BAYRAQDAR MEDİA – Təsisçisi Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) olan Din Araşdırmaları Jurnalının növbəti sayına məqalə qəbulu başlayıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Aİİ-nin mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “jurnalda məqalələrinin dərc olunmasını arzulayan müəlliflər 31 mart 2025-ci il tarixinədək müraciət edə bilərlər. Jurnala elmi dərəcəsi olan xarici ölkə və yerli alimlərin, o cümlədən doktorantların, həmçinin magistrantların məqalələri qəbul edilir. Jurnal Prezident yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə və beynəlxalq standartlara uyğun şəkildə ildə iki dəfə nəşr olunur və elektron formatda yayımlanır”.
Sonra xəbərdə, “Din Araşdırmaları Jurnalı 2020-ci ildən AAK tərəfindən fəlsəfə və psixologiya üzrə elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib. Jurnalın redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Pakistan, Qazaxıstan, İndoneziya və Malayziya kimi ölkələrdə fəaliyyət göstərən nüfuzlu alimlərdən ibarətdir” deyə bildirilir.
Qeyd edək ki, elmi nəşrə göndərilən və qəbul edilən məqalələr üçün heç bir ödəniş tələb olunmur. Jurnalda dərc olunan hər məqalə üçün DOI (Digital Object Identifier) təsisçi tərəfindən təmin edilir. Müəllif məqaləsini göndərmək üçün Din Araşdırmaları Jurnalının saytında qeydiyyatdan keçib, şəxsi kabinet yaratmalıdır. Məqalələr yalnız sayt üzərindən qəbul edilir.nJurnala daxil olan məqalələrin dəyərləndirilməsi zamanı ikitərəfli anonim rəy prosesi tətbiq olunur. Müəllif məqaləsi ilə bağlı gedişatı saytda yaratdığı profil üzərindən izləmək imkanına malikdir.
Gələcəkdə sözügedən Jurnalın beynəlxalq elmmetrik bazalarda indekslənməsi nəzərdə tutulur.
Jurnalın əsas məqsədi psixologiya və fəlsəfə üzrə, o cümlədən dinin tarixi, fəlsəfəsi, din sosiologiyası və din psixologiyası üzrə Azərbaycan, rus, ingilis, türk və ərəb dillərində hazırlanmış müstəqil tədqiqatları məqalə və resenziya kimi dərc edərək, beynəlxalq aləmdə bu istiqamətdə məlumatların, araşdırmaların artmasına töhfə verməkdir.
İlk şərhi yaza bilərsiniz