BAYRAQDAR MEDİA – Azərbaycanda müxtəlif hadisələr səbəbindən zərər dəymi təsərrüfatlar üzrə aqrar sığorta ödənişlərinin həcmi artmaqdadır. Sığorta müqaviləsində nəzərdə tutulan risklər üzrə zərər çəkmiş təsərrüfat sahiblərinə növbəti sığorta ödənişlərinin verilməsi Göyçay və Kürdəmir rayonlarında həyata keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “Aqrar Sığorta Fondu tərəfindən bu rayonlarda meyvə bağları və taxıl sahələrinə dəymiş zərərlərə görə sığorta ödənişləri edilib. Göyçay rayonunun Bığır kəndi ərazisindəki nar bağında tingləri şaxta vurması nəticəsində dəymiş zərərə görə Aqrar Sığorta Fondu tərəfindən təsərrüfata 23 957 min manat zərər ödənişi verilib. Rayonun Çaxırlı kəndində isə fermer Vüsal Qasımova məxsus alça bağına fırtına nəticəsində dəyən zərər üzrə fermerə 1 680 manat sığorta ödənişi edilib”.
Məlumata görə, Aqrar Sığorta Fondu Kürdəmir rayonunda da aqrar sığorta ödənişi həyata keçirib: “Rayonun Cəyilli kəndində fermer Orxan Lazımbəyliyə məxsus buğda sahəsinə dolu nəticəsində böyük zərər dəyib. Hadisə Aqrar Sığorta Fondu tərəfindən araşdırılıb, fermerə dəymiş zərərə görə 25 840 manat sığorta ödənişi həyata keçirilib. Aqrar Sığorta Fondu bir daha fermerləri öz təsərrüfatlarını, xüsusilə də böyük zəhmət tələb edən və hazırda mövsümü olan meyvə bağlarını dövlət dəstəyi ilə sərfəli şərtlərlə sığortalamağa çağırır”.
İlk şərhi yaza bilərsiniz