Press "Enter" to skip to content

Ana: Oğlumun şəhid olduğu yerə getdim…

Şəhid Nohəl Əliqəmə oğlu
Şəbnəm TOFİQQIZI
Şəbnəm TOFİQQIZI

BAYRAQDAR MEDİA-nın media tərəfdaşı olduğu “Qarabağ həqiqətləri işğaldan Zəfərə qədər” adlı layihə çərçivəsində yazılarımızın növbətisi şəhid Əliyev Nohəl Əliqəmə oğluna həsr edilib. Layihənin rəhbəri, yazıçı-araşdırmaçı-ssenarist Şəbnəm Tofiqqızı şəhidin anası Tofiqə xanımla söhbət edib.

…Vətən uğrunda vuruşan hər bir qəhrəman əsgərin anası da eyni dərəcədə qəhrəman sayılır. Çünki o oğulları Vətən sevgisi ilə böyüdən anaların özləri də elə qəhrəmandır, başqa cür ola da bilməz. Qazandığımız Qarabağ Zəfərində belə anaların əməyi də böyükdür, danılmazdır.

Tanıtım

Bu gün haqqında danışacağımız şəhid Əliyev Nohəl Əliqəmə oğlu 1989-cu il avqustun 13-də Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində anadan olub. 1995-ci ildə həmin kənddə məktəbə gedib və 2006-cı ildə məktəbi bitirib, hərbi xidmətə yollanıb. Xidmətini Kəlbəcərin Murov dağlarında çətin bir şəraitdə çəkən şəhidimiz tərxis olunduqdan sonra da hərbçi olmağı seçib. O, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi yoluna davam edib.

Nohəl 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib. 2-ci Qarabağ savaşında da iştirak edən igid oğul 2 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu ərazisində gedən döyüşlərdə şəhid olub. Bu yenilməz hərbçi bir çox tərifnamə, fəxri fərmanlara layiq görülüb. Ölümündən sonra “İgidliyə görə”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Qarabağ həqiqətləri işğaldan Zəfərə qədər

Mən onu “atam” deyə çağırırdım…

…Nohəl haqqında xatirələrini danışan ana göz yaşlarını saxlaya bilmir. Təbiidir. Çünki bir ana üçün övlad acısından böyük dərd yoxdur. Lakin şəhid analarının böyüklüyü ondadır ki, onlar bu acını da qürurla çəkirlər. Elə bu baxımdan şəhid Nohəl Əliyevin anası Tofiqə xanım da söhbətimizə göz yaşları ilə başladığı halda özünü toparlayır, oğlunun şəhadətə yüksəldiyi şəhidlik zirvəsi ilə qürur duyduğunu da deməkdən çəkinmir.

“Nohəl mənim ilk övladım, ilk göz ağrım idi. O, dünyaya gələndə sevincimizin həddi-hüdudu yox idi. Çox çətin bir şəraitdə, çətinliklə böyütmüşdüm Nohəlimi. Çox mehriban, ağıllı, tərbiyəli övlad idi. Böyüklə böyük, kiçiklə kiçik idi. Övladlarımın ən sevimlisi, dadlısı idi Nohəlim. Mən atamı çox erkən itirmişəm, atasız böyümüşəm. Ona görə də Nohəlimi “atam” deyə çağırardım. Məktəbdə müəllimlərin də sevimlisi idi”, deyir qürurlu şəhid anası Tofiqə xanım.

O, Vətən uğrunda canından keçməyə hazır idi

Ana sözlərinə davam edir: “O, heç vaxt üzləşdiyi çətinlikləri ailəsinə hiss etdirməzdi. Hələ hərbi xidmətdə olduğu vaxtda da həmişə deyərdi ki, hər şey yaxşıdır. Elə bir övlad idi ki, daim çətinliyini içində gizlədərdi. İmanı, inancı, Vətən sevgisi kamil bir oğul idi o”.

İnsan kimi çox mərhəmətli idi…

Şəhid Nohəl Əliyevi tanıdıqca görürsən ki, o, ürəyiaçıq, çox mərhəmətli insan olub. Həmişə imkanı daxilində kimsəsizlərə, kasıblara kömək edib. Tez-tez kimsəsizlər evinə gedər, kimsəsiz uşaqları, qocaları ziyarət edərmiş. Atasız uşaqları sevindirən şəhidimiz özündən sonra Mehdi və Abbas adlı iki övladını sevənlərinə əmanət edib. Şəhidimizin əmanət övladları bizim üçün hər zaman əziz və doğmadır.

Şəhidlik onun arzusu idi…

Tofiqə ana sözünə davam edir: “Şəhidlik zirvəsinə ucalmaq balamın arzusu idi. Öz sosial media səhifəsində paylaşım etmişdi ki, “Hər ayağını sevən tikanlı yoldan keçməz, hər canını sevən Vətən uğrunda ölməz. Mən bu Vətən üçün canımdan çoxdan keçmişəm”.

…Son dəfə 2020-ci il sentyabrın 26-da evdən çıxanda heç geri dönüb bizimlə vidalaşmadı da… Balam iki övladını, ailəsini, ata-anasını qoyub döyüşə getdi. Sentyabrın 27-si müharibə başladı. Nohəlim – gözümün nuru balam oktyabr ayının 2-də düşmən tərəfindən Cəbrayıl rayonunun Nüzgar kəndində vurularaq şəhidlik zirvəsinə ucalıb. Bir ana üçün bu dünyada övlad itkisindən daha ağır dərd yoxdur. Amma yenə də bir təsəllimiz var: balamın məqamı ucadır, şəhadət zirvəsinə yüksəlib. …Onun şəhid olduğu yerə də getmişəm mən. …Bir ana övladının vurulduğu yerdə nə hisslər keçirə bilər? Onu mən bilirəm. Amma yenə də təsəllim onun şəhidlik zirvəsi oldu. Allah sevdiyi bəndəsini yanına aparır, mənim Nohəlim də Allahın sevimli bəndəsi idi. Balamın Vətənə əmanət iki övladı qalıb. Təsəllim həm də onlardır. Bir də arzum odur ki, Nohəlimin adı daim yaşasın, unudulmasın. Nə qədər ağır olsa da mən həmişə qəhrəman balamla fəxr edəcəyəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət, məqamları uca olsun”.

Biz də öz adımızdan deyirik: əziz Ana, sizin övladınız elə bir şərəfli yol keçib ki, heç vaxt unudula bilməz və unudulmayacaq! Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsini əziz tutmaq hər birimizin borcumuzdur. Onları unutmağa nə mənəvi, nə də hüquqi ixtiyarımız yoxdur.

Nohəlin övladları da hər zaman atalarının adı ilə qürur duyacaqlar. Arzu edirik ki, onlar dövlətimizin diqqət və qayğısı nəticəsində şəhid atalarının adına veriləcək mənzildə şəhid Nohəl Əliyevin ev muzeyini yaratsınlar.

…Bu ailəni tanıdım və doğmalaşdım. Qeyd edək ki, şəhidimizin atası Əliqəmə kişi də xanımı ilə həmfikir oldu. Əziz şəhid Atası, oğlunuzun itkisi dünyamızı kədərə bələsə də başınızı uca tutun. Sizin oğlunuz Vətən uğrunda canından keçib.

…Haqqınız ödənilməz, əziz şəhid ata-anaları. Qarşınızda baş əyirik.

…Bəli, onlar tarix yazdılar. Həm də Azərbaycan tarixinin ən şanlı səhifəsini. Cənab Ali Baş Komandan İlham Əliyevin bir əmri ilə 44 günə Zəfər tarixini yazdılar onlar.

Tarixin bizə əmanətidir şəhidlər. Ona görə də yazırıq və işıqlandırırıq ki, onların ömrünə ömür qataq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.