Press "Enter" to skip to content

Batının “kəndiri ilə quyuya enmək” olmaz

Dr. Yücel Karauz

Son yeniləmə: 18 Fevral 2025

Dr. Yücel Karauz: Bu, Batının, xüsusilə də Birləşmiş Ştatların nə qədər “etibarlı” tərəfdaş olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi

BAYRAQDAR MEDİA – “Batı, xüsusilə də başda Birləşmiş Ştatlar olmaqla imperialist ölkələr Ukraynanı öz taleyi ilə baş-başa buraxdılar. Donald Trampla Vladimir Putinin arasındakı telefon danışığı, həmçinin, ondan sonra verilən açıqlamalar Ukrayna üçün vəziyyətin nə qədər acınacaqlı olduğunu ortaya qoyur. Düzdür, Ukraynanın rəhbərliyi hələ ki, müqavimət göstərir. Ancaq bunun nə qədər davam edəcəyi də sual doğurur”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz bildirib.

Birləşmiş Ştatlar təkcə Ukraynaya deyil, az qala bütün Avropaya üz çevirir

Onun sözlərinə görə, bu proseslər, əslində Batının, xüsusilə də Birləşmiş Ştatların nə qədər “etibarlı” tərəfdaş olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi: “Əslində, bütün dünya, xüsusilə də Batıya bel bağlayan ölkə və qüvvələr bundan yetərincə dərs almalıdırlar. Anlamalıdırlar ki, belə deyək, Batının “kəndiri ilə quyuya enmək” olmaz. Necə ki, Əfqanıstanda, necə ki, digər yerlərdə ABŞ ona ümid olanları yarıyolda qoydu, eynilə indi də oxşar mövqe sərgiləyir. Özü də bu dəfə Birləşmiş Ştatlar təkcə Ukraynaya deyil, az qala bütün Avropaya üz çevirir”.

Birləşmiş Ştatlar Ukraynanın sərvətlərini talamaq eşqindədır

Türkiyəli general son proseslə bağlı bir məqama da diqqət yetirməyi vacib sayır: “Donald Tramp ABŞ-ın bu vaxta qədər etdiyi köməyin müqabilində Ukraynanın təbii sərvətlərinə əl qoymaq niyyətini bəyan edib. Baxın, budur bunların etibarı da, verdiklərin dəstəyin arxasında gizlənən acı reallıq da. Bunlar təmənnasız heç nə etmirlər. Özü də Ukraynanın hazırda hansı acınacaqlı durumda olmasına baxmayaraq Birləşmiş Ştatlar bu ölkənin yerdə qalan torpaqlarının sərvətini talamaq eşqindədır”.

Dr.Y.Karauz əlavə edib ki, indiki halda Amerikanın təzyiqlərinə baxmayaraq Avropa Ukraynaya hərbi dəstək göstərməkdə davam edəcək: “Hər halda avropalı rəsmilərin son açıqlamaları, etirazları və narazlıqlar da belə deməyə əsas verir. Amma bu dəstəyin effektiv olub-olmayacaq sual altındadır. Çünki ABŞ-nin bundan sonra Ukrayna cəbhəsi ilə bağlı kəşfiyyat məlumatları və informasiya dəstəyi verməyəcəyi də ortadadır”.

Bütün bunlar Ukrayna xalqında ciddi xəyal qırıqlığı yaradıb

Dr. Yücel Karauz vurğulayıb ki, bütün bunlar Ukrayna xalqında ciddi xəyal qırıqlığı yaradıb: “Çünki Ukrayna xalqı proseslərin əvvəlindən dirəniş göstərdi, mübarizə apardı və sona qədər inandı ki, Batı onu tək buraxmayacaq. Ancaq “ənənəsinə” sadiq qalan Batı nəinki Ukraynanı Rusiya qarşısında tək buraxdı, hətta onu talan etməyə hazırlaşır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.