Press "Enter" to skip to content

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 13 yaşında

Dövlət Xidməti qanunla müəyyən edilmiş vəzifələrin həyata keçirilməsində, o cümlədən vətəndaş məmnuniyyətinin, şəffaflığın təmin edilməsində yeni nailiyyətlər qazanılıb

BAYRAQDAR MEDİA – Fevralın 13-də Azərbaycanın hərb quruculuğuna öz töhfəsini verən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 13 ili tamam olur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 fevral 2012-ci il tarixli fərmanı ilə yaradılıb.

Mühüm addımlar atılıb, müvəffəqiyyətlər qazanılıb

Məlumat üçün bildirək ki, Dövlət Xidməti yaradıldığı gündən fəaliyyət istiqamətinə uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, müddətli həqiqi hərbi xidmətə hazırlanması və hərbi xidmətə çağırılması istiqamətində mühüm addımlar atıb.

Həmçinin Dövlət Xidməti həm qeyd edilən, həm də gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, eyni zamanda vətəndaşların qəbulu və müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə, xidmətin daha bacarıqlı və savadlı kadrlarla komplektləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi və digər sahələrdə müvəffəqiyyətlər qazanıb.

2024-cü ildə Xidmət tərəfindən bir sıra yeniliklər və tədbirlər həyata keçirilib

Dövlət Xidmətindən verilən məlumata görə, 2024-cü ildə Xidmət tərəfindən bir sıra yeniliklər və tədbirlər həyata keçirilib: “Dövlət Xidməti Müzəffər Ali Baş Komandanın müəyyənləşdirdiyi məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirməyə çalışıb. Qanunla müəyyən edilmiş vəzifələrin həyata keçirilməsində, o cümlədən vətəndaş məmnuniyyətinin, şəffaflığın təmin edilməsində yeni nailiyyətlər qazanılıb”.

Qarşıya qoyulan əsas vəzifələrdən biri səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkilidir

Məlumata əsasən, Xidmətin qarşısında qoyulan əsas vəzifələrdən biri səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkilidir: “Bu baxımdan səfərbərliyin idarə olunması, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin hərbi vəzifəlilərlə və hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi üçün komandalara təyin edilmiş ehtiyatda olan resursların çağırılması, toplanılaraq hərbi hissələrin qəbul mən¬təqələrinə göndərilməsi məqsədi ilə mütəmadi olaraq məşğələlər keçirilib. Həmçinin ehtiyatdan çağırılan hərbi vəzifəlilərin döyüş hazırlığının, bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi, eləcə də praktiki vərdişlərinin təkmilləşdirilməsi üçün ötən ilin hazırlıq planına əsasən Müdafiə Nazirliyi ilə birgə təlim toplanışları davam etdirilib”.

Çağırışçıların müddətli həqiqi hərbi xidmətə göndərilməsi işi də uğurla davam etdirilib

Qeyd olunub ki Xidmətin fəaliyyətinin mühüm istiqamətlərindən biri olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə göndərilməsi işi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 2024-cü ildə də uğurla davam etdirilib: “Müvafiq işlərin koordinasiya edilməsi məqsədilə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə yanvar, aprel, iyul, oktyabr çağırışının gedişatı ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclasları keçirilib. Bu iclaslarda Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsi məqsədilə görülən işlər, həmçinin gündəliyə çıxarılan məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib. Müddətli həqiqi hərbi xidmətə çağırışın əsas istiqamətlərindən biri də çağırışaqədərki yaş həddində olan gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılması, həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğidir. Bu məqsədlə 2024-cü ildə Ağcabədi, Şamaxı, Sabunçu, Lənkəran, Göygöl, Daşkəsən, Neftçala, Gəncə və Biləsuvar rayonlarında yuxarı sinif şagirdlərinin iştirakı ilə gənclər üçün silsilə görüşlər keçirilib”.

Xidmətin fəaliyyəti uğurla davam etdirilir

Məlumata əsasən, Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən, 2024-cü il iyulun 1-dən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilməsinə başlanılıb: “Həmçinin, ilkin hərbi qeydiyyata alınan və hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinəsinin regional xəstəxanada aparılması ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birgə pilot layihənin həyata keçirilməsi nəticəsində 2024-cü ilin may ayından etibarən Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonları üzrə ilkin hərbi qeydiyyata alınan və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinəsi Quba Rayon Mərkəzi Xəstəxanasında aparılır”.

O da vurğulanıb ki, Azərbaycanda müasir texnologiyanın rəqəmsallaşdırılması istiqamətində aparılan islahatlarda Xidmətin fəaliyyəti uğurla davam etdirilir: “Belə ki, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinələrdən keçirilməsi üçün verilən göndərişlərin elektronlaşdırılması, həmçinin tibbi müayinə aktlarının elektron şəkildə əldə edilməsi məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Səhiyyə Nazirliyi və TƏBİB-in müvafiq altsistemi arasında inteqrasiyalar təşkil olunub. Hazırda müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların hansı tibb müəssisəsində müayinə edilməsinə dair məlumatların SMS və ya “mygov” portalı vasitəsilə göndərilməsi həyata keçirilir”.

Xidmətin hər bir əməkdaşının amalı Vətənə sədaqət, insana qayğı, ən başlıcası isə milli-mənəvi dəyərlərə hörmətdir

“Bu gün Xidmətin hər bir əməkdaşının amalı Vətənə sədaqət, insana qayğı, ən başlıcası isə milli-mənəvi dəyərlərə hörmətdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti bundan sonra da ümummilli liderimiz Heydər Əliyev ideyalarına sadiq qalacaq, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin etimadını doğruldacaq, qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi üçün var qüvvələri ilə çalışacaqlar” deyə məlumatda daha sonra bildirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.