Zaur Bayramlı: Həm Güney Azərbaycanın toplum olaraq fəallaşması, həm də Guney Azərbaycan təşkilatlarının daha da güclənərək koordinasiyalı şəkildə çalışmaları lazımdır
BAYRAQDAR MEDİA – “Donald Trampın növbəti prezidentlik dövründə İran-ABŞ münasibətlərinin normallaşacağını düşünmürəm. Çünki D.Trampın birinci prezidentlik dönəmində də Amerikanın öncəliyi İran məsələsi olmuşdu. Yəni rəsmi Vaşinqton İrana təzyiqləri artırmışdı”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında hazırda Amerika Birləşmiş Ştatlarında yaşayan soydaşımız, ictimai-siyasi fəal Zaur Bayramlı deyib.
Onun sözlərinə görə, D.Trampın birinci prezidentliyi dövrünün xüsusilə son iki ilində İran məsələsi Amerikanın gündəmində əsas məsələ olaraq diqqətdə idi: “Xatırlayırsınızsa SEPAH-ın komandanı Qasım Süleymani məhz D.Trampın əmri ilə xüsusi bir əməliyyat nəticəsində məhv edilmişdi. Onu da qeyd edim ki, D.Tramp müxalifətə keçdiyi dönəmdə Bayden administrasiyasının İrana yönəlik, belə deyək, yumşaq siyasətini müntəzəm olaraq tənqid edirdi. Bu da səbəbsiz deyildi. Çünki daha əvvəllər İrana qarşı qoyulan sanksiyaların bir qismi Bayden hakimiyyəti dövründə qaldırıldı. Bu da İranın əlinin güclənməsinə səbəb oldu. İranın güclənməsi isə Orta Doğuda terror təşkilatlarının gücləmnməsi idi”.
Zaur Bayramlı qeyd edib ki, D.Trampın ikinci prezidentlik dönəmində ABŞ-İran münasibətləri daha da gərginləşəcək: “Lakin bu gərginləşmənin sırf Güney Azərbaycan faktoru üzərində qurulacağın da düşünmürəm. Təəssüflər olsun ki, Güney Azərbaycan məsələsi nə Birləşmiş Ştatların, nə da Avropanın öncəlik məsələsi deyil. Düzdür, demək olmaz ki, onlar 40 milyonluq Güney Azərbaycanı gözardı edəcəklər. Xeyir, gözardı etməyəcəklər. Ancaq dediyim kimi eyni zamanda Güney Azərbaycan məsələsi Amerikan İran planında heç də birinci sırada dayanmayacaq”.
Müsahibimiz bunun səbəbinə də aydınlıq gətirib: “Birləşmiş Ştatların İran məsələsində Güney Azərbaycanın birinci sırada dayanması üçün Güney Azərbaycan təsirli, vahid bir gücə çevrilməlidir. İstər İran daxilində, istərsə də xaricdə. Yalniz bu halda Batının İran planında Güney Azərbaycan birinci sırada dayana bilər. Ona görə, həm Güney Azərbaycanın toplum olaraq fəallaşması, həm də Guney Azərbaycan təşkilatlarının daha da güclənərək koordinasiyalı şəkildə çalışmaları lazımdır”.
İlk şərhi yaza bilərsiniz