BAYRAQDAR MEDİA – Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun rəhbərliyi arasında görüş keçirilib.
Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.
Bildirilib ki, görüşdə İnstitutun rektoru, Prof. Nodirbek Sayfullayev gələcək əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, Azərbaycan xalqına və mədəniyyətinə hörmətin sonsuz olduğunu və bu əməkdaşlığın iki xalqın min illərdir mövcud olan mədəni əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəyini qeyd edib. Eyni zamanda, o, qonaqları İnstitutun tarixi, elmi və yaradıcılıq potensialı, bu gün həyata keçirilən tədris-yaradıcılıq prosesləri, elmi istiqamətdə dəyişikliklər, bütövlükdə İnstitutun həyatı ilə ətraflı tanış edib.
Mərkəzin direktoru Akif Marifli Azərbaycanda özbək mədəniyyətinə və incəsənətinə böyük maraq olduğunu qeyd edərək, rəhbərlik etdiyi qurumun bugünkü fəaliyyətinin iki xalqın mədəni əməkdaşlığının daha da möhkəmləndirilməsinə və bir çox mədəni layihələrin birgə həyata keçirilməsinə yönəldiyini vurğulayıb. O, bildirib ki, son illər iki dövlət başçısının səyləri nəticəsində Azərbaycan və Özbəkistanın bütün istiqamətlərdə əməkdaşlığı yüksək səviyyədə davam edir, mədəni əməkdaşlıq isə minillik ənənələrə əsaslanaraq yeni səviyyəyə çıxır və bu sahədə çalışanlar üçün yeni imkanlar yaradır.
Sonda birgə konsert proqramlarının, dəyirmi masaların təşkili, təşkil olunan tədbirlərdə əməkdaşların qarşılıqlı iştirakının təmin edilməsi, İnstitut tələbələri tərəfindən müasir Azərbaycan dramaturgiyası nümunələrinin səhnələşdirilməsi, habelə Azərbaycan klassiklərinin əsərlərinin İnstitutun səhnəsində nümayiş olunması, iki ölkənin tanınmış sənət adamlarının, xüsusən aktyorluq sahəsində tanınmış simaların qarşılıqlı ustad dərslərinin təşkili və digər məsələlər üzrə razılıq əldə olunub.
İlk şərhi yaza bilərsiniz