Press "Enter" to skip to content

Orxan Sübhan: Azərbaycanda o səviyyədə futbolçu yoxdur

Sevil Akifqızı və Orxan Sübhan

Tanınmış aparıcı, idman jurnalisti Orxan Sübhanın BAYRAQDAR MEDİA-ya özəl müsahibəsini təqdim edirik.

-Oxucularımız Orxan Sübhanı yenidən tanımaq istəyir. İdman jurnalistikasına olan marağınız necə yarandı?

-İdman junalistikasına 20 ilimi həsr eləmişəmsə, deməli idmana bütün ömrümü bağışlamışam. Uşaqlıdan idmanın müxtəlif növləri, o cümlədən cüdo, ağır atletika ilə məşğul olmuşam. Daha çox futbola getmişəm. O vaxt Sumqayıtda yaşayırdıq. Milli komandamızın sabiq futbolçuları Mahir Şükürov, Vüqar Nadirov, hətta idman jurnalisti Anar Xanlarovla birlikdə uşaqlıq illərində komanda yoldaşı olmuşuq. Sonradan ata-anam ali təhsilin daha vacib olduğunu məsləhət bildi. Mən də idmanla idmançı kimi sağollaşdım. Fikrimi yalnız təhsilə cəmlədim. Onu da əlavə edim ki, hələ orta məktəbdə oxuduğum illərdə hər gün atamla bütün telekanallarda xəbərlər bitəndən sonra idman xəbərlərini səbirsizliklə gözləyərdim. Yuxarı-aşağı bütün telekanallar, demək olar eyni xəbərləri təqdim edirdilər. Ancaq yenə də hər birinə ayrı-ayrılıqda axıra qədər birlikdə baxardıq. Axı o vaxt idman kanalı yox idi. Bu da öz aramızda qalsın, 2009-cu ildə ilk idman kanalının açılışının aparıcısı olmuşam. Cənab prezident İlham Əliyevin təşəbbüsü ilə Pekin Olimpiadasından aylar sonra ölkədə belə bir kanal fəaliyyətə başlamışdı. Hamımız çox sevinirdik. Mən də həmin telekanalın bir üzvü idim. İndi deyəcəyəm idmana sevgini məndə kim yaradıb. Atam idman həvəskarı idi, özü də “Neftçi”nin azarkeşi. Bu komandanın oyunlarını heç buraxmazdı, stadionda izləyərdi. Həm də çox vətənpərvər insan olub rəhmətlik. Elə olub ki, milli komandamızın oyunu olub, biz 3 uşaq evdə himnimizi əvvəldən-axıra qədər ayaq üstdə oxumuşuq. Bu bir yana, mən ibtidai sinifdə oxuyurdum ölkəmiz müstəqillik qazananda. Atam bir qəzetdən kəsib gətirmişdi dövlət himnimizin sözlərini. Mənə verdi və dedi ki, əzbərlə, bacı-qardaşına da öyrət, hamınızdan soruşacağam. Bax, belə başlayıb mənim Vətənə, idmana sevgim. Atam dünyasını dəyişdiyi son günə kimi bizim üçün əlindən gələnin ən yaxşısını etməyə çalışdı. Uşaqlıq illəri Şamaxıda keçib, atasız böyümüşdü atam. Əsgərlikdən gələndən sonra indiki İqtisad Universitetini bitirmişdi. Atam çox istəyirdi ki, biz 3 uşaq oxuyaq, ali təhsil alaq. Mən də idmanla sağollaşıb, fikrimi cəmlədim təhsilə. 2004-cü ildə jurnalistikanı bitirdim. Bunu da deyim, mənim soyadım Baxşiyevdir. Ancaq efirdə ilk gündən Orxan Baxşiyev kimi yox, Orxan Sübhan kimi təqdim olunmuşam. Özüm belə istəyirdim. Sübhan atamın adıdır. Atam mənim həyat müəllimim olub. Həmişə onunla fəxr etmişəm və atdığım hər addımda atamı sevindirməyə çalışmışam. Kimsə yanında məndən danışanda sevinirdi. Ona görə də atamın adını özümə təxəllüs kimi götürmüşəm. Adam da var ki, elə bilir adım Orxan yox, Sübhandır. Nə isə, ali təhsil alandan sonra da özümə söz vermişdim ki, mən idman jurnalisti olacağam. Hazırda da qarşınızda əyləşən idman jurnalisti Orxan Sübhandır.

-Azərbaycan milli futbol komandalarının uğursuz çıxışlarının səbəb nədir və bunun aradan qaldırılması üçün hansı dəyişikliklər təklif edirsiniz?

-Əslində, illərdir futbolla bağlı atılan səhv addımlar bu gün Azərbaycan futbolunun bərbad vəziyyətdə olmasına səbəb olub. Milli komandaların bu gün uğursuz çıxışının əsas səbəbi vaxtilə atılmalı olan, ancaq atılmayan addımların nəticəsidir. Halbuki dövlət Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) dəstəyini heç vaxt əsirgəməyib. 2005-2015-ci illər arasında dövlət proqramı təsdiq olunmuşdu. O dövrdə AFFA normal qərarlar qəbul etsəydi bu gün Azərbaycanın normal futbolu da olardı. Səhv etmirəmsə, o vaxt futbol akademiyasını Azərbaycanda açmaq əvəzinə gedib Almaniyada açmışdılar. Halbuki bu gün elə bir futbolçu yoxdur ki, kimsə göstərib desin ki, bu uşaq həmin o Almaniyadakı akademiyanın yetirməsidir və indi milli komandamızda oynayır. Yəni heç bir faydasını görmədik. İndi sevindirici məqamlardan biri budur ki, komandaların sayını artırırlar. Nə qədər komanda sayı çox olsa, bir o qədər yaxşıdır. Buna sevindim. Ancaq həm də legioner limitinin ləğv edilməsinə üzülürəm. Yaxşı, bəs Azərbaycanlı futbolçular gedib harada oynayacaqlar? Bəlkə kimsə fikirləşər ki, yaxşı oldu, bizimkilər xaricdə legioner həyatı yaşayarlar. Gəlin baxaq görək, bu gün milli komandanın heyətində neçə nəfər xarici ölkədə legioner həyatı yaşayır? Bu qədər güclü olsaydılar, çoxdan xaricə legioner həyatı yaşamağa getmişdilər. Əgər getməyiblərsə, deməli Azərbaycanda o səviyyədə futbolçu yoxdur. Çox az, barmaqla sayılacaq adamlar var ki, legioner həyatı yaşamağa hazırdırlar. O da ən yaxşı halda Türkiyənin birinci liqasında oynaya bilərlər. Bəs qalanları?

-Məsələn, hansı futbolçular?

-Ad çəkmək istəmirəm. Azərbaycanda az sayda da olsa istedadlı futbolçular var ki, müəyyən yaş dövrünə çatdıqdan sonra adları hallananda “ulduz xəstəliyi”nə tutulurlar. Bəlamız budur. Müəyyən müddətdən sonra həmin uşağı axtarırsan, tapa bilmirsən. Halbuki həmin uşaqlar vaxtında düzgün addımlar atsaydılar indi daha böyük klublarda oynayardılar.

-Səudiyyə Ərəbistanının “ən-Nəsr” klubunun portuqaliyalı ulduzu Kriştianu Ronaldo verdiyi açıqlamada tarixin ən yaxşısı olduğunu iddia edib. Peşəkar idman jurnalisti olaraq bu barədə nə düşünürsünüz?

-Gizlətməyəcəyəm, mənim üçün bir nömrəli futbolçu Lionel Messidir. Ancaq onu da deməliyəm ki, futbol azarkeşlərinin bəxti gətirib ki, həm Ronaldonu, həm də Messini izləmək imkanı olub və hələ də o imkanımız var. Çünki heç biri peşəkar futbolçu karyerasını bitirməyib. Bu futbolçular hətta müəyyən vaxtlarda Azərbaycana da gəliblər.

-İdman şərhçiliyi sahəsinə marağınız olubmu?

-Mənim şərhçilik etdiyim dövr CBC Sport-da işlədiyim dövrdür. Ancaq səmimi etiraf etsəm, ölkədə daha güclü şərhçilər var. Hazırda “İdman” telekanalında işləyən Siyavuş Əliyev mənim üçün bir nömrəlidir. Ondan başqa yaxşı şərhçilər də var. Bir daha xatırladım ki, 20 ilə yaxındır idman jurnalistikasındayam və demək olar ki, şərhçilərin əksəriyyəti ilə bir yerdə işləmişəm. Həmin dövrdə hansı telekanalda çalışdığımı deməyəcəyəm. Günlərin bir günü TV kanalının direktoru bütün idman jurnalistlərini, şərhçilərini bir iclasa yığdı. Şərhçilərdən birinə dedi: “Mən dünən futbola baxırdım, sən şərh edirdin, mətbəxə getdim, özümə çay süzməyə, elə qışqırdın ki, qaça-qaça gəlib gördüm ki, futbolçular topu meydanın mərkəzində bir-birinə ötürürlər”.

-Sizcə, Azərbaycanın futbol infrastrukturu və akademiyaları yerli gənc futbolçuların inkişafı üçün yetərlidir?

-Mənim üçün futbol akademiyası uşaqların bir yerdə yaşaması, məşq etməsi, dərslərini bir yerdə oxuması, asudə vaxtlarında məşqçilərlə futbolla bağlı müzakirələrdə iştirakıdır. Yoxsa ki, misal üçün, Hövsanda yaşayan bir uşaq səhər tezdən ağır çanta ilə məktəbə getsin, məktəbdən yorğun evə qayıtsın, bir tikə çörək yeyib yola çıxsın. Metro və yaxud avtobusla 1 saatlıq yol qət etsin. Misal üçün, Bayıla məşqə gəlsin. 1-2 saatlıq məşqlə taqətdən düşən uşaq təsəvvür edin. Sonra hələ geri qayıtmağı, sabah üçün evdə dərs oxumağı, hazırlaşmağı demirəm. Bax, bəzi klubların akademiya anlayışı təəssüflər olsun ki, belədir. Heç aşağı yaş qruplarından ibarət komandaların çempionatlarında futbol oynamaq üçün stadion tapa bilmirlər, qalmışdı akademiya. Nə vaxt klublar normal akademiyalara sahib olacaqlarsa, o vaxt da yaxşı futbolçular yetişdirə biləcəklər.

-Orxan bəy, bir çox mətləblərə toxundunuz, amma yenə də sualımı şiddətləndirmək istərdim: Azərbaycanda futbolun inkişafı nə yerdədir? Azərbaycan futbolunun inkişafı üçün hansı addımlar atılmalıdır?

-Biz çox gecikmişik, tələsmək lazımdır. Federasiyada indiyədək çalışanlar futbolun inkişafı üçün vaxtında gərəkli addımları atmadıqları üçün bu gün hazırkı AFFA rəhbərliyindən hər şeyin tez olmasını gözləyirik. Daha doğrusu, hər şeyin tezliklə həllini tapacağına ümid edirik. Bu qədər səbir etmişik, bir az da gözləyərik.

Müsahiblə xatirə şəkli
Müsahiblə xatirə şəkli

-Bəs Azərbaycanın müxtəlif bölgələrində futbolun inkişafını necə qiymətləndirirsiniz?

-Mən rayonlara çox gedirəm. Hətta Cəbrayıla gedib köhnə stadionu da tapmışdım. Bu, sosial şəbəkələrdə kifayət qədər maraqla qarşılanmışdı. İndiki dövrdə insanlar artıq televiziyalara elə də maraq göstərmir. Hazırda TikTok sosial şəbəkələrin ən öndə gedənidir. Bəzi insanlar isə hələ də bunu qəbul edə bilmir. Qeyd edim ki, TikTok-da ilk idman səhifəsi mənə məxsus olub.

-Sosial şəbəkələrdə fəallığınıza görə Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) tərəfindən 2024-cü ilin idman vloggeri seçilmisiniz…

-Bəli, açığı, sonradan xəbərim oldu. Bu haqda heç vaxt heç yerdə danışmamışam. Sağ olsunlar, əməyimi qiymətləndiriblər. Hazırda heç yerdə işləmirəm, sırf sosial şəbəkələr üzərində işləyirəm. Rayonlara gedirəm, çəkilişlər edirəm. Mənim işim-gücüm idmandır, əlimdən başqa iş gəlmir.

-Azərbaycan idman jurnalistikasının gələcəyi haqqında nə düşünürsünüz?

-Bu sahəyə kifayət qədər böyük maraq var. Əksəriyyət şərhçi olmaq istəyir. Mənə sual verirlər ki, şərhçi olmaq üçün kimə, hara müraciət edim? Deyirəm ki, bu elə bir şeydir ki, ən azından jurnalist diplomun olmalıdır. “Mən gəlmişəm, şərhçi olmaq istəyirəm” deyə bir şey yoxdur. Hamının həvəsi var, onda hamı gedib şərhçi işləsin, elə bir şey yoxdur.

-Bəs, xanımlar arasında şərhçiliyə maraq nə yerdədir?

-Məncə, şərhçilikdə ilk xanım Səmra xanımdır. Biz bir yerdə CBC Sportda işləmişik. Səhv etmirəmsə, onun ilk şərhi mənimlə birlikdə olub. Əgər bu müsahibədən xəbəri olsa, təsdiqləyər. Bayılda 10 yaşlı uşaqların final qarşılaşmasını bir yerdə şərh etmişdik. Başqa şərhçi xanımı xatırlamıram. Ancaq ola bilər təzəlikcə kimsə başlayıb, mənim xəbərim yoxdur. Çox az sayda xanım jurnalist var ki, idmanla bağlı yetərli məlumata sahibdir. Bir çoxlarının həvəsi var, efirə çıxmaq istəyir deyə bu sahəyə gəlib. Ancaq futbolçunun adını belə düzgün deyə bilmir. Futbolçu öz adını onların dilindən eşitsə, futbolu atar.

-Son bir ildə iş axtarışı zamanı hansı çətinliklərlə qarşılaşdınız?

-Bir ilə yaxındır işsizəm. Açığı, işlə bağlı heç kimə müraciət etməmişəm. Bəzi təkliflər olub, razılaşmamışam. Ancaq təkliflərə açığam. Düşünürəm ki, bu sahədə az da olsa nəsə bilirəm. Səhər tezdən yuxudan oyanıb idman xəbərlərini axtaran adamam. Məndən heç kimə pislik gəlməz.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.