Press "Enter" to skip to content

Başladığımız heç bir işi yarımçıq qoymuruq

Dilşad Musa

Dilşad Musa: Üçüncü “Sahibkarlıqda Media” Forumu ilə yeni uğura imza atmağa iddialıyıq

BAYRAQDAR MEDİA – “Biz başladığımız heç bir işi yarımçıq qoymuruq. Əksinə, hər bir addımı gələcəkdə atılacaq addımlar üçün stimul olur”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Adalia Agency” şirkətinin rəhbəri Dilşad Musa deyib. O, qeyd edib ki, layihə rəhbəri olduğu “Sahibkarlıqda Media” Forumu da bunlardan biridir: “Sizə də məlum olduğu kimi ötən il biz bu istiqamətdə ikinci forumu keçirdik və tədbir bir daha medianın sahibkarlıqda rolunun nə qədər yüksək olduğunu göstərdi. Ümumiyyətlə, 2024-cü ildə Adalia Agency-nin təşkil etdiyi və İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası, həmçinin Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin tərəfdaşlığı ilə reallaşan ikinci forum zamanı edilən çıxışlar, səslənən təkilflər bizim yanılmadığımızı bir daha ortaya qoydu”.

D.Musanın sözlərinə görə, həmin vaxt çıxışlarda, həmçinin panel iclaslardakı təqdimatlarda bir daha vurğulandı ki, tədbirin mövzusu çox maraqlı olmaqla yanaşı, həm sahibkarları, həm də medianı əhatə edir: “Çıxışlar və səslənən təkliflər isə bizə yeni addımlar üçün stimul verdi. Belə qənaətə gəldik ki, hər iki tərəf, yəni sahibkarlar və media subyektləri belə tədbirin davamlı olmasının istəyir, bunu arzu edirlər. Biz də öz komandamızla bu istəyi reallaşdırmaq üçün hərəkətə keçdik. Yəni ikinci forum başa çatan kimi növbəti foruma hazırlıq başladı və artıq nəticə ortadadır. Martın 12-də üçüncü forumla yeni bir uğura imza atmağa iddialıyıq”.

Müsahibimiz əlavə etdi ki, “Sahibkarlıqda Media” Forumunun təşkilində məqsəd medianın sahibkarlıqla rolunun nə qədər yüksək olduğunu göstərmək, sahibkarlıqla medianın dostluq körpüsünü qurmaq, eyni zamanda yerli sahibkarlar və iş adamları arasında biznes və əməkdaşlıq əlaqələrin qurulması və ortaq layihələrin qurulmasına dəstək olmaqdır: “Deyə bilərərm ki, ilkin mərhələdə buna da nail ola bildik. Arxada qoyduğumuz iki forum medianın sahibkarlıqda rolunun nə qədər yüksək olduğunu göstərdi. Belə tədbirlərin sahibkarlıq ilə media arasında dostluq körpüsünün qurulması, eyni zamanda yerli sahibkarlar, iş adamları arasında biznes və əməkdaşlıq əlaqələrinin qurulması və ortaq layihələrin icra edilməsinə dəstək sahəsində necə böyük önəm kəsb etdiyi vurğulandı. Məhz bundan yola çıxaraq üçüncü Fforumun keçirilməsinə qərar verdik. Beləliklə, 12 mart, saat 10:00-18:00-da JW Marriot Abşeron Otelin “Şərq” zalında üçüncü forum keçiriləcək. Bu forumda da dövlət qurumlarının təmsilçiləri, millət vəkilləri, yerli və xarici yerli iş adamları, sahibkarlar, media nümayəndələri iştirak edəcək”.

D.Musa onu da qeyd edib ki, Azərbaycanın aparıcı biznes qurumlarının dəstəyi ilə keçiriləcək tədbir çərçivəsində 3 panel iclası olacaq: “Hər paneldə 1 moderator və 4 özəl məruzəçi olacaq. Bundan başqa forum çərçivəsində digər maraqlı işlər də nəzərdə tutulub. Bu, hələlik sirr qalsın. Sadəcə onu deyə bilərəm ki, foruma qatılanlar bu dəfə də razı dönəcəklər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.