BAYRAQDAR MEDİA – Oktyabrın 29-dan etibarən Akademik Milli Dram Teatrı Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Televiziyasının dəstəyi ilə “Bölgə teatrlarının Bakı premyeraları” layihəsinə başlayıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “layihənin növbəti qonağı Naxçıvan Dövlət Dram Teatrı olub. Fevralın 10-da görkəmli yazıçı və dramaturq Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri əsasında rejissor Mirqabil Əkbərovun quruluş verdiyi eyniadlı tamaşa nümayiş olunub. Tamaşanın nümayişindən sonra Akademik Milli Dram Teatrının Bədii rəhbəri, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə Naxçıvan Dövlət Dram Teatrının direktoru və tamaşanın quruluşcu rejissoru Mirqabil Əkbərova Milli Dram Teatrının diplomunu təqdim edib”.
Qeyd edək ki, sözügedən layihənin məqsədi bölgə teatrlarının yaradıcı həyatını stimullaşdırmaq, bölgə teatrlarında hazırlanan səhnə əsərlərini paytaxt tamaşaçılarına təqdim etməkdir.
10 mart – Milli Teatr Gününə qədər davam edəcək layihə Naxçıvan, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şəki, Füzuli, Qusar, Qax, Qazax, Ağdam teatrlarını əhatə edib.
İlk şərhi yaza bilərsiniz