Press "Enter" to skip to content

“Mən şəhid olacağam” deyirdi…

Az yaşadı, amma Vətənə əvəzolunmaz xidmət göstərməyi bacardı
Şəbnəm TOFİQQIZI
Şəbnəm TOFİQQIZI

BAYRAQDAR MEDİA-nın media tərəfdaşı olduğu “Qarabağ həqiqətləri işğaldan Zəfərə qədər” adlı layihə çərçivəsində yazılarımız davam edir. Layihənin rəhbəri, yazıçı-araşdırmaçı-ssenarist Şəbnəm Tofiqqızı bu dəfə 2023-cü ilin 19-20 sentyabrında Qarabağda gerçəkləşdirilmiş lokal antiterror əməliyyatı zamanı şəhid olmuş gənc əsgər Zeynal İsmiyevin ailə üzvlərini danışdırıb.

…Hər dəfə onlarla danışanda duyğusal və çətin anlar yaşayıram. Şəhid ata-anaları, bacı-qardaşları ilə danışmaq həm qurur vericidir, həm də kədərli. Onlar öz övladları-əzizləri haqqında danışanda qürur hissi keçirirəm. Qəhrəman oğulların ən əzizləri ilə danışdığım üçün.

…Bu dəfə şəhid İsmiyev Zeynal Mustafa oğlunun ailə üzvləri onun haqqında xatirələrini bölüşürlər…

Qarabağ həqiqətləri işğaldan Zəfərə qədər

Tanıtma

İsmiyev Zeynal Mustafa oğlu 2005-ci il iyulun 2-də Lənkəran şəhərində dünyaya göz açıb. O, Bakının Hövsan qəsəbəsindəki 280 saylı məktəbdə 5-ci sinfə qədər oxuyub, sonra Köhnə Günəşli qəsəbəsindəki 263 saylı məktəbdə təhsilini davam etdirib və başa vurub.

2022-ci ilin oktyabr ayında Zeynal Bakı Biznes və Kooperasiya Kollecinin “Turizm işinin təşkili” şöbəsində 8 ay təhsil alıb, 2023-ci il iyul ayının 3-də isə hərbi xidmətə çağırılıb…

Zeynal iyulun 12-də hərbi xidmətə yola düşüb. O, xidmətini öncə Gəncədə, sonra isə Xocavənddə çəkib. Şəhidlik zirvəsinə də 2023-cü il sentyabr ayının 19-da – erməni bölücüləri və terrorçularına qarşı lokal antiterror əməliyyatı zamanı ucalıb qəhrəmanımız.

Şəhidimizin atası Mustafa, anası Vüsalə və bacısı Səbrin bu ağır xəbəri sentyabrın 20-də alıb….

Zeynal Bakının Suraxanı rayonundakı Dədə Qorqud Şəhidlər Xiyabanında dəfn edilib. İgid oğulun dövlət qarşısındakı xidmətləri ən yüksək səviyyədə dəyərləndirilib. O, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

Kədərli, lakin qürurlu ana

Şəhidin anası Vüsalə xanım Zeynal haqqında deyir: “Zeynalım mənim ilk övladım idi. Dünyaya gələndə o qədər xoşbəxt idim ki, oğlum olub. Oğlan uşaqlarını çox sevirdim. Zeynal çox çətinliklə dünyaya göz açmışdı. Doğulduqdan düz 20 dəqiqə sonra həyata tutunmuşdu. Mən onu hər zaman qoruyurdum. Çünki bir dəfə itirmək qorxusu yaşamışdım. Zeynalım çox ağıllı, tərbiyəli, mehriban, böyüyə hörmət edən, uşaqla uşaq, böyüklə böyük idi. Hər kəsin sevimlisi idi o. Zeynalımla dost idim, hər bir sözümüzü, sirrimizi birlikdə bölüşürdük. Günlər, aylar keçdi, Zeynalım böyüdü, məktəbə getdi, məktəbdə müəllimlərinin sevimlisi oldu. O, tərbiyəli, sakit bir uşaq kimi xatirələrdə qalıb”.

Ana daha sonra sözünə davam edir: “5-ci sinifdə oxuyanda bir dəfə dərsdən evə gəldi, dedi ki, “ana, mən şəhid olacağam”. Onda mən donub qalmışdım. “Ana sənə qurban, elə demə, ananın ürəyinə xal salma, mən sənsiz yaşaya bilmərəm” demişdim cavabımda. Aylar, illər keçdi, Zeynal balam böyüyüb məktəbi bitirdi, Bakı Biznes Kooperasiya Kollecinə qəbul olundu. Düz 8 ay tələbəlik həyatı yaşadı balam. Elə orada oxuduğu müddətdə müəllimlərinin, tələbə yoldaşlarının sevimlisinə çevrilmişdi. Tələbə olanda da şəhidlik yadından çıxmırdı. Bütün qrup yoldaşlarına, tanış olduğu dostlarına, “mən əsgər gedib şəhid olacağam” deyirmiş”.

“İyul ayının 2-də Zeynalın ad gününü keçirdik evdə. Öz ailəmiz, sevdiklərimiz ilə birlikdə. Söz verdik ki, sağ-salamat gedib gəldikdən sonra onun üçün daha böyük ad günü keçirəcəyik. Bir gün sonra – iyulun 3-də Zeynalımızı əsgər yola salmağa getdik. Gülə-gülə getdi əsgərliyə. Avqustun 13-də and içmə mərasimi üçün Gəncə şəhərinə getdik. Mən gözü yaşlı balamı qarşılayıb, qucaqlayıb öpdüm. İlk dəfə idi ki, 18 yaşında Zeynalımı belə ağlayan görürdüm. Heç vaxt balamı belə görməmişdim. Bəlkə də hiss etmişdi ki, son görüşümüz olacaq; onun üçün ağlayırdı. Dedim, “niyə ağlayırsan?” “Ana, darıxmışam”, – deyə cavab verdi. Hər şey gözəl idi. Həftədə iki dəfə danışırdıq. Sentyabrın 5-də atası ilə danışıb ki, bəs Cəbrayıldayam, oradan da Xocavəndə gedəcəyəm. Mənim bundan xəbərim olmamışdı. Çox narahat idim. Yalnız sonra bəlli oldu ki, 16 sentyabrda onunla son dəfə danışmışıqmış” deyir gözüyaşlı, lakin qürurlu şəhid anası.

Ana daha sonra davam edir: “Son danışığımızda da Zeynalım bizə heç bir söz deməmişdi. Hər şey yaxşıdır deyirdi. Bir az pul istəmişdi, biz də göndərmişdik. Beləcə son danışığımız olmuşdu, son sözündə də, “ana, mənim telefon nömrəm bağlanmasın” demişdi… 19 sentyabrda səhər işdə idim. Xəbər saytlarında 8 polisin Xocavənd rayonunda şəhid olduğunu gördüm və həyəcanla həyat yoldaşıma – Zeynalın atasına zəng etdim ki, müharibə başlayıb. Həmin gün biz heç kimdən xəbər ala bilmədik. Sentyabrın 20-si saat 17.00-da yoldaşıma zəng gəlib ki, oğlunuz yaralanıb. “Hərbi komissarlığa gəlin”, deyə bizi çağırdılar və biz həmin gün Zeynal balamızın şəhid olduğunu öyrəndik…”

Balasının şəhid xəbərini aldıqdan sonra keçirdiyi hissləri də Vüsalə xanım bizimlə bölüşür: “Hər bir ata-ana üçün çətin də olsa, belə şərəfli ölüm hər kəsə nəsib olmur. Bu, mənim balamın ən böyük arzusu idi. Anası olaraq mənim üçün çox ağır, çətin dərddir övlad dərdi… Övladını istəyirsən, yanında yoxdur… Bir təsəllim var ki, şəhiddir, canını Vətən üçün fəda edib, xatirəsi əbədi yaşayacaq… Balam adını tarixlərə yazıb… Ən gənc yaşında əsgər gedib cəmi 58 gün sonra şəhid kimi qayıdan balam İSMİYEV ZEYNAL MUSTAFA OĞLU”.

Oğlum mənim dostum idi…

Atası Mustafa da Zeynal haqqında qürurla danışır: ”Oğlum Zeynal haqqında nəsə demək mənim üçün çətin olsa da bir o qədər də qürur vericidir. Onun haqqında çox söz deyə bilərəm. Mənim oğlum ilk övlad payımız idi… Məni ata edən ilk balam idi o… Onunla ortaq xatirələrim çoxdur… Oğlum mənim ən yaxın dostum idi… Hər yerə birlikdə gedərdik. Bir-birimizdən məsləhət alardıq… Yaşının az olmağına baxmayaraq gözəl məsləhətlər verərdi mənə… Şəhid olmaq Zeynalımın ən böyük arzusu idi və o, öz arzusuna çatdı… Çətindir övladsız, oğulsuz qalmaq. Çünki tək arxa-dayağım bir oğlum vardı, Vətənə, torpağa qurban getdi… Bizim də arzularımız ürəyimizdə qaldı… Şərəfli ölüm hər kəsə nəsib olmur. Mənim balamın 18 yaşı vardı. Belə gənc yaşında arzuları, xəyalları puç oldu. Nə deyə bilərəm? Allah sevib-seçdiyi bəndəsini cənnətinə aparır. Zeynalım da Allahın sevdiyi bəndəsi oldu… Bizə isə səbir edib güclü olmaq qalır. Yaşadığım müddətdə şəhid balamın adını hər zaman yaşadacağıq. Nə qədər ki, varıq, şəhidimizi unudulmağa qoymayacağıq. Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin. Zeynalım, sən hər zaman atanın qəlbində yaşayacaqsan”.

Ata-anası şəhid Zeynalı belə xatırlayır. Gələcək nəsillər də onu tarix yazan qəhrəman əsgər kimi daim xatirələrdə yaşadacaq…

Dalaşardıq, barışardıq…

Qardaş itkisi ilə qəlbi dağlanan Səbrin bacısı da Zeynalla bağlı düşüncələrini bölüşür: “Zeynalla birlikdə çox gözəl xatirələrimiz var. Hər bacı-qardaş kimi biz də dalaşardıq, barışardıq. Bunlar normal şeylərdir… Amma Zeynal mənə başqa cür doğma olub. Onu hər şeydən və hər kəsdən daha çox istəmişəm… O, hər zaman mənə deyərdi ki, “Səbrin, mən əsgər gedəndə şəhid olub gələcəyəm”… Mən isə cavabında, “Allah eləməsin, Zeynal, sənə nəsə olsa, mən necə yaşayaram” deyərdim… Yaşı az olsa da Zeynal qardaşım çox ciddi, ağır təbiətli insan idi. Amma bu tərəfini mənə göstərmirdi… Birlikdə, bərabər iki uşaq kimi oynayıb əylənərdik hər zaman. Zeynalım arzusuna çatdı… Ən böyük ucalığa – şəhidlik zirvəsinə yüksəldi o. Sadəcə mənim onunla birlikdə qurduğum xəyallarım yarımçıq qaldı… Şəhid olduğunu eşitdiyim gün, sanki dünyam başıma yıxıldı. İnanmadım, hələ də inanmıram. Məkanın cənnətdir, qardaşım, ruhun şad olsun. Cənnətdə görüşmək diləyi ilə…”

Bir möhtəşəm ailənin acı, həm də qürurverici xatirələrini bölüşdük. Onların xatirələri də bir tarixdir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş bütün şəhidlərimizə Uca Tanrıdan rəhmət, yaxınlarına səbir, qazilərimizə isə şəfa diləyirik.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.