Press "Enter" to skip to content

İlk dəfə olaraq Cəbrayılda sakinlər üçün tibbi müayinələr

İlk dəfə olaraq Cəbrayılda sakinlər üçün tibbi müayinələr

BAYRAQDAR MEDİA – “Böyük Qayıdış” proqramı çərçivəsində Səhiyyə Nazirliyi (SN) işğaldan azad olunmuş ərazilərə köçürülən vətəndaşlar arasında müxtəlif xəstəliklərin aşkarlanması ilə bağlı əhalinin kompleks müayinələrin aparılması, tibbi konsultasiyaların verilməsi və sağlamlıq məmnunluğunun təmin edilməsi məqsədi ilə silsilə tədbirləri davam etdirir. Nazirliyin təşkilatçılığı ilə növbəti belə tədbir fevralın 7-də keçirilib. Aksiya zamanı SN Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun tibb heyəti tərəfindən ilk dəfə olaraq Cəbrayıl şəhərində sakinlər üçün tibbi xidmətlər göstərilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “müayinələr İnstitutun tibbi avadanlıqların tam dəsti ilə xüsusi təchiz olunan Səyyar klinikasında aparılıb. Müxtəlif diaqnostik prosedurlardan başlayaraq ilkin tibbi yardım göstərməyə qədər istifadə edilən mobil klinikalar modul avadanlıq konsepsiyası sayəsində ucqar ərazilərdə yaşayan əhaliyə tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını təmin etmək məqsədi ilə yaradılıb. Aksiya zamanı ETAXİ-nin pulmonoloq, ftiziatr, allerqoloq, kardioloq, radioloq, rentgenoloq və laboratoriya həkimi tərəfindən müxtəlif instrumental-diaqnostik üsullardan istifadə edərək döş qəfəsi orqanlarının flüoroqrafiyası, elektrokardioqrafiya, exokardioqrafiya, spirometriya, USM müayinəsi və qan analizlərinin öyrənilməsi həyata keçirilib”.

Daha sonra xəbərdə, “müayinələr nəticəsində səhhətində problem aşkarlanan şəxslərə tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub. Aksiya zamanı 300-ə yaxın Cəbrayıl sakini müayinələrdən keçib. Tədbirdən sonra maarifləndirici aksiya təşkil olunub. Təqdimatlarla çıxış edən İnstitutun əməkdaşları qeyd ediblər ki, aksiyanın məqsədi işğaldan azad edilən ərazilərdə məskunlaşan əhali üçün mütəmadi qaydada səyyar tibbi müayinələrin keçirilməsi yolu ilə əhalinin sağlamlığını yaxşılaşdırmaqdır. Eyni zamanda, tədbir Cəbrayılın sakinlərinin sağlamlığının qorunmasında dəstək və yardım göstərməsi, habelə ağciyər sağlamlığının əsas aspektləri və profilaktik tədbirlər haqqında maarifləndirmə məqsədini daşıyır” deyə bildirilir.
Həmçinin, tədbirdə yerli əhaliyə ağciyər xəstəlikləri və profilaktikası haqqında faydalı məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, SN tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.