. Tədbir iştirakçıları öz təkliflərini irəli sürərək, bu sahədə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və yeni təşəbbüslərin həyata keçirilməsi üçün vacib addımların atılmasını dəstəkləyiblər. Görüş çərçivəsində iştirakçılar səhiyyə yönümlü QHT-ların birgə layihələr icra etməsi, dövlət qurumları ilə daha sıx əməkdaşlıq edilməsi və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yeni təlim proqramlarının hazırlanması kimi məsələləri müzakirə ediblər”.
Məlumatda əlavə edilib ki, Azərbaycan Milli QHT Forumu bu cür tədbirlərin davamlı olacağını vurğulayaraq, səhiyyə yönümlü təşkilatlarla əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
İlk şərhi yaza bilərsiniz