Press "Enter" to skip to content

Qəribəm, qərib…

Cümşüd Aydəmir

BAYRAQDAR MEDİA Xaçmazda fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin fəal üzvü, şair Cümşüd AYDƏMİRin ən yeni şeirini təqdim edir:

Nadanlar çoxalıb, qananları az,
Caz, tvist üstündə köklənibdi saz,
Ördək yerişini yeriyir eee… qaz,
Qarğa da oxuyur ilhama gəlib,
Öz elim, obamda qəribəm, qərib!

Şıdırğı rəqs edir teleməkanlar,
Yer lərzəyə gəlir, artır təkanlar,
Halala əlüstü haram qatanlar,
Alaq tək çoxalır hər gün cücərib,
Vətən torpağında qəribəm, qərib!

Kimin hərəminə kimsə göz dikib,
Gecə də, gündüz də eyləyir təqib,
Şəklini qoyubdu TikToka, çəkib,
Tanrım bəndəsinə səhv ünvan verib,
Öz ana yurdumda qəribəm, qərib!

Təmənnalı çörək yeyən qutanlar,
Meymun tək papağı atıb tutanlar,
Balıq tək bizləri diri udanlar,
“Yallı” oynayırlar əl-ələ verib,
Doğma ocağımda qəribəm, qərib!

Cəhənnəmə dartır bizi nəfsimiz,
Gözümüz ha doymur, artır nəfimiz,
Zira yox isə də yeni kəşfimiz,
“Alimlər” çoxalır hər il boy verib,
Öz ana yurdumda qəribəm, qərib!

Yetmədi, bitmədi heyif, gümanlar,
Çoxalır qırğı tək leşə cumanlar,
Dəstəbaz, pulpərəst, rüşvət umanlar,
Vay-şivən qoparır səs-səsə verib,
Ana vətənimdə qəribəm, qərib!

Haqq qalır qıraqda, nahaqq yol tapır,
Abırlı gözləyir, abırsız “yapır”,
Yedəkdə gedənlər adamın tapır,
“Adam” da onunçün kürsü göndərib,
Vətən qucağında qəribəm, qərib!

Şair, nahaq yerə yorma özünü,
Əyriləri görmə, yum eee… gözünü,
Kimə nə xeyiri, dedin sözünü,
Gülməkdən qonşumuz Həşim “gəbərib”,
Öz doğma yurdumda qəribəm, qərib!

Xudat, 16 fevral 2025

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.