BAYRAQDAR MEDİA – Fevralın 13-ü saat 19:00-da Akademik Musiqili Teatrın kiçik səhnəsində “Killerdən teleqram” monotamaşası nümayiş olunacaq.
Bu haqda sözügedən Teatrın yaydığı xəbərdə qeyd olunur.
Xəbərdə deyilir ki, “səhnə əsəri yazıçı-dramaturq Pərviz Seyidlinin “Killer” pyesi əsasında hazırlanıb. Əsərin yeganə qəhrəmanı Killer-Cəlil obrazının ifaçısı Əməkdar artist Şövqi Hüseynovdur. Tamaşanın quruluşçu rejissoru gənc rejissor Zaur Əliyev, quruluşçu rəssamı Afaq Bayramova, musiqi tərtibatçısı Məhəmməd Məmmədovdur”.
Sonra xəbərdə, “tamaşada uşaqlıq illəri çox acınacaqlı keçən, gənclik illərində də bir çox mənəvi-psixoloji zərbələr alan bir insanın həyat hekayəsindən bəhs olunur. Muzdlu qatil qısa ömür yolunda həm özü ilə, həm də cəmiyyətin yazılmamış qanunları ilə mübarizə aparsa da, onu qarabaqara izləyən ləkəli keçmişindən yaxa qurtara bilmir” deyə bildirilir.
Xatırladaq ki, premyerası ötən il Musiqili Teatrda olan bu tamaşa həm də Qazaxıstanda keçirilən Mərkəzi Asiya Ölkələrinin IX Beynəlxalq Teatr Festivalında da uğurla nümayiş olunub.
İlk şərhi yaza bilərsiniz