BAYRAQDAR MEDİA – ADA Universiteti və “ICPC Foundation” arasındakı müzakirələrin nəticəsində Universitetin ev sahibliyi və Azərbaycan Mərkəzi Bankının tərəfdaşlığı ilə Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (“ICPC”) 49-cu dünya finalının Bakıda keçirilməsi barədə razılıq əldə edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən ADA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “dünyanın ən nüfuzlu proqramlaşdırma yarışı hesab olunan müsabiqə 31 avqust – 5 sentyabr tarixlərində “ICPC Azərbaycan” icması ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı çərçivəsində keçiriləcək. “ICPC” dünya finalı Azərbaycanın rəqəmsallaşma və innovasiya sahəsində qlobal nüfuzunun artırılmasına və beləliklə də, beynəlxalq səviyyədə rəqəmsal transformasiyanın aparıcı qüvvələrindən birinə çevrilməsinə imkan yaradacaq”.
Sonra xəbərdə, “müsabiqədə dünyanın müxtəlif ölkələrindən aparıcı universitetlərin ən güclü komandaları iştirak edəcək. Ümumilikdə, “ICPC”nin rəsmi mərhələlərində hər il 110-dan çox ölkədən, 3 min 500-ə yaxın universiteti təmsil edən 70 mindən artıq ən güclü tələbə-proqramçı iştirak edir. Dünya finalında isə 50-dən artıq müxtəlif ölkədən 140-a yaxın ali təhsil müəssisəsini təmsil edən komandaların (hər komandada 3 tələbə) iştirakı nəzərdə tutulur” deyə bildirilir.
Xəbərdə həmçinin deyilir ki, “Azərbaycan universitetlərini təmsil edən komandalar 2005-ci ildən etibarən “ICPC”nin regional turlarında iştirak edərək müsabiqənin ölkədə təbliği, proqramlaşdırma sahəsinin inkişafı və gənclərin bu sahəyə cəlb olunması istiqamətində genişmiqyaslı işlər görüblər. 2024-cü ildə ADA Universitetinin komandası Misirin Luksor şəhərində keçirilmiş “ICPC” finalında uğurla çıxış edib”.
Qeyd edək ki, “ICPC” 1970-ci ildə ABŞ-də yaradılıb. 1977-ci ildən etibarən beynəlxalq səviyyədə keçirilən. yarış tələbələrin proqramlaşdırma bacarıqlarını, alqoritmik düşüncələrini və komanda işini inkişaf etdirməyə yönəlib.