BAYRAQDAR MEDİA – Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rəhbərləri arasında görüş keçirilib.
Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.
Xəbərə əsasən, görüşdə rektor Gülçöhrə Rixsiyeva iki təşkilat arasında çoxillik səmərəli əməkdaşlıqdan və iki dövlət arasında münasibətlərin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən birgə layihələrdən danışıb. Tələbələrin Azərbaycan mədəniyyətinə və ədəbiyyatına marağından danışan rektor Universitetdə Azərbaycan dilinin tədrisinin uğurla davam etdirildiyini vurğulayıb, bu layihənin həyata keçirilməsinə görə Mərkəzə təşəkkürünü bildirib.
Akif Marifli isə bildirib ki, Azərbaycan dili təkcə ünsiyyət vasitəsi kimi deyil, həm də Azərbaycan xalqının mədəni və tarixi irsinin daşıyıcısıdır və Mərkəz bu layihəni bundan sonra da davam etdirməyə, Universitetdə yaradılmış Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzini daim müxtəlif zəruri nəşrlərlə doldurmağa hazırdır.
Görüş nəticəsində Mərkəz tərəfindən iki ölkənin bakalavr, magistr və doktorantura tələbələrinin qardaş ölkəyə həsr olunmuş mövzularda dissertasiyaların və elmi layihələrin yazılması, tələbə mübadiləsi, birgə kitabların nəşri ilə bağlı irəli sürülən təkliflər Universitet rəhbəriyyəti tərəfindən müsbət qarşılanıb.
İlk şərhi yaza bilərsiniz