BAYRAQDAR MEDİA – Yazıçı və publisisti Yunus Oğuzun 65 illik yubileyi münasibətilə Türkiyənin İLESAM nəşriyyatı müəllifin iki romanını – “Ovçu” (“Avcı”) və “Atabəy və Xaşxaşilər” (“Atabey və Haşhaşiler”)i Türkiyə türkcəsində çap edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Yunus Oöyz məlumat verib.
Kitablar türk oxucusuna böyük məhəbbətlə təqdim olunub və qeyd edilib ki, türk tarixçiliyinə və ədəbi düşüncəsinə özünəməxsus baxış gətirən Yunus Oğuz tarixi roman janrında yeni üslubu ilə seçilir. Onun qələmə aldığı əsərlər təkcə tarixi hadisələri əks etdirmir, həm də keçmişi günümüzün reallıqları ilə vəhdətdə təqdim edir.
“Ovçu” romanı (“Avcı”) Ermənistan-Azərbaycan münaqişəsi fonunda real qəhrəmanların həyat hekayələrinə əsaslanır. Əsər Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin və digər şəhidlərin xatirəsinə həsr olunub. Romanda oxucu üç fərqli dövrdə yaşamış üç Murad obrazı ilə tanış olur. Müəllif onların talelərini ustalıqla birləşdirərək oxucunu tarixin dərinliklərinə aparır.
“Atabəylər və Xaşxaşilər” romanı (“Atabey və Haşhaşiler”) isə Səlcuqlar dövründə Atabəylik institutunun formalaşmasını və həmin dövrün ən sirli təşkilatlarından biri olan Xaşxaşilərin fəaliyyətini təsvir edir. Əsərdə Melikşahdan sonra Səlcuq dövlətində baş verən siyasi çəkişmələr, Bağdad xəlifəsinin saray oyunları və Türk sultanlarına qarşı yönəlmiş sui-qəsdlər geniş işıqlandırılır. Kitab həmçinin Azərbaycan Atabəylərinin tarixinə də toxunaraq bu dövrə işıq salır.
Hər iki əsər tarixi roman janrında yazılmış və oxuculara həm keçmişi öyrənmək, həm də bədii zövq almaq imkanı yaradır. Yunus Oğuzun yubileyinə həsr olunmuş bu nəşrlər Azərbaycan ədəbiyyatının Türkiyədə daha geniş auditoriyaya çatdırılmasına töhfə verəcək.
İlk şərhi yaza bilərsiniz