Hikmət Babaoğlu: Son hadisələr həm də bu günə qədər dünyanın idarə olunmasında mövcud olan alətlərin köhnəldiyinin göstəricisidir
BAYRAQDAR MEDİA – “Hazırda dünyada və beynəlxalq münasibətlər sistemində baş verən hadisələr həm də bu günə qədər dünyanın idarə olunmasında mövcud olan alətlərin köhnəldiyinin göstəricisidir. Yaxud da, belə deyək ki, baş verənlər həmin alətlərin öz funksionallığını itirdiyinin göstəricisidir. Bu, həm beynəlxalq təşkilatlara aiddir, həm də hegemon dövlətlərin milli dövlətlər üzərində iradəsini həyata keçirən, məsələn, USAİD kimi təşkilatların artıq öz funksionallığını itirməsinə işarədir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Milli dövlətlər öz mövqelərindən çıxış etməyi bacarır və bunu cəsarətlə edirlər
Onun sözlərinə görə bu gün dünyada yeni bir intellektual inqilab baş verir: “Yəni milli dövlətlər öz mövqelərindən çıxış etməyi bacarır və bunu cəsarətlə edirlər. Hesab edirəm ki, bu nümunəni beynəlxalq münasibətlər sisteminə təqdim edən ilk ölkə məhz Azərbaycan olub. Azərbaycan heç bir xarici imperialist iradə ilə hesablaşmadan, özü müstəqil iradə nümayiş etdirərək, əslində dünyaya qarşı müharibə apardı. Və nəticə etibarilə öz torpaqlarını işğaldan azad etdi. Azərbaycan Qarabağı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin girovundan xilas etdi. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin kimliyi də hər kəsə bəllidir. Bunlar dünya siyasətini müəyyən edən ölkələr ABŞ, Rusiya və Fransadır”.
Azərbaycanın başlatdığı bu yenilik beynəlxalq münasibətlər sistemində geniş rezonans doğurubdur
Deputat qeyd edib ki, bu mənada Azərbaycanın başlatdığı bu yenilik beynəlxalq münasibətlər sistemində geniş rezonans doğurubdur: “Biz bundan sonra Azərbaycanın dünyada neokolonializm siyasətinə etiraz etdiyinə, bu siyasətdən əziyyət çəkən xalqların mübarizəsinə mənəvi-siyasi dəstək verdiyinə şahidlik etdik və hazırda da edirik. Məsələn Mayot adasından, Sakit okeanda yerləşən Yeni Kaledoniyanıdan tutmuş Orta Afrika ölkələrinə qədər biz bunu görürük müşahidə edirik”.
H.Babaoğlu vurğulayıb ki, dünya düzənində baş verənlər fonunda bu günə kimi Birləşmiş Ştatların dünyanın idarə olunmasına yön verən təşkilatları da ifşa olundu: “Onların cinayətkar, çirkin əməlləri gün üzünə çıxdı. Bu sırada təbii ki, USAİD-in adını çəkmək yerinə düşər”.
Azərbaycan bütün ssenarilərə hazırdır
Millət vəkili fikirlərini davam edək bildirib ki, Birləşmiş Ştatların hazırki mərhələdə bir sıra beynəlxalq qurumlarda öz fəaliyyətini dayandırması və digər oxşar addımlar uzun müddətdir səsləndirilən o fikirləri təsdiq edir ki, həm beynəlxalq təşkilatlar, həm də milli dövlətlərin qarşılıqlı əlaqələri yeni və daha faydalı, daha şəffaf münasibətlər tələb edir. Elə baş verən son hadisələrin mahiyyəti də bundan ibarətdir. Lakin hesab edirəm ki, biz indidən yekun nəticəyə gəlməyə tələsməməliyik. Çünki köhnələrinmi daha yaxşı olduğunu, yoxsa yenilərinmi daha yaxşı olacağını zaman göstərəcək. Ən azı yaxın keçmişdə cərəyan edəcək proseslər bu suala dolğun cavab tapmağa kömək edəcək. Sadəcə olaraq dəyişməz bir həqiqət budur ki, Azərbaycan bütün ssenarilərə hazırdır, öz müstəqil milli maraqlara əsaslanan siyasətini davam etdirmək qətiyyətində və gücündədir”.
İlk şərhi yaza bilərsiniz