Azərbaycanın işğaldan azad olunmuş bütün əraziləri kimi bu gün Xocalı rayonunun Malıbəyli kəndində də geniş bərpa-quruculuq işləri həyata keçirilir
BAYRAQDAR MEDİA – 33 il əvvəl, 1992-ci ilin 11 fevral tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Malıbəyli kəndi bu gün azaddır. Qarabağ müharibəsi zamanı erməni vəhşilikləri ilə ən çox üzləşmiş kəndlərimizdən biri olub Malıbəyli.
![Malibəyli 33 il əvvəl](https://i0.wp.com/www.bayraqdar.info/wp-content/uploads/2025/02/malibeyli2.jpg?resize=800%2C390&ssl=1)
Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən BAYRAQDAR MEDİA-ya daxil olan bir məlumatda qeyd edilib.
Heç yerdən yardım gəlmədiyini görən 4 minə yaxın kənd sakini doğma torpağını özü qoruyub
Bildirilib ki, “Malibəyli həmin vaxt qonşuluğundakı Yuxarı və Aşağı Quşçular kəndləri ilə birlikdə erməni silahlı dəstələrinin əsas hədəfinə çevrilib. Heç yerdən yardım gəlmədiyini görən 4 minə yaxın kənd sakini doğma torpağını özü qoruyub”.
![Erməni vəhşiliyinin izi](https://i0.wp.com/www.bayraqdar.info/wp-content/uploads/2025/02/malibeyli-3.jpg?resize=800%2C396&ssl=1)
Məlumatda deyilir ki, mühasirədə olan kəndin xarici aləmlə yalnız vertolyot vasitəsilə əlaqəsi olub: “1992-ci il yanvarın 28-də Şuşa səmasında vertolyotun vurulmasından sonra isə yeganə əlaqə vasitəsi də kəsilib. Beləliklə, Malıbəyli kəndi tam blokadaya düşüb”.
33 ildən sonra isə həmin tarix Malıbəyli kəndinin özündə xatırlanır, Malıbəylidə yad edilir
O da vurğulanır ki, 33 il öncə ermənilər tərəfindən bu kənddə qətliam törədilib: “Kəndin müdafiəsi zamanı xeyli adam yaralanıb, 50-yə yaxın günahsız insan qətlə yetirilib. İndi – 33 ildən sonra isə həmin tarix Malıbəyli kəndinin özündə xatırlanır, Malıbəylidə yad edilir”.
Fərdi evlər və çoxmənzilli binalarla yanaşı kəndin infrastrukturu da yenidən qurulur
Azərbaycanın işğaldan azad olunmuş bütün əraziləri kimi bu gün Xocalı rayonunun Malıbəyli kəndində də geniş bərpa-quruculuq işləri həyata keçirilir. Kəndin ərazisində təmizlik-abadlıq işləri davam etdirilir. Fərdi evlər və çoxmənzilli binalarla yanaşı kəndin infrastrukturu da yenidən qurulur, qaz xətləri çəkilir.
![Malibəyli yenidən qurulur](https://i0.wp.com/www.bayraqdar.info/wp-content/uploads/2025/02/malibeyli-4.jpg?resize=800%2C533&ssl=1)
Qeyd edək ki, 19–20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal antiterror əməliyyatları zamanı kənd Azərbaycanın nəzarətinə keçib. Əvvəllər Şuşa rayonuna daxil olan kənd 5 dekabr 2023-cü ildə Xocalı rayonunun tərkibinə daxil edilib.
Malıbəyli kəndi Qarqarçayın sahilində, Şuşa şəhərindən 15 kilometr güneydə, dağətəyi ərazidə yerləşir. Xankəndi şəhərinin isə lap yaxınındadır, cəmi 2,5 kilometr məsafə ayırır.
İlk şərhi yaza bilərsiniz