Press "Enter" to skip to content

Etimadnamənin qəbulundan sonra keçirilən ilk görüş

KKTC-nin Bakıdakı nümayəndəliyində keçirilən görüş

Yaxud, yeni dönəmdə KKTC-nin beynəlxalq arenada güclü hala gəlməsi Türkiyə xarici siyasətinin gündəmində ilk sıralarda dayanacaq

BAYRAQDAR MEDİA – Xəbər verildiyi kimi, Prezident İlham Əliyev fevralın 13-də qardaş Türkiyənin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgünün etimadnaməsini qəbul edib. Prof.Dr. Birol Akgün həmin gün, həmçinin Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib, mediaya qısa açıqlama verib. Qardaş ölkə səfirinin fevralın 13-dəki proqramında, həmçinin Kuzey Kıbrıs Türk Cümhuriyətinin (KKTC) Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganerlə görüş də olub. Rəsmi məlumata əsasən, görüş tanışlıq xarakterli olub və diplomatlar müzakirə aparıblar.

Lakin biz bu görüşə başqa bir aspektdən diqqət etməyin vacib olduğu qənaətindəyik. Hansı aspektə gəlincə, öncə bu günlər KKTC mediasında yayılan bir xəbəri xatırladaq.

Həmin xəbərdə deyilir ki, Türkiyənin Lefkoşa səfirliyində dəyişiklik baş verə bilər. Yəni, Türkiyə KKTC-dəki səfirini yenidən dəyişir. Hazırkı səfir Yasin Ekrem Serimin yerinə əvvəllər Türkiyənin KKTC-də səfiri olmuş Ali Murat Başçeri yenidən bu posta təyin oluna bilər.

Məlumatda Ali Murat Başçerinin fevralın 23-dən sonra təyin ediləcəyinin və ayın sonunda Lefkoşadakı vəzifəsinə başlayacağının gözlənildiyi qeyd edilir.

Məlumat üçün bildirək ki, Ali Murat Başçer 01.11.2018-23.11.2022 tarixlərdə Türkiyənin Lefkoşadakı səfiri olub. Qətiyyətli diplomat kimi tanınan Ali Murat Başçerin yenidən səfir təyin edilməsi isə Türkiyənin KKTC siyasətinin yeni dönəmdə daha da fəallaşacağı anlamına gəlir. Çünki əgər xəbər doğrudursa, o zaman deyə bilərik ki, Ali Murat Başçerin birinci səfirlik dönəmindən sonra səfir olan Metin Feyzioğlunun yerinə təyin edilən səfir Yasin Ekrem Serim heç bir il bu vəzifədə qala bilməyəcək.

Məlumat üçün bildirək ki, Yasin Ekrem Serim 15 avqust 2024-cü il tarixində Cümhurbaşqanı Ersin Tatara etimadnaməsini təqdim etmişdi və xəbər doğrudursa o, bu vəzifədə cəmi 174 gün (təxminən 6 ay) qala bildi. Belə tez-tələsik səfir dəyişikliyinin arxasında isə məhz Türkiyənin KKTC siyasətinin daha da fəallaşacağı məqamının dayandığını ehtimal etmək olar.

Elə buradan da yenidən keçid edək yazımızın əvvəlindəki məqama. Yəni, Türkiyənin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgünün fevralın 13-də KKTC-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganerlə görüşünə. Nəzərə alsaq ki, bu görüş səfirin etimadnaməsinin Azərbaycan Prezidenti tərəfindən qəbulundan demək olar ki, həmən sonra keçirilib, o zaman Ali Murat Başçerin təyinatı barədə ehtimalın da doğru olduğunu söyləyə bilərik.

Yəni Ali Murat Başçerin ikinci dəfə, özü də qəfildən Türkiyənin Lefkoşada səfiri təyin edilməsi, həm də Türkiyənin Azərbaycanda səfiri Prof.Dr. Birol Akgünün Azərbaycan Prezidenti ilə görüşdən həmən sonra KKTC-nin Bakıdakı nümayəndəliyində görüş keçirməsi yeni dönəmin konturlarını ortaya qoyur. O baxımdan ki, yeni dönəmdə KKTC-nin beynəlxalq arenada güclü hala gəlməsi Türkiyə xarici siyasətinin gündəmində ilk sıralarda dayanacaq və bu məsələdə Ankara ilə Bakı birgə addımlar atacaq.

Elə isə xeyirli-uğurlu olsun!

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.