Press "Enter" to skip to content

Bu müsahibə bir neçə vacib istiqaməti özündə birləşdirir

Əkbər Qoşalı

Əkbər Qoşalı: Müsahibədə Prezident Əliyevin vurğuladığı əsas məqamlardan biri Azərbaycanın müstəqil xarici siyasət kursudur

BAYRAQDAR MEDİA – “Prezident İlham Əliyevin Davosda Çinin ünlü media orqanlarından olan CGTN-ə verdiyi müsahibə bir neçə vacib istiqaməti özündə birləşdirir. Bura Azərbaycanın suveren siyasət kursu, beynəlxalq təşkilatlar və iqtisadi birliklərə münasibət, Güney Qafqaz və Xəzər bölgəsində yeni geostrateji gerçəkliklər və qlobal trendlərə uyğunlaşma daxildir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı deyib.

Onun sözlərinə görə, müsahibədə Prezident Əliyevin vurğuladığı əsas məqamlardan biri Azərbaycanın müstəqil xarici siyasət kursudur: “Bəli, Azərbaycan öz ərazi bütövlüyünü beynəlxalq hüquqa əsaslanaraq təmin edib və bu prosesdə beynəlxalq təşkilatların yetərsizliyinə baxmayaraq, prinsipial və suveren qərarlar qəbul edib. Bu, çağdaş dönəmdə beynəlxalq münasibətlər sistemində dövlətlərin öz köklü problemlərini həll etməsinin yeni paradiqmasını formalaşdırır. Çünki Azərbaycanın 30 ildən sonra işğalçıları qovub çıxarması, ardınca, öz ərazi bütövlüyünü, dövlət suverenliyini tam bərpa etməsi, sadəcə, hərbi uğur deyil, eyni zamanda bölgəsəl nizamın dəyişməsinə səbəb olan güclü siyasi gerçəklikdir. Bununla Azərbaycan, Güney Qafqazda yeni status-kvonun əsas təşəbbüskarı və təminatçısı rolunda çıxış edir”.

Ə.Qoşalı bildirib ki, Azərbaycanın beynəlxalq təşkilatlarla bağları kontekstində Prezident Əliyev iki əsas yanaşma sərgiləyir: “Bu ən dürüst inteqrasiya modeli və çoxşaxəli diplomatiyadır. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi, Avropa Birliyi və Çinlə strateji tərəfdaşlıq bəyannamələri imzalaması, Şanxay Əməkdaşlıq Təşkilatı və b. beynəlxalq platformalarla aktiv dialoqda olması bu strategiyanın təməl prinsipləridir. Eyni zamanda, onu da qeyd etmək yerinə düşər ki, Çin üçün strateji önəm daşıyan “Bir kəmər, bir yol” təşəbbüsündə Azərbaycanın rolu getdikcə artır və bu, ölkənin Gündoğardan Günbataradək uzanan bağlarında geoiqtisadi güc kimi çıxış etməsini təmin edir”.

Ə.Qoşalı əlavə edib ki, Azərbaycanın dəngəli diplomatiyası eyni zamanda ABŞ və Avropa ilə münasibətlərdə də özünü göstərir: “Bayden administrasiyasının dönəmində yaranmış soyuq münasibətlərin yerinə Tramp dönəmindəki isti əlaqələrin bərpası ehtimalı, Azərbaycanın Günbatar ölkələri ilə bağlarında yeni səhifənin açılacağının göstəricisidir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.